Azərbaycandan Rusiyaya uçuşlar bərpa edilir

Cəmiyyət

Azərbaycanın milli aviadaşıyıcısı 15 iyundan etibarən Rusiyanın şəhərləri ilə hava əlaqəsini bərpa edir.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən verilən məlumata əsasən, qeyd edilən tarixdən etibarən  “AZAL” və “Buta Airways”  aviaşirkətləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskva, Sankt-Peterburq, Həştərxan, Mineralnıye Vodı və Kazan şəhərlərinə uçuş proqramını mərhələli şəkildə bərpa edir.

“Azərbaycan Hava Yolları” aviaşirkəti 15 iyundan etibarən Moskva şəhərinin Domodedovo və Vnukovo hava limanlarına gündəlik uçuşlar yerinə yetirməyə başlayacaq. Bakıdan Sankt-Peterburq şəhərinə aviadaşıyıcının uçuşları həftədə iki dəfə – cümə axşamı və bazar günləri həyata keçiriləcək.

“Buta Airways” aşağıbüdcəli aviaşirkət həmin tarixdən həftədə iki dəfə olmaqla  Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri) və Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

“AZAL” və “Buta Airways”  aviaşirkətlərinin Rusiya şəhərlərinə  planlaşdırılan bütün reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində satışdadır. Aviaşirkətlərin www.azal.az  və  butaairways.az rəsmi saytlarında biletlərin satışı mərhələli şəkildə açılacaq.

Bu uçuşlara qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazə verilən sərnişinlər qəbul ediləcək.

Rusiyaya səyahət etməyi planlaşdıran sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətlərin saytlarında tanış olmaq olar:

https://www.azal.az/az/information/covid-russia 

https://www.butaairways.az/az/covid/russia

Azərbaycana giriş qaydaları haqqında məlumatla  aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:

https://www.azal.az/az/information/covid-azerbaijan

https://www.butaairways.az/az/covid/azerbaijan

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir