“İcbari tibbi sığortanın təşkilində xeyli nöqsanlar var” – AÇIQLAMA + FOTO

Cəmiyyət

2016-cı ildən fəaliyyətə başlayan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər paketi ilə bağlı sosial şəbəkələrdə vətəndaşların çoxsaylı şikayətləri yer alır. Hər ay əməkhaqqından 2% İcbari Tibbi Sığorta üçün tutulduğu halda, bu xidmətdən faydalana bilmədiyini və süründürməçiliklə üzləşdiyini bildirənlərin sayı çoxdur. Narazılıqlar, əsasən, xidmətlər paketinə bütün xəstəliklərin əlavə edilməməsi, daxil edilən xəstəliklərin isə ödənişsiz müalicəsinin məhdud sayda xəstəxanada həyata keçirilməsi ətrafındadır.

Bənzər sistemi bizdən uzun müddət əvvəl tətbiq edən qonşu Türkiyədə sığortası olan şəxslər dövlət xəstəxanalarının hamısında ödənişsiz müayinə və müalicə olunduqları halda, Azərbaycanda hər kəsin bundan yararlanması niyə müşkül məsələyə çevrilib?

Mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində  3500-dən artıq diaqnozu əhatə edən 2550 sayda tibbi xidmət göstərilir:

“Xidmətlər Zərfi hazırlanarkən son 5 ildə ölkə əhalisi arasında ölüm faizi, əlillik faizi yüksək olan, eləcə də sayında davamlı artım müşahidə olunan xəstəliklər nəzərə alınıb. İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti), ilkin tibbi-sanitariya yardımı, ambulator şəraitdə müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr, fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar, uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası, cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək həyati vacib əməliyyatlar) kimi xidmətlərdən yararlana bilərlər”.

Qurum vətəndaşların icbari tibbi sığorta çərçivəsində ilkin tibbi-sanitariya müəssisəsində ambulator şəraitdə ilkin psixoloji yardım xidmətindən yararlana biləcəyini də diqqətə çatdırıb: 

“Səhiyyə sahəsində müvafiq tibbi xidmətlərin – Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı; Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı; Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı; Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı; Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı; Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı; Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı; Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı; Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı; Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı Uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı; İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramının icrası nəticəsində həyata keçirilir.

Onkoloji xəstəliklərin müayinə və müalicəsi isə “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, həyata keçirilir”. 

Agentlik hər il vətəndaşların tibb müəssisələrinə müraciətlərinin araşdırıldığını, həmçinin ən çox rast gəlinən xəstəliklərin, ən çox müraciət edilən və Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərə ehtiyacların müəyyənləşdirildiyini də qeyd edib:

“Əhalinin əlavə tibbi xidmətlərə olan ehtiyacı nəzərə alınaraq Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi və beləliklə, ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir. Bundan başqa, hazırda limit sayı 300 olan endoprotezləşdirmə əməliyyatının sayının müvafiq olaraq 1200-ə qədər artırılması təklifi irəli sürülüb.

Vətəndaşların TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində tibbi xidmətlərdən yararlanmaqla bağlı neqativ halla rastlaşması ilə bağlı qeyd etmək istərdik ki, bu zaman ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət edilməlidir.

Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa, TƏBİB-in 012-310-17-70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (Bakı AZ1154, İsmayıl Hidayətzadə küç. 11) müraciət edə bilər”.

Tibb üzrə elmlər doktoru Adil Qeybulla da məsələ ilə bağlı fikirlərini Oxu.Az-la bölüşüb. Həkim Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunandan xeyli tibbi xidməti həyata keçirdiyini, manipulyasiyanı ört-basdır etdiyini və kifayət qədər geniş sahədə tətbiq olunduğunu deyib:

“İcbari tibbi sığorta sosial müdafiənin mühüm bir elementidir. Dünyanın hər yerində o, müxtəlif şəkildə tətbiq olunur. Ən əsas məsələ icbari tibbi sığortanın tərkibinə daxil olan paketlərdir. Sadəcə olaraq sığortanın təşkilində xeyli nöqsanlar var, icbari tibbi sığortanın qeydiyyatı və çağırışlarla bağlı məsələlər hələ öz yerini tapmayıb. Dünyanın hər yerində təcili tibbi yardım istisna olmaqla vətəndaşlar istədiyi vaxt müayinəyə gələ bilməz, onlar mütləq qeydiyyatdan keçməlidirlər və təyin olunan vaxtda xəstəxanada olmalıdırlar, bizdə bu məsələlər taleyin ümidinə buraxılıb. Ona görə də xəstələr xəstəxanalara axışırlar, nəticədə bəzən anlaşılmazlıq yaranır. İcbari tibbi sığorta xəstənin istədiyi vaxt xəstəxanaya gəlib bu imkanlardan yararlanması demək deyil. Əlbəttə, təxirəsalınmaz yardım, təcili əməliyyatlar və s. buraya daxil deyil, bu zaman xəstə təcili yardım xətti ilə icbari tibbi sığorta xidmətinə cəlb olunmuş xəstəxanalara gətirilir və orada lazımi tədbirlər görülür. Amma planlı xəstəliklərdə bu cür deyil. Sığorta dişin müalicəsi ilə bağlı məsələləri, estetik-kosmetik əməliyyatları dünyanın heç yerində örtmür. Amma digər məsələlərdə insanların narazılığı bəzən haqsızdır. Çünki bu işin təşkilində problem var”.

Həmsöhbətimizin sözlərinə görə, vətəndaşlar düşünürlər ki, kim nə vaxt istəsə, məsələn, gecə saat 12-də gedib müayinə oluna bilərlər:

“Bu işin lazımi tərəflərini qaydaya salmasalar, narazılıq davam edə bilər. Hesab edirəm ki, Türkiyədə bu sistem necə qurulub, analoji olaraq onu tətbiq edə bilərik. Bütün tibbi xidmətləri oraya ilk növbədə daxil etmək lazım deyil. Mümkün qədər doğuş və bəzi vacib əməliyyatlar ora daxil olmalıdır və mərhələ-mərhələ də bu genişləndirilməlidir. Belə olan halda biz daha effektiv şəkildə icbari tibbi sığortanı tətbiq edə bilərik. Hətta bəzi xidmətlər vətəndaşla dövlət arasında ilkin olaraq bölünə də bilər. Bunların hamısı ilə bağlı periodik maarifləndirmə işi aparmalıyıq, televiziya ekranlarından bu işi mütəmadi olaraq etmək lazımdır ki, insanlar icbari tibbi sığorta haqqında real və düzgün təsəvvürlərə malik olsun”.

Aytac Qasımova

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir