Hökumətin yeni qərarı ərzaq qiymətlərinə necə təsir edəcək? – TƏHLİL

Cəmiyyət

Nazirlər kabineti minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ixracının tənzimlənməsinə dair tədbirlər haqqında qərar qəbul edib.

Belə ki, Nazirlər Kabinetinin qərarı ilə 2022-ci ilin 31 dekabr tarixinə qədər müəyyən edilən siyahı üzrə ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçiriləcək.

İqtisadiyyat Nazirliyi rəyi təqdim edərkən ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnozu əsas götürülməklə qərar verəcək. Müsbət rəy müraciətlə əhatə olunan mal partiyasının həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə alınmaqla, eləcə də, həmin malların gömrük ərazisindən aparılmasının yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim ediləcək.

Müraciətlərə təqdim olunduğu gündən 5 iş günü müddətində baxılacaq və məhsulların ixracı müsbət rəy məktubu əsasında həyata keçiriləcək.

Hökumət tərəfindən bu qərarın verilməsində əsas məqsəd daxili bazarın qorunması, ərzaq təchizatının gücləndirilməsidir. Hazırda ölkədə ərzaq qıtlığı ilə bağlı narahatlıqlar olmasa da, qlobal miqyasda siyasi gərginliyin ərzaq məhsullarının təchizatı ilə bağlı yaratdığı problemləri nəzərə aldıqda mövcud qərar qabaqlayıcı tədbir kimi dəyərləndirilə bilər.

Bir sıra dövlətlərin istehsalı daha çox daxili bazara yönəltməklə bağlı qərarları nəzərə alsaq, bu cəhətdən ölkəmizdə də sahibkarlar yerli bazarda yüksək tələb görən məhsulları daxildə ticarət edəcəklər. Hazırda qlobal miqyasda güclü inflyasiya, ərzaq məhsullarının qiymətinin artığını nəzərə alsaq, qərar strateji məhsullarla bağlı idxaldan asılılığı da müəyyən qədər azaldacaq. Bu digər tərəfdən Azərbaycanın idxal inflyasiyasından təsirlənməsinin də qarşısnı alacaq. 

Çünki, digər dövlətlərdə gedən güclü inflyasi nəticəsində idxal məhsullarının ölkəmizdə də bahalaşdığını müşahidə edirik. Qərar digər tərəfdəm qiymətlələrin də artmasının qarşısını müəyyən dərəcədə almaqla qlobal inflyasiya tətsirlərini azaldacaq. Yəni, ölkə daxilində ərzaq qiymətlərinin optimallaşdırılması ilə nəticələnəcək.

Hazırda Rusiya-Ukrayna münaqişəsi fonunda dünyanın ən iri ərzaq tədarükçülərindən olan Rusiyaya qarşı tətbiq edilən sanksiyaların dünya üzrə ərzaq təchizatında problemlərə yol açacağı gözlənilir. Artıq Avropa və Qərb ölkələri qıtlıq və qiymətlərdə maksimum artımla bağlı anonslar verir.

Proqnozlar göstərir ki, iqlim dəyişiklikləri ilə yanaşı geosiyasi proseslər dünya bazarlarında əsas ərzaq məhsullarının qiymətlərində özünü göstərəcək. Artıq qonşu ölkələrin bazarlarında məhsulların logistika-təchizat zəncirində problemlər yaranmaqdadır. Eynilə, taxıl böhranı ilə əlaqədar bir sıra ölkələr müxtəlif qərarlarla məhsulun daxili bazara yönləndirilməsinə nail olmağa çalışdılarsa hazırda ərzaq məhsulları ilə bağlı da müvafiq vasitələr seçilə bilər. 

Çünki, daxili bazarda daha çox tələb olunan məhsulların yerli istehlakçılara təqdim olunması zəruri qida məhsulları ilə bağlı qıtlığın olmayacağına təminat verir.

Nazirlər Kabinetinin qərarı həm ölkə daxilində daha çox tələb olunan məhsulların yerli istehsalçılar tərəfindən qarşılanmasına, həm də idxal inflyasiyasının təsirlərinin azaldılmasına və ərzaq qiymətlərinin artmasının qarşısını almağa yönəlib.

Digər tərəfdən bu qərar məhsulların ixracını qadağan etməyəcək. Sadəcə zəruri qida məhsullarının ixracına nəzarət yaradılacaq ki, ehtiyac olduğu təqdirdə lazımlı qabaqlayıcı tədbirlər həyata keçirlə bilsin. Yəni, İqtisadiyyat Nazirliyi zəruri hesab etdiyi şərtlər əsasında ixraca icazə verəcək.

Qeyd edək ki, ixracı müvəqqəti olaraq təmzimlənəcək məhsullar əsasən xırda buynuzlu və diri iribuynuzlu mal-qara, ət məhsulları, süd, süddən hazırlanmış yağlar, qaymaq, kərə yağları, zeytun və bir sıra bitki yağları, dənli bitkilər, kartof, zeytun yağı və s. əhatə edəcək. 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.