Avtoxuliqanlıq edib polislərin üzərinə bıçaq çəkdi, həbs olundu

Cəmiyyət

İsmayıllıda sürücü ilə onu saxlayan polislər arasında insident olub. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə bir neçə gün öncə şəhər ərazisində baş verib.

Xidməti vəzifəsini yerinə yetirən yol patrul xidmətinin əməkdaşları VAZ-21011 markalı, dövlət qeydiyyat nişanları olmayan avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətləri etdiyini görüblər. Onlar maşının sürücüsü E.Qurbanova “saxla” əmri verərək dayandırıblar, onu polis şöbəsinə dəvət ediblər. Lakin sürücü buna etiraz etdiyindən aralarında mübahisə yaranıb.

Daha sonra E.Qurbanov avtomobildən düşərək polis əməkdaşlarının üzərinə bıçaq çıxarıb. Bundan sonra yanındakı sərnişin onu sakitləşdirib və onlar avtomobilə əyləşərək ərazidən uzaqlaşıblar.

Hadisədən bir neçə gün sonra yeri müəyyən edilən E.Qurbanov polis şöbəsinə gətirilib və barəsində inzibati xəta haqqında protokol tərtib edilib. O, izahatında göstərib ki, protokolla razı deyil: “Avtomobillə hərəkətdə olarkən polis əməkdaşları “saxla” işarəsi verdilər. Avtomobili saxladım və məni polis şöbəsinə dəvət etdilər. Mən onlara məhəl qoymadan hərəkətə davam etdim. Barəmdə tərtib olunmuş protokolla razı deyiləm. Belə ki, həmin vaxt avtomobili yüksək sürətlə idarə etsəm də, heç bir inzibati xəta törətməmişəm. Polis əməkdaşlarının üzərinə bıçaq çıxartmamışam və avtomobili onların üzərinə sürməmişəm. Həyətdə işləyən zaman polislər gəlib məni şöbəyə apardı”.

İnzibati Xəta haqqında protokol İsmayıllı Rayon Məhkəməsində araşdırılıb. Məhkəmə E.Qurbanovun İXM-nin 535.1-ci maddəsi ilə (Polisin qanuni əmrinə tabe olmama) təqsirli bilinib, 25 gün müddətində inzibati həbs edilməsinə qərar verib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir