Aprel döyüşləri böyük zəfərin başlanğıcı oldu

Cəmiyyət


Ramil Orucov,

YAP Gəncə şəhər təşkilatının sədri

Azərbaycanın hərb tarixində parlaq tarixi zəfərləri ilə özünəməxsus yer tutan şanlı Aprel döyüşlərindən 6 il ötür.

2016-cı il aprel döyüşləri ordumuzun və xalqımızın tarixində yeni dövrün – qələbə dövrünün başlanğıcı oldu. Aprel döyüşləri eyni zamanda bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərdi, xalqımızın ədaləti tezliklə bərpa edəcəyinin, düşmən işğalı altında qalan torpaqlarımızın azad olunacağı mesajını verdi. Aprel döyüşləri xalqımızın mövqeyini, həmrəyliyini, əqidəsindən, yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Vətən, torpaq, el-oba yolunda hər cür fədakarlığa hazır oldunu təsdiqlədi.

Hələ Aprel döyüşlərində “Dəmir yumruq öz gücünü göstərdi”. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli siyasətinə, prinsipial mövqeyinə arxalanan şanlı Azərbaycan Ordusu qısa müddət ərzində düşmənin qüvvələrini qəti zərbələrlə sıradan çıxardaraq, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelərini düşməndən azad etdi. Bununla da Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək fikri öz təsdiqini tapdı, cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mif alt-üst edildi.

2016-cı ilin Aprel döyüşlərində əldə edilən böyük hərbi uğurun məntiqi nəticəsi olaraq 2020-ci ildə Vətən müharibəsində xalqımızın əbədi və əzəli torpaqları olan Qarabağ düşmən işğalından tamamilə azad edildi. Lələtəpədən başlanan şərəfli yol böyük Zəfər ilə bitdi.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Şuşa zəfərinə yol açan Aprel döyüşlərində qazandığı qələbəni uğurla tamamlandı, işğalçı Ermənistan ordusu darmadağın edildi, işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalandı, xalqımız qələbə sevinci yaşadı. Milli birlikdən güc alan, işğalla barışmayan Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenidən toy-büsatlı günlərinə qovuşdu.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir