Ordumuzun 44 günlük qələbəsi tariximizin qızıl səhifələri kimi yadda qalacaq

Cəmiyyət

Aqil Məmmədov,
millət vəkili

Birmənalı şəkildə demək olar ki, Azərbaycan Ordusunun 44 günlük müharibədə erməni silahlı qüvvələri üzərində parlaq qələbəsi tariximizin qızıl səhifələri kimi yadda qalacaq. Əslində bu, gözlənilən zəfər idi. Çünki ermənilər yüz illər boyunca öz çirkin niyyətlərini həyata keçirə bilmişdilər və xalqımız sanki bu qələbəyə susamışdı. Gənclərimizin döyüşkən ruhu, Vətən torpaqları üçün canlarından belə keçməsi, əsgər və zabitlərimizin misilsiz şücaətləri, xüsusilə Şuşanın alınması zamanı onların göstərdikləri qəhrəmanlıqlar dünya hərb tarixinə düşdü.
Əvəzində nə baş verdi? Qarşı tərəfin aciz və qorxaq olduğu, əsassız ərazi iddialarına düşməsi bütün dünyaya yayıldı. Sözsüz ki, bu zəfərin qazanılması ölkə başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin adı ilə bağlıdır. Heç kim inkar edə bilməz ki, məhz dövlət başçımız hələ müharibəyə qədər neçə-neçə beynəlxalq tribunalardan Ermənistanın təcavüzkar bir dövlət olduğunu cəsarətlə deyirdi.
Mövzu 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olduğu üçün mən 2018-ci ilə qayıtmaq istəyirəm. Həmin il Prezident İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzaladı. Sərəncamda bildirilirdi ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.
Tarixi mənbələrə istinadək demək olar ki, Azərbaycan Xalq Cümhuriyyətnin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, üzə çıxarılan həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Şübhəsiz ki, bu məsələdə o illər Moskvada yüksək postlar tutmağa müvəffəq olan Mikoyan kimilər hər vəchlə dəridən-qabıqdan çıxmışlar.
Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Dahi şəxsiyyət Heydər Əliyev vaxtilə çıxışlarının birində deyirdi: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Bu kəlmələrin hər biri özündə böyük həqiqətləri ehtiva edir. Mənfur qonşularımız hər nə qədər cəhd etsələr də, mart qırğınlarını, Xocalı faciəsini törətsələr də, sonda öz çirkin məqsədlərinə çata bilmədilər. Qarabağ 30 il işğal altında qaldı. Ermənilər bundan nə qazandılar?
Vətən müharibəsində bütün dünya gördü ki, bu xain xislətlilər kimdirlər və özgə torpaqları qopartmaq üçün hansı hiylələr işlədirlər. Azərbaycan xalqı isə əksinə, sübut etdi ki, monolit xalqdır, Vətən üçün öz canlarını fəda edən oğulları var.
31 mart soyqırımı çoxdan arxada qalsa da, bizlərdən heş birimiz onu unuda bilmərik. Tarixin öz qanunauyğunluqları var. Elə bu səbəbdən də bir az əvvəl ulu öndərin söylədiyi müdrik fikirləri yada salmaq istədim.
Doğrudan da Azərbaycan xalqı zəngin mədəniyyətə, yüksək mənəviyyata malik bir xalqdır. İkinci Qarabağ savaşında bu, özünü bariz şəkildə bir daha göstərdi. Müharibə həm də xalq-iqtidar birliyini nümayiş etdirdi.
Bütün bunlardan sonra deyəsən Ermənistanda başa düşməyə çalışırlar ki, boş xülyalara son qoymağın vaxtı çatıb. Bölgəyə sülh lazımdı, insanlar sakit və firavan yaşamaq istəyirlər. Biz elə həmin xalqıq, siz ermənilər düşüncənizi sağlam məqsədlərə yönəltmək zorundasınız…

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir