Məşhur “Fantaziya” hamamı sökülür? – AÇIQLAMA

Cəmiyyət

Bakının məşhur “Fantaziya” hamamı hasara alınıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, Yasamal rayonu, Çingiz Mustafayev 114 ünvanında yerləşən hamam bir neçə gündür ki, hasarlanıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Oxu.Az-a bildirilib ki, abidələrdə işlər yalnız sözügedən qurumun razılığı ilə aparıla bilər:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının müvafiq qanununa uyğun olaraq, mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar. Onlar həmin abidələrin qorunmasına görə Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Qanunun müvafiq bəndinə əsasən, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar işlər Dövlət Xidmətinin razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır.

Təmir və bərpa işləri zədələnmiş və itirilmiş hissələrin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl yetirmədən, onu ilkin halına gətirməyə yönəlməlidir. Bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər təqdim edilən layihələr – haqqında Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alındıqdan və təsdiq edildikdən sonra aparıla bilər”.

“Nəzərinizə çatdıraq ki, sorğunuzda qeyd edilən “Fantaziya” hamamının ətrafının hasara alınması ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılır və bununla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Fantaziya” hamamı 1886-cı ildə Nikolay Avqustoviç fon der Nonne adlı şəxs tərəfindən inşa edilib və Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə qorunur”, – deyə məlumatda bildirilir.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir