Azərbaycan alternativ enerji istehsalını artıracaq: Avropaya elektrik veriləcək – TƏHLİL

Cəmiyyət

Azərbaycan regionun ən əhəmiyyətli enerji təminatçısıdır. Enerji məhsullarının ixracı ilə ölkəyə böyük həcmdə valyuta daxil olur.

Son 10 il ərzində ölkədə “yaşıl enerji” mənbələrinə investisiyaların həcmində artım müşahidə edilir. Ölkəmizdə alternativ enerjiyə keçid artıq planlamadan tətbiqetmə mərhələsinə daxil olub. 2013-2019-cu illərdə təkcə külək enerjisinin istehsalının 131 dəfə, günəş enerjisi istehsalının isə 55 dəfə artması bunun sübutudur.

Ötən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib və bunun 1,6 milyard kilovat/saatı ixraca yönləndirilib. Bu, rekord göstərici hesab olunur və alternativ enerji mənbələrinə edilən investisiyalar nəticəsində mümkün olub.

2030-cu ilədək Azərbaycanın elektrik enerjisi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması nəzərdə tutulub. Yeni günəş və külək elektrik stansiyaları vasitəsi ilə 1 500 meqavat (MVT) gücün yaradılması mümkündür.

Son hesablamalara görə, Azərbaycanın bərpa olunan enerji mənbələrinin potensialı 27 000 meqavatdır, külək enerjisi üzrə 3 000 meqavat, Günəş enerjisi üzrə 23 000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

Azərbaycanda xarici investorlar üçün əlverişli şərait yaradılıb

Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub və bu sərmayələr enerji sektorunda yeni işlərə təkan verib. Hazırda isə investisiyaların qeyri-neft sektoruna, xüsusilə də alternativ enerji mənbələrə yönləndirilməsi əsas prioritetə çevrilib. Ölkəmiz demək olar ki, artıq məqsədinə nail olur.

Bu il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, martın 15-də isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

İlkin mərhələdə “Acwa Power” şirkəti ilə 240 MVT gücündə külək elektrik parkı, “Masdar” şirkəti ilə 230 MVT gücündə günəş elektrik stansiyası işə düşəcək. 

Qarabağın böyük enerji potensialı var

Qarabağda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Bu gün işğaldan azad edilmiş ərazilərdə həm su ehtiyatlarımızı artıracaq mənbələr, həm də alternativ enerji istehsalı üçün uyğun iqlim şəraiti var. Növbəti dövrdə Qarabağda nəhəng enerji layihələrinin sayının artdığını görəcəyik.

Hazırda bp şirkəti ilə Zəngilan-Cəbrayıl zonasında 240 MVT gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparılır. Bu da alternativ enerjinin istehsalında iddialı layihələrdən biri ola bilər. Digər böyük şirkətlər də bölgəyə maraq göstərirlər. Yaxın zamanda regionda yeni layihələrin icrası gözlənilir.

Növbəti dövrdə Cəbrayılda və Naxçıvanda 330 kV-luq yeni yarımstansiyanın tikilməsi, Zəngəzur dəhlizindən keçməklə Naxçıvana 330 kV-luq xəttin çəkilməsi və Kəlbəcərdə beş yerdə kiçik su elektrik stansiyasının yenidən qurulmasına başlanılacaq. Bu layihənin icrası ilə Xudafərin və Qız qalası layihələri ilə yanaşı Naxçıvanın ölkənin ümumi enerji sistemi ilə əlaqələndirilməsi təmin ediləcək.

Eləcə də, Naxçıvandan Türkiyə və Avropaya elektrik enerjisi ixracının həyata keçirilməsi mümkündür. Bu istiqamətdə maraqlı layihələrdən biri Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi olacaq. Bununla da elektrik enerjisinin Avropaya ixracı üçün yeni bir xəttimiz olacaq.

Artan daxili tələbatın qarşılanması üçün nəhəng layihələr icra edilir

Ötən dövrdə gücü 750 meqavat olan “Yaşma” yarımstansiyasının istifadəyə verilməsi və 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının açılması enerji dayanıqlılığına xidmət göstərəcək. Xüsusilə də, “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir.

Daxili tələbatı dəstəkləmək üçün işğaldan azad edilən ərazilərdə də “yaşıl enerji” üçün potensial mənbələr axtarılır və bu istiqamətdə mühüm nəticələrin əldə edilməsi gözlənilir. Stansiyaların yenidən qurulmasına ötən ildən başlanılıb və bu işlər cari ildə də davam etdiriləcək. Bu il beş su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir