Əsl dostlar xromosom saymaz: “Günəşin övladları” gününüz mübarək – FOTOREPORTAJ

Cəmiyyət

Bəzən küçədə sağlamlıq imkanları məhdud olan uşaqlar gördükdə qeyri-ixtiyari çevrilib onlara bir neçə dəfə baxırıq. Şübhəsiz oxucular da mənimlə razılaşar ki, bu baxışların böyük əksəriyyəti o uşaqları narahat edəcək tərzdə olur. Etiraf edək ki, cəmiyyət olaraq biz hələ də emosiyalarımızı idarə etməyi yaxşı bacarmırıq.

Əslində isə o insanlara üzülmək yox, bizlərdən biri kimi yanaşmaq lazımdır. Onlar da sizin kimi, mənim kimi insandır və mümkündür ki, cəmiyyətdə hər şeyi eyni dərəcədə, mükəmməl yerinə yetirə bilmirlər. Biz mükəmməlikmi? Əlbəttə ki, xeyr.

Bu gün aramızda həyat eşqi ilə dolub-daşan, hər zaman uşaq kimi qalan Daun sindromlu uşaqlardan danışacağıq. Badam gözlü, gülüşün ən çox yaraşdığı mələklərdən… Tez-tez sağlamlıq imkanları məhdud uşaqlar üçün bir sıra sosial layihələrin keçirildiyini eşidirik.

Bu həmin sağlamlıq imkanları məhdud olan uşaqların yaşadığı dünyaya bir günlük belə olsa səyahət etməyimizə, onların düşüncələrini, hekayələrini öyrənmək üçün bir şansdır. Qarşımızdakı insanı başa düşmək üçün mütləq şəkildə empatiya qurmağı bacarmaq lazımdır.

Daun xəstəlik deyil, bu bir sindromdur. Necə deyərlər onlar bizdən bir xromosom daha çox olması ilə fərqlənirlər. Adətən Daun sindromlu insanlara “Günəşin uşaqları” deyirlər. Bəzən o uşaqların valideynlərinə içdən-içə üzülürük. Lakin, nahaq yerə, çünki o valideynlər belə fərqli, səmimi övladları olduğu üçün xoşbəxtdirlər. O ataların, anaların iradəsinə, uşaqları üçün var gücləri ilə çalışmaqlarına, hər şeyə, hər kəsə rəğmən mübarizədən əl çəkməmələrinə heyran olmamaq əldə deyil.

Oxu.Az-ın əməkdaşları bu gün Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindədir. Bu mərkəzdə öz istedadları ilə hər kəsi sevindirən, bir-birindən öyrənən və bir-birini öyrədən nə qədər gül balalar var. Sözügedən mərkəz “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərir. Burada uşaqlara rəsm, musiqi, rəqs dərsləri və s. keçirilir.

Mərkəzin binasının kənardan maraqlı görünüşü insanı cəlb edir. İçəri daxil olan kimi foyedə qoyulan piano diqqətimizi çəkir. Deyəsən uşaqların da ən çox sevdiyi məşğuliyyət elə oxuyub, oynamaqdır.

Səkkiz ildir bu müəssisənin həkim-pediatrı kimi fəaliyyət göstərən Könül Süleymanova deyir ki, uşaqlar reabilitasiya mərkəzinə qəbul edilməzdən əvvəl yoxlamalardan keçirilir:

“Hazırda mərkəzdə 400-dən çox uşaq qeydiyyatdan keçib. Pandemiya ilə əlaqədar olaraq uşaqların davamiyyəti mütəmadi olmasa da, dərslərə qatılan uşaqların sayı da az deyil. Belə ki, pandemiyadan əvvəl həftənin beş günü dərslər keçirilirdisə, indi həftənin yalnız iki günü uşaqlar növbəli şəkildə reabilitasiya proseslərinə cəlb edilir. Pandemiya dövründə yalnız onlayn qaydada fəaliyyət göstərdik. Pedaqoqlarımız, psixoloqlarımız, həkim-terapevt olaraq mən özüm də valideynlərin qarşılaşdığı çətinliklərdə onlara kömək etməyə çalışırıq.

Təəssüf ki, pandemiya bir çox çətinliklər yaradırdı, amma əlimizdən gələni etməyə çalışdıq. Artıq yavaş-yavaş əvvəlki qaydada dərslərin keçirilməsinə başlamışıq.

İkinövbəli sistem tətbiq edilir. Birinci növbə beş yaşından 10 yaşına qədər olan Daun sindromlu uşaqlar, ikinci növbə isə 10 yaşından yuxarı Daun sindromlu uşaqların dərsləri keçirilir. Yuxarı yaş həddinə limit qoyulmayıb. Kifayət qədər yaşlı, 40-44 yaşlı Daun sindromlu insanlar da var ki, bəzən müəssisəmizə üz tuturlar. Bəzən keçirilən tədbirlərimizə qatılıb, iştirak edirlər”.

Həkim terapevt deyir ki, pandemiya dövründən sonra hər kəsdə bir dəyişiklik, aqressiya müşahidə edilir, Daun sindromlu uşaqlarda bu bir qədər kəskin formada özünü büruzə verir:

“Uşaqlar cəmiyyətdə olmalıdırlar. Amma hər kəs kimi biz də Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq dövrlər üçün tətbiq etdiyi qaydalara əməl etməli idik. Uşaqlarımız arasında bu prosesləri yüngül keçirənlər də oldu, kəskin aqressiv formada keçirənlər də. Özünə qapanan uşaqlarımızla işlər apardıq. 1-2 ay ərzində aparılan reabilitasiya ilə onları həmin vəziyyətdən çıxardıq.

Psixoloqlarımız fərqli metodlardan istifadə edirlər. Uşaqlar müxtəlifdir deyə, onlarla işləmək prosesi də individual olaraq dəyişir. Daim dünya praktikasını izləyirik, yenilikləri müəssisəmizdəki uşaqlara da tətbiq edirik və effektivliyini görürük”.

Pandemiya dövründə Daun sindromlu iki uşaq həyatını itirib…

Həkim bütün qabaqlayıcı tədbirlərə, qorunmalara rəğmən müəssisədən kənarda uşaqlar arasında koronavirusa yoluxanların olduğunu deyir:

“Onlayn fəaliyyət dövründə təəssüf ki, aldığımız məlumatlar bizi üzdü. İki Daun sindromlu uşağımız koronavirusa yoluxdu və xəstəliyi çox ağır, reanimasiya şəraitində keçirdilər. Həkimlər əllərindən gələni etsələr də, onları xilas etmək mümkün olmadı. Təxminən 10-a yaxın uşaq virusa yoluxdu və onlar müalicə nəticəsində sağaldılar”.

Cəmiyyət olaraq bu gün Daun sindromlu, Autizm sindromlu uşaqlara münasibət nisbətən dəyişib. Artıq əvvəlki kimi onları cəmiyyətdən ayıran nəzərlərlə baxmırıq. Çox istərdim ki, bu tendensiya artsın. Biz onları özümüzdən biri kimi bilməliyik və onların bizim yanımızda özlərini rahat hiss etmələri üçün çalışmalıyıq.

Mərkəz bir sıra qurumlarla əməkdaşlıq çərçivəsində Daun sindromlu uşaqların özlərinin iş fəaliyyətini müxtəlif sektorlarda yoxlamalarına şərait yaradır. Bu çox sevindirici haldır. Sosial layihələr var ki, uşaqlarımız özlərini sınayırlar. Hətta yerli filmlərdən birində Daun sindromlu qıza kiçik bir rol da verilib.

Uşaqların üzündə yaranan kiçik bir gülüş nəyə desəniz dəyər. Odur ki, onların daim gülməsi, özlərini yaxşı hiss etmələri üçün birgə çalışaq. Necə deyərlər, əsl dostlar xromosom saymaz.

21 mart Ümumdünya Daun Sindromlu İnsanlar Günüdür. Gününüz mübarək.

Qeyd edək ki, Daun sindromu 21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) nəticəsində yaranan xəstəlikdir. Sindrom 1866-cı ildə aşkar edilib. İngilis həkimi Con Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib.Bu xəstəlik onu kəşf edən alimin şərəfinə “Daun sindromu” adını alıb. Daun irsi xəstəlikdir və xəstəlik uşağa yalnız anadan keçir. 

Könül Cəfərli
FOTO: Firudin Səlimov

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir