Azərbaycanda qoz idxalında yaranan problemlər yerli bazara necə təsir edəcək?

Cəmiyyət

Azərbaycanda istehlak edilən qoz məhsulunun bir hissəsi ölkəmizə Rusiya və Ukraynadan gəldiyi üçün istər-istəməz bu məhsulla bağlı da müəyyən narahatlıqlar yaranır. Lakin statistik rəqəmlərə diqqət yetirdikdə narahatlıq üçün ciddi əsas olmadığı ortaya çıxır.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdiri Səadət Hacıyeva “Report”a bildirib ki, ötən il Azərbaycanda qoz bağlarının ümumi sahəsi təxminən 6,2 min hektar olub. Həmin bağların 3,9 min hektarı və ya 62 %-i bar verən yaşdadır. Cəmi qoz bağlarının 73 %-i ənənəvi, 19,5 %-i intensiv, 7,5 %-i isə superintensiv bağlardır.

Ötən il yeni sahədə salınan qoz bağlarının həcmi də az olmayıb: 292,8 hektar.

Departament rəhbəri onu da bildirib ki, Azərbaycanda qoz istehsalı 2015-ci ilə nisbətən 20,2 %, 2020-ci ilə nisbətən isə 3,7 % artaraq 13,1 min ton olub.

İdxal məsələsinə gəlincə, qeyd etdiyimiz kimi, qoz tədarükünün böyük hissəsi Rusiya və Ukraynanın payına düşür. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında qabıqlı qozun 48,1 %-i Ukraynadan, 36,7 %-i isə Rusiyadan idxal olunub. Qoz ləpəsinin idxalında isə 83,3 %-lə Ukrayna liderdir.

Bu dövr ərzində Ukraynadan 2,2 milyon ABŞ dolları həcmində qoz idxal olunub.

Daxili bazara nəzər yetirdikdə isə maraqlı statistika ilə rastlaşmaq olur. Belə ki, qozun topdansatış qiymətində yerli qoz liderdir. Belə ki, bu ilin ilk üç ayında yerli qozun qiyməti bazarda 4 manat olubsa, Ukrayna qozunun qiyməti 3-3,3 manat arasında dəyişib. Ötən ilin eyni dövründə yerli qozun qiyməti 5-5,7 manat arasında dəyişib, Ukrayna qozunun qiyməti isə dəyişməyib.

“Yəni, göründüyü kimi, əhali istehlakda yerli məhsula daha çox üstünlük verir. Tələbat olduğu üçün də qiyməti daha yüksəkdir”, – deyə S.Hacıyeva bildirib.

Onun sözlərinə görə, salınan yeni qoz bağlarının gələn illərdə verəcəyi barı nəzərə alsaq, ölkə olaraq bu sahədə xarici məhsullardan asılı olmayacağımız və ümumiyyətlə onlara ehtiyacımızın olmayacağı dəqiqdir.

Yerli bazarda çalışan ticarətçilər bildiriblər ki, hazırda qoz qiymətlərində, demək olar ki, artım yoxdur. Hətta qiymət artımı olsa belə, Novruz bayramından sonra qoza yüksək tələbat olmadığı üçün bu, hiss olunmayacaq.

Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupuna aid olan meyvə-tərəvəz satınalma şirkətinin təmsilçisi Sərdar Ceylan Rusiya-Ukrayna münaqişəsinin ölkəmizdə qoz bazarına təsirlərini belə izah edir:

“Rusiya-Ukrayna münaqişəsi nəticəsində yaranmış vəziyyət qoz alışına da böyük təsir göstərib. Belə ki, ölkəmizə qoz Ukraynadan idxal olunduğu üçün bu halda bazarda qoz alışı ilə bağlı ciddi çətinliklər müşahidə olunur. Onu da deyim ki, müharibədən əvvəl Ukrayna bazarından qozun alışı və daşınmasında qiymət artımı olub. Hazırda isə Ukraynadan bu məhsulun idxalı sadəcə mümkünsüzdür.

Alternativ olaraq, bu məhsulu Türkiyədən idxal edə bilərik. Bu zaman Ukrayna bazarı ilə müqayisədə qozun qiymətlərində artım olacağı gözləniləndir. Məlumdur ki, Türkiyədə qoz istehsalı yetərincə olmadığından məhsul ABŞ-ın Kaliforniya ştatından, Çili və Ukraynadan idxal edilir. Daşınma və logistikada yaranan çətinliklər, həm də idxal vergisinin yüksək olması səbəbindən bazarda qozun satış qiymətlərində artımın olacağı ehtimalı böyükdür”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir