Kişi və xanım sürücülər arasında hansı fərqlər var? – AÇIQLAMA

Cəmiyyət

Kişi sürücülərdən tez-tez bu şikayətləri eşidirik ki, xanımlar maşın sürə bilmir. Fikir versək görərik ki, xanımlar nəqliyyat vasitəsini çox ehtiyatla sürməyə çalışır. Bu da yolda ləngimələrə səbəb olduğu üçün kişi sürücüləri əsəbiləşdirir. Xanımlar nə qədər ehtiyatla sürsə də, onların da səbəb olduğu qəzaların, qayda pozuntularının şahidi oluruq. Xüsusilə paytaxtda belə hallara tez-tez rast gəlinir.

Maraqlıdır, Bakıda bu ilin ilk rübündə nə qədər xanım sürücü qaydaları pozub, qəza törədib?

Mövzu barədə Redaktor.az-a danışan Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov hesab edir ki, sükan arxasındakı şəxsləri cinslərə bölmək düzgün deyil:

“Mən hesab edirəm ki, sürücülərin kateqoriyalara bölünməsi, kişi və qadın cinslərə ayrılması, bu elə yol hərəkəti haqqında qanunun tələbinin pozulması kimi qiymətləndirilir. Çünki sükan arxasında olan şəxs hər kim olursa-olsun, o artıq sürücüdür. Yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün kim olursa-olsun qaydaları bilməlidir və bu qaydalara uyğun hərəkət etməlidir. Mən hesab edirəm ki, sürücü xanımlar çox ehtiyatla maşın sürür”.

Polkovnik bununla belə qadın sürücülərin də qəza törətdiklərini bildirib.

Vaqif Əsədovun sözlərinə görə, kişi və xanım sürücülər arasında bir sıra fərqlər var:

“Məsələn təhlükəsizlik kəmərini xanımlar daha çox bağlayır. Amma sükan arxasında mobil telefonla danışanların arasında xanımlar daha çoxdur. Belə fərqlər var. Xanımlar arasında yol hərəkəti qaydalarının pozulması faktları var. Amma kişilərlə müqayisədə çox azdır. Cəzalanan azdır. Kəmər taxırlar, ehtiyatla sürürlər, sürət həddini aşmırlar. Kişilər isə sürətə üstünlük verir”.

Müsahibimiz xanımlara müraciət etdi ki, sükan arxasında telefona və güzgüyə az baxsınlar:

“Əgər 40-50 min xanım sürücü varsa, onlar bütün sürücülərin onda biri qədərdir. Müqayisə etsək çox azdır. Qadın sürücülər sükan arxasında mobil telefonla danışmağa üstünlük verir. İdarəetmədən diqqətin yayınmaması üçün bir daha xanımlarımıza müraciət edirik ki, diqqətli olun, idarəetmədən diqqətiniz yayınmasın. Yəni tez-tez güzgüyə baxırlar, belə faktlar var”.

Sonda Vaqif Əsədov son olaraq xanımların sürücülükdə kişiləri üstələdiyini qeyd edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir