72 yaşlı kişi, oğlu və yeznəsi Füzulidə xəstəxananın vəzifəli əməkdaşını döydülər – FOTO

Cəmiyyət

Füzuli Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı, xəstəxananın katibliyinin bölmə müdiri Vüqar Əliyev döyülüb.

Bu barədə Oxu.Az-a Vüqar Əliyev özü məlumat verib.

Onun sözlərinə görə, hadisə ötən gün, mayın 5-i saat 16 radələrində baş verib. Üç nəfərin onu xidməti otağında təhqir edərək döydüyünü deyən vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət edib:

“Füzuli rayon sakinləri Orxan Əliyev və atası Oktay Əliyev, onların yeznəsi Yasin adlı şəxs xidməti otağa gələrək məni təhqir ediblər. Kənd məntəqəsində feldşer işləyən 72 yaşlı O.Əliyevin 3 il bundan əvvəl yaş həddinə görə işinə xitam verilib. Lakin onunla ardıcıl olaraq kadr çatışmazlığı səbəbi ilə 3 aylıq müqavilə imzalanıb. Lakin TƏBİB həmin müqaviləyə də xitam verilməsi barədə qərar qəbul edib. O.Əliyev və qohumları buna etiraz ediblər.

Bu məsələnin mənim səlahiyyətimdə olmadığını izah etsəm də, onlar mənə hücum çəkib, xəsarət yetirdilər. Müvafiq qanunvericiliyə uyğun olaraq TƏBİB artıq əməkdaşlığa ehtiyac görmədiyindən yenidən müqavilə imzalanmadı.

Oğlu, yeznəsi söyüş söyərək, hətta öldürməklə hədələdilər. Fiziki zorakılıq göstərərək döydülər. Həkim müayinəsindən də keçmişəm, qulağımda küt travma, boğazaltı nahiyənin körpücük sümüyünün əzilməsi diaqnozu qoyulub. Onların üzərində silah da var idi. Hətta xəstəxananın direktoruna da hədə-qorxu gəliblər.

Bu, onların ilk belə hədə-qorxusu deyil. Bundan 1 ay qabaq Xəstəxananın direktorunun inzibati işlər üzrə müavininə də hücum çəkiblər. Onların da işi məhkəmədədir. Aidiyyəti qurumların qanun çərçivəsində məsələni həll edəcəklərinə ümid edirəm”.

V.Əliyev məsələ ilə əlaqədar aidiyyəti üzrə polisə də müraciət etdiyini qeyd edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-a bildirib ki, məsələ ilə bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir