Türkiyədə yaşayan məşhur həkim: “Travmatoloqlar sınığı sağaltmırlar” – MÜSAHİBƏ

Cəmiyyət

“Bir sınığın taleyi sındığı an yazılır” deyirlər. O, bu taleyi dəyişmək, yenidən yazmaq üçün çalışır. Əməliyyata girərkən həmişə A, B, C planları olur. Xəstəsi üçün əlindən gələni edir, şəfanı Allahdan diləyir. Müsahibimiz Türkiyədə çalışan ortopediya və travmatologiya mütəxəssisi, uzman həkim İdrak Məmmədovdur.

Kaspi qəzetinin İdrak Məmmədovla olan müsahibəsini təqdim edirik:

– İdrak həkim, sizin sahədə ən böyük problemlərdən biri ara həkimlərin mövcudluğudur. Onların xəstəyə müdaxiləsi ciddi problem yarada bilərmi?

–  Sınıqçı, çıxıqçı, qırıqçı kimi ara həkimlərlə sıx-sıx qarşılaşmasaq da, bizim sahədə ciddi problemdir. Bununla bağlı xatırladığımda, həm güldüyüm, həm də üzüldüyüm hadisələr var. Bir gün valideyn dedi ki, həkim, zəhmət olmasa, uşağa baxın və mənə deyin ki, bunu sınıqçıya aparım, yoxsa siz müalicə edə bilərsiniz? Uşağın vəziyyəti ciddi idi və biz onu əməliyyat etdik. Digər pasiyentim isə mənə zəng etmişdi ki, dünən uşağımın qolu zədələnib, sınıqçıya apardım. Üzərinə yumurta qoydu və bu gün yumurtanı açdıq. Yenidən yumurta qoyaq, yoxsa yox? Bunları eşitmək dəhşətli idi. Əlbəttə, sınıqçıya getmək fəsad yaradır. Xüsusilə də uşaqlarda dirsək və əl-bilək bölgəsində olan sınıqlarda ciddi problemlər yaranır. Dirsək bölgəsində olan sınıqlar çox mürəkkəb ola bilər. Bəzən əlimizdəki bütün imkanlarla belə, sınığı müəyyənləşdirə bilmək və müalicəsinə qərar verməkdə çətinlik çəkirik. Sümük sındığı anda taleyini yazır. Biz bütün imkanlarımızla bu taleyi dəyişməyə çalışırıq. Sınıqçı bunu necə edə bilər? Təəssüf ki, yüksək təhsil alanların da sınıqçıya getdiyini görürəm.

– Bəs səbəb nədir?  Bəzi insanlar nə üçün həkim-travmatoloq, ortopedlərə yox, ara “həkimlərə”, sınıqçılara güvənir?

– Maarifsizlik, bilgisizlik və digər səbəbləri var. Bəzi bölgələrdə, kəndlərdə xüsusən də yaşlı nəsil arasında adət-ənənə şəklini alıb. Eyni zamanda maddi səbəbləri də var. Əslində, xəstənin durumunun ciddi olduğunu anlasalar, onu sınıqçıya aparmazlar. Çox vaxt vəziyyətin ciddi olmadığını və sınıqçının da əlçatan olduğunu düşündükləri üçün gedirlər.  Sınıqçılar da həmişə “xoşniyyətli” olur və hamını “sağaldır”. Heç kimi də ağırlıq dərəcəsinə görə geri qaytarmır. Bəzən isə insanlar həqiqəti eşitməkdən qorxduqları üçün sınıqçıya gedirlər. Xəstələr həkimdən hər şeyin yaxşı olacağını eşitmək istəyirlər. Sınıqçılar vəziyyəti böyütmür və həmişə müsbət cavab verir. Təəssüf ki, durumun ciddiyyətini anlamırlar və sonradan o xəstələr bizə müraciət edəndə onların müalicələri ya çətin olur, ya da mümkünsüz. İnsanlar anlamalıdır ki, sınıqçı müalicə etmir.
 
 Artıq çəkini sevən sümüklər, yoxsa sevməyən oynaqlar?
 
– Pandemiyadan qaynaqlanan hərəkətsizlik əksər insanlarda artıq çəki problemləri yaratdı. Artıq çəkinin digər orqanlara olan ziyanını bilirik. Bəs ortopediyada özünü necə göstərir?

– Piylənmə tibbi, sosial və psixoloji nöqteyi-nəzərdən dünyada ciddi problemdir. Tibbi baxımdan endokrinoloqlar və kardioloqları daha çox narahat edir. Bizim sahədə isə vəziyyət birmənalı deyil. Sümüklər digər orqanlardan fərqli olaraq kilonu, ağırlığı və hərəkəti sevir. Ağırlıq artdıqca, sümüklər möhkəmlənir, osteoporoz riski azalır. Lakin oynaqlar üçün kilo çox zərərlidir. Ümumi nəticədə biz ortopedlər də artıq çəkini sevmirik. Çünki kilonun oynaqlara vuracağı zərər sümüklərə verəcəyi faydadan daha çoxdur. Mən hər gün xəstələrimin ən azı yarısını, xüsusilə, diz və ayaq biləyində oynaq problemləri olanları diyetoloqa yönləndirirəm. Diz oynağı, qığırdaq problemlərinin ortaya çıxmasında yaşla bərabər, kilonun da rolu önəmlidir. Təəssüf ki, oynaq qığırdaqlarının zədələnməsinin geri dönüşü yoxdur. Qığırdağın sağalmaması ortopediyada ən başlıca problemdir.


 
“Ortopedistin nəticəsi analizindən və verdiyi qərardan asılıdır”
 
– İdrak bəy, “bir sınığın taleyi o anda yazılır” deyirsiniz. Bəs siz sınığın taleyini dəyişdirə bilirsiniz? Ortopediyada analitik düşüncə nə qədər rol oynayır?

– Ortopediya və travmatologiya geniş, standartlaşdırılması çətin olan ixtisasdır. Sümük, əzələ, oynaq, vətər, ətraflarda sinirlərin xəstəlikləri və travmaları, eyni zamanda, anadangəlmə və qazanılan qüsurlar ilə biz məşğul oluruq. Qarşılaşdığımız xəstəliklər də çoxşaxəlidir. Heç bir travma, sınıq digərinin eynisi deyil. Nəticədə, müalicə metodları da fərqli olur. Bəzən xəstənin sosial-mədəni statusu, yaşı, peşəsinə görə müalicə seçmək məcburiyyətindəyik. Bəzən isə xəstəyə tətbiq edəcəyimiz hər hansı cihaz və ya implant ölkədə olmur.  Bütün bunları ümumiləşdirsək, o anda ən doğru qərarı verə bilmək üçün analitik olmaq lazımdır. Xəstəliyi, xəstəni, öz bacarığını, nəzəri bilgilərini, təcrübəni, texnoloji imkanları, əlində olan materialları eyni anda analiz edib qərarı verməlisən. Bir ortopedistin nəticəsi ən çox onun analizindən və verdiyi qərardan asılıdır. Ortopediyada əməliyyata daxil olduğun zaman həmişə A, B, C planların olur. Bəzən əməliyyat edəcəyin bir xəstə ilə bağlı xəstənin özündən də çox düşünürsən. Amma xəstə bunu heç vaxt bilmir. Sınığın taleyi sındığı anda yazılsa da, sınığın və ya xəstəliyin taleyini dəyişməyə çalışır, çox vaxt buna nail oluruq.
 
 “Nə lazımdır edin” deyən, pozitiv olan, heç nəyə qarışmayan xəstələr…
 
– Bəs intuisiya? İntuisiyanızdan necə istifadə edirsiniz? Standart qaydalar, yoxsa həkimin intuisiyası?

– Bir çox cərrahı, həkimi düşündürən sualdır. 6-cı hiss mənim üçün önəmlidir. Təhsil aldığımız müddətdə standartları öyrənirik. Sonra isə öyrəndiyin standartların əsasında təcrübələrin formalaşır, möhkəmlənir. Tibdə tətbiq olunması uyğun görülən hər şey hüquq, etik və elmi normalar çərçivəsindədir. Mütəxəssis olaraq bizim də etdiyimiz  hər müdaxilə nəzəri biliklər çərçivəsində olmalıdır. İntuisiya isə fərqlidir. Elmi olaraq açıqlamaq olmur. Məsələn, bəzən narahat xəstələr olur. Belə xəstələr hər şeyin pis olacağını düşünürlər. Əgər bir xəstə məni bu fikirləri ilə çox narahat edərsə, tibbi olaraq məcbur olmadığım müddətcə o xəstənin müalicəsinə başlamaq istəmərəm. Yaxud müalicəyə başlamaq üçün neqativ düşüncələrinin dəyişməsini gözləyərəm. O xəstələrin nəticələrinin yaxşı olacağına inanmıram. Amma həkimə güvənən, “nə lazımdır edin” deyən, pozitiv olan, heç nəyə qarışmayan xəstələrin nəticələri əksər hallarda yaxşı olur. Təcili olmasa, gecələr, bayram günlərində, həftə sonlarında, xüsusilə də iş sonunda əməliyyat etmək istəmərəm. Gecə olan əməliyyatlarla gündüz olanların nəticələri arasında fərq olduğu sübut edilib.

“Travmatoloji xəstələr isti və günəşli günlərdə daha çoxdur”

– İdrak həkim, zədələrin mövsümü varmı? Ortopediya və travmatologiya sahəsində xəsarətlər qışda, yoxsa yayda daha çox olur?

 – Hərəkət artdığı vaxt travma, hərəkət sürəti artdığı vaxt isə travmanın ağırlığı, ciddiliyi artır. Mən əvvəllər düşünürdüm ki, qışda, yer buz olanda travmatoloji xəstələr çox olur. Amma heç də elə deyil. Travmatoloji xəstələr isti və günəşli günlərdə daha çox olur. Hava bir az günəşli olanda uşaqlar parka, insanlar çölə çıxır, hərəkət artır və bu da travmanın artmasına səbəb olur. Həyat hərəkətdir. Bizim də işimiz hərəkəti, həyatı bərpa etmək, ağrını ortadan qaldıraraq həyat keyfiyyətini artırmaqdan ibarətdir.

– Son dövrlərin daha çox rast gəlinən travmatoloji problemi nədir?

– Diz, oynaq xəstəlikləri son zamanlar daha çox rast gəlinir. Qlobal problemdir. Xəstələrə psixoloji təsir edən, həyat komfortunu azaldan xəstəliyə çevrilib. Gün ərzində qarşılaşdığımız xəstələrin əksəriyyəti diz oynağı problemləri ilə bağlı müraciət edir. Xüsusən, 45-50 yaş üzərində və kilolu xanımlarda bunları sıx-sıx görürük. Avtomobildən istifadənin artması, yemək vərdişlərimizin doğru olmaması və hərəkətliliyin az olması sözügedən problemləri yaradır.
 
“Açıqlaya bilmədiyimiz nəticələrlə qarşılaşırıq”
 
– “Qığırdaqlar sağalmır” deyirsiniz. Elm və texnologiya bu problem qarşısında acizdirmi?

– Tibb dinamikdir. Hər gün dəyişir, yeniliklər əlavə olunur. 5 il əvvəl doğru bildiyin müalicə üsulunun bu gün ən doğru olmadığın görürsən. Yenilikləri izləyib, bilgilərimizi yeniləməliyik. Son 40 ildə metallurgiya və kimya sənayesinin paralel inkişafı ilə birlikdə ortopedik implantlarla bağlı ciddi irəliləyişlər olub. Qığırdaq problemi olan oynaqların protezləşdirilməsi ilə insanların həyat komfortunda ciddi dəyişikliklər baş verib. Bazu, bud-çanaq və diz oynaqlarının protezləşdirilməsi çox güvənlidir və təcrübələrimiz də var. Bu əməliyyatlar artıq robot vasitəsilə edilir. Texnologiyanın və proqramlaşdırmanın köməyi ilə insandan qaynaqlanan xətaların azaldılmasına çalışırlar. Qarşıdakı 30 ildə ciddi dəyişiklər olacağını düşünürəm. Eyni zamanda texnoloji yeniliklərlə bərabər oynaqların kamera vasitəsi ilə qapalı yollarla müayinə və müalicə edilməsi son 50 ilin böyük yeniliyidir. Müəyyənləşdirilə bilinməyən bir çox xəstəlik qapalı üsullarla müalicə edilməyə başlandı. Qığırdağın bərpası, xüsusən də kök hüceyrə ilə bağlı işlər davam edir.

– Tibb sahəsində möcüzələrə inanırsınız və rastlaşıbsınız?

– İxtisasımızın travmatologiya qismi bu mövzuda mənə çox maraqlı görünür. Biz travmatoloqlar sınığı sağaltmırıq. Sınığı anatomik və ona yaxın vəziyyətə gətiririk. Onun bütünlüyünü düzəltməyə çalışır, implantlarla, metallarla yerinə oturduruq.  Düzdür, bunu da elmi qaydalarla edirik. Amma sağalma prosesi tam fərqlidir. Bir sınıq, əməliyyat zamanı deyil, tamamilə bitişdikdən sonra sağalır. Sümüyün sağalması, regenerasiyası özü-özünə, bioloji üsullarla baş verir. Bu, təbiətin möcüzəsidir. Düzdür, bu proses elmi yollarla açıqlana bilmədiyi üçün möcüzəvi görünür. Gələcəkdə sağalma prosesi, şübhəsiz ki, elmi yollarla açıqlanacaq. Amma bəzi xəstələr insanı çox təəccübləndirir. Mövcud bilgilərimizlə bəzən açıqlaya bilmədiyimiz nəticələrlə qarşılaşırıq. Mən şəfa verənin Allah olduğuna inanıram. Demək olar ki, hər xəstənin sağalması üçün ən doğru olanı etməyə çalışır, hər xəstəmin şəfasını Allahdan diləyirəm.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir