Qaxda əməliyyat: Narkotik dövriyyəsinə görə beş nəfər tutuldu – FOTO/VİDEO

Cəmiyyət

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib və ümumilikdə 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən ilk əməliyyat zamanı dostlar – rayon sakini Süleyman Muradov və Zaqatala sakini, əvvəllər də məhkum olunmuş Fariz Kərimov saxlanılıblar.

Həmin şəxslərin üzərlərində daşıdığı kisəyə baxış keçirilən zaman səkkiz kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanıb.

Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitəni satmaq və əldə etdikləri qazancı öz aralarında bölmək niyyətində olduqları müəyyən edilib.

Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində Zaqatala şəhər sakini Xalis Rəcəbov tutulub.

Taksi fəaliyyəti ilə məşğul olan həmin şəxsin istifadəsində olan VAZ-21011 markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsindən yarım kiloqrama yaxın marixuana aşkarlanıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha iki nəfər – Abdul Tağızadə və Elvin Abbasov saxlanılıb. Abdul Tağızadənin üzərinə keçirilən baxış zamanı 12 qram, eləcə də rayon ərazisindəki avtomobil yolunun kənarında gizlətdiyi 335 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Elvin Abbasovun üzərində daşıdığı sellofan torbadan isə 425 qram marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin digər hüquqazid əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir