Cəmiyyəti bir qəbzə görə də maarifləndirmək lazımdır? – FOTO

Cəmiyyət

Sanki terminalların yanına “lazımsız qəbzləri zibil qutusuna atın” xəbərdarlığını edən lövhə qoyulmasa, insanlar nə etməli olduqlarını bilməyəcəklər. Məsuliyyəti anlamaq üçün həmişə yolgöstərici nişan olmalıdır məgər? Və həqiqətənmi, cəmiyyəti bir qəbzə görə də maarifləndirmək lazımdır?

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

Əhalinin rahatlığının təmin edilməsi məqsədi ilə yaşayış məntəqələrinin yaxınlığında, marketlərdə, iri ticarət mərkəzlərində ödəmə terminalları quraşdırılıb. Rahatlıq təmin edilir, lakin terminalın ətrafında yaranan mənzərə ürəkaçan deyil. Məlumdur ki, terminal ödənişi təsdiq edən qəbz verir. Qəbzlərin zibil qutusuna deyil, yerə atılması nəticəsində aparatların ətrafında “qəbz təpəcikləri” yaranır. Belə mənzərənin yaranmasının bir səbəbi insanların səhlənkar davranışıdırsa, digəri isə aparatların yanında zibil qutularının olmamasıdır. Nəticədə, ətrafın çirkləndirilməsi ilə yanaşı, təmizlik işini görənlərin də üzərinə ikiqat yük düşür. Bəs bu problemin həlli nədir? Kimdir müqəssir? Ödəmə terminalının rəhbərliyi, həmin əraziyə nəzarət edənlər, yoxsa qəbzləri yerə atan insanlar?

Ödəmə terminallarından birinin marketinq üzrə aparıcı mütəxəssisi Ayşən Həsənova “Kaspi”yə açıqlamasında bildirib ki, terminalların hər birinin yanına zibil qutusu qoyulur: “Artıq ödəmə terminallarının çoxu qapalı məkanlarda, əsasən, ticarət mərkəzlərindədir. Hər bir terminalın yanında qəbzlərin tullanması üçün zibil qutusu qoyulub. Biz bu səbəbləri də nəzərə alaraq, açıq məkanda ödəmə terminallarının yerləşdirilməsinə üstünlük vermirik. Çox az hallarda açıq məkanda terminal quraşdırırıq. Çalışırıq ki, böyük mağazalar şəbəkələrində ödəniş terminalları yerləşdirək, hansı ki, həmin yerlərdə gündəlik təmizləmə işləri aparılır, atılan qəbzlər yığışdırılır. Buna görə mağazalara icarə pulu da ödəyirik. Qəbzlərin yerə atılması, ətrafın çirkləndirilməsi kimi hallarla qarşılaşanda, dərhal bizə müraciət edə bilərsiniz. Biz də həmin əraziyə gedib problemin həll yolunu tapmağa çalışarıq”.

Sosial ekspert İlqar Hüseynli ətrafın çirkləndirilməsi probleminin əvvəlki illərlə müqayisədə yaxşılığa doğru xeyli dəyişdiyini bildirir: “Etiraf etmək lazımdır ki, Bakı şəhərinin əksər yerlərində, prospektlərdə şəhər təsərrüfatının idarə olunmasında ətrafın çirkləndirilməsi problemi əvvəlki illərlə müqayisədə yaxşıya doğru dəyişib. Ödəmə terminalları insanlara xidmət etmək üçün quraşdırılır. Hər terminalın yanında zibil qutusu qoyaraq, insanlara normadan artıq şans vermiş oluruq. Çünki hər terminalın yanına zibil qutusu qoyulsa, bunun özü də zibillik yaradır, estetik görüntünü korlayır”.

Həmsöhbətimiz “qəbz təpəcikləri”nin yaranmasında günahı vətəndaşlarda görür: “Qəbz hər bir insana lazımdır. Elə bir problem yaranar ki, qəbzsiz həll edə bilməzsiniz. Qəbz, ödəməni təsdiq edən sənəddir. İnsanlar ödəmə terminallarından istifadə etdikdən sonra zəhmət çəkib qəbzləri özləri ilə götürməlidirlər”.

 İlqar Hüseynli deyir ki, bununla bağlı vətəndaşlar maarifləndirilməlidir: “Qəbz götürülməlidir, qəbz yerə tullamaq üçün deyil. Terminalın yanında hər hansı lövhə qoyula bilər ki, insanlar oxusunlar və bilsinlər ki, qəbzləri yerə atmayıb, özləri ilə götürməlidirlər”.

Elə nəticə çıxır ki, insanlar qəbzləri yerə yox, zibil qutusuna atmağa ərinirlər. Sanki terminalların yanına “lazımsız qəbzləri zibil qutusuna atın” xəbərdarlığını edən lövhə qoyulmasa, insanlar nə etməli olduqlarını bilməyəcəklər. Məsuliyyəti anlamaq üçün həmişə yolgöstərici nişan olmalıdır məgər?  Və həqiqətənmi, cəmiyyəti bir qəbzə görə də maarifləndirmək lazımdır?

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir