Kütlə bu qədərmi döyülməyə öyrəşib?

Cəmiyyət

Kubra Məhərrəmova yazır…

Dünən Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov görüşə gələn fanatlarına bahalı telefon hədiyyə söz vermişdi. Bildiyim qədər də, verməyib getdi. 

Amma əvəzində əl-ayaq altında qalanlar oldu. Qamçılar göydə oynadı. Kiminsə o basırıqda ürəyi getdi, üzünə şillə vurub ayıltmağa çalışdılar. Qısası, dünənki hadisə görüşdən çox kütlənin əlbəyaxa davasına çevrildi. Qladiator döyüşlərinə. İnsanlar Hüseynə toxunmaq üçün bir-birini tapdalayıb, onun əl-ayağından dartmağa başladı. 

Və möcüzə, heç kimin də üzündə maska yox, sosial məsafəyə isə söz deyən yox. 

Bir anlıq sosial şəbəkələrə dağılmış kadrlara baxanda elə bildim COVİD-19 yox olub, gorbagor olub, kökü kəsilib. Amma səhər gördüm ki, yox. Yoluxma sayının statistikası verilib. 

Bəs niyə qapalı məkanda, şəhərin böyük ticarət mərkəzində bu boyda tədbir təşkil olunub?

Biz ticarət mərkəzinə daxil olanda qapıdakı mühafizəçi az qala evin kupçasını da yoxlayıb, sonra icazə verir ki, buyurun keçin, pullarınızı xərcləyin. Mən də çoxdandır keçmişəm onlayn bazarlığa. Hər dəfə mühafizəçilərin icazəsini almaq üçün növbələrdə qalmıram. Hələ onların ağayana, minnət dolu icazəsini demirəm. 

Amma dünənki hadisədən məlum oldu ki, ticarət mərkəzində mühafizəçi olmayıb. Camaat kütləvi şəkildə hücum edib içəri daxil olub. 

Kütlədən isə qorxulu heç nə yoxdur. İdarəolunmaz, sərkələfi itirən kütlə. 

Ümid edirəm, dünən ciddi xəsarət alan olmayıb. Çünki bunun məsuliyyətini heç kim boynuna götürməyəcək. Nə təşkilatçı, nə Hüseyn, nə də ticarət mərkəzi. Yenə də klubda partlayan “qaz balonu” yadıma düşdü. Hələ də araşdırma gedir. Görək nə çıxacaq. Əminəm ki, dünənki məclis iştirakçıları arasında sorğu aparsaydıq əksəriyyəti klubda ölənlərə yenə qarğış tökəcəkdi. 

Dünənki basabas həqiqətən də üzə qorxulu görüntü çıxartdı. Elə bil hansısa triller filmin çəkilişləri idi. 

Görəsən bu tədbirin keçirilməsinə icazə verən ticarət mərkəzinin rəhbərliyi bunu əvvəlcədən təxmin edə bilməyib ki, bura gələnlər gənclər olacaq? Dağıdıb sökəcəklər? Madam ki, hələ də karantin qaydalarının tətbiq olunduğu dövrdə yaşayırıq niyə bu boyda qanun pozuntusu həyata keçirilir? 

Bildiyim qədər hələ də qapalı məkanda maskasız olmaq və COVİD pasportu olmadığı təqdirdə içəri daxil olan müştərilərə görə obyekt yiyəsi cərimə ödəməlidir. Zənnimcə büdcəyə kifayət qədər xeyir verən cərimələr yazıla bilər. Həmişə xalq günahkar olurdu, üzü danlanırdı. Bir dəfə də böyüklər danlanılsın. Biz də deyək ki, əhsən. Qanunlar hamı üçün işləyir. Yoxsa avtobusda, metroda maska bir millimetr aşağı düşən kimi polis adamın başının üstünü kəsdirir. 

Gənclərin isə özünü qeyri-adekvat aparmasının səbəbi hələ də mənə aydın olmadı. Ya həqiqətən Hüseyni belə çox sevirlər, ya da bahalı telefon uğrunda “aclıq oyunlarına” çıxmışdılar.  

Kadrlardan da görünür ki, Hüseyn onu sevənlərin əlindən canını güclə çıxardıb qaçır. Sonra daha maraqlı kadrlar gəlir. Gənclər nədənsə yeraltı qarajda onun avtomobilinin arxasınca qaçırlar. Sual yaranır, lap çatsaydınız, nə edəcəkdiniz? 

Tədbirin ən maraqlı hissəsi isə səhnədən aşağıdakı insanları kəmərlə döyən kişi oldu. Kəmərlə adamları elə döyürdü ki, elə bil Qədim Misirdəki qulları qamçılayır. Onlar da nəhəng daşları piramidanın inşası üçün daşımaqdan imtina edirlər. O qədər millətin içində bir nəfər tapılamdı ki, o kəməri onun əlindən alıb, onu aşağı salsın. Kütlə bu qədərmi döyülməyə öyrəşib? 

Yeri gəlmişkən, məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında bildirdi ki, pandemiya ilə əlaqədar tətbiq olunmuş qaydaların pozulması ilə müşayiət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur. Həmin şəxs müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil yalnız səhnəyə vurub. Buna baxmayaraq A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir. 

Lap yaxşı, qamçı vuran 15 sutkalıq getdi. Qaldı digər məsələlər. 

Qısası gənclərin etdiyi belə, böyüklərin etdiyi elə. Hara baxırsan eyni hesab-kitab. 

Kitab demişkən, əziz gənclər, kitab oxumayın. Ümumiyyətlə elmdir, məktəbdir, yazı-pozudur, qətiyyən bu işlərə baş qoşmayın. Vallah bir xeyri yoxdur. Salamatı çayxanadır, bilyard oynamaqdır, bulvarda gəzintiyə çıxmaqdır, klubda ölənlərə qarğış etməkdir, “vor zakon” söhbətləri xırdalamaqdır, bloqerin vəd etdiyi bahalı telefona görə bir-birini təpikləyib üstündən keçməkdir. 

Kitabı “axmaq” adamlar oxuyur, instituta da mama uşaqları qəbul olur. Sonra da kostyum geyinib, qalstuq taxıb işə gedirlər.

Nə həyatdı da bu? Boş verin.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir