Bakıda sevdiyi qızı narahat edən şəxs həbs edildi

Cəmiyyət

Bakıda uzun illərdir sevdiyi qızı narahat edən şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iyulun 26-da Nəsimi rayonu ərazisində baş verib.

İttihama görə, həmin gün Bakının mərkəzi küçələrindən birində yerləşən bank filialına gələn 1985-ci il təvəllüdlü E.Həsənov orada işləyən sevdiyi qız A.Kəsəmənlini narahat edib. Bundan sonra qız polisə müraciət edib və E.Həsənov saxlanılıb. Saxlanılarkən polisə etiraz edən və bölməyə getmək istəməyən E.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə E.Həsənov qardaşının Vətən müharibəsində şəhid olduğunu, daha əvvəl də A.Kəsəmənlinin ondan şikayət etdiyini deyib:

“10 ildir ki onu sevirəm, ailə qurmaq istəyirəm. Buna görə də arxasınca iş yerinə gedib-gəlmişəm. Ötən ayın 15-i məndən 21-ci Polis Bölməsinə şikayət etmişdi. Bununla bağlı bölməyə getdim, məndən izahat alındı və şəhid qardaşı olmağımı nəzərə alaraq məni sərbəst buraxdılar. Həmin gündən sonra qızı nə görmüş, nə də ki arxasınca getmişəm. Dünən o, yenə 21-ci Polis Bölməsinə gedərək məndən şikayət ərizəsi yazıb və bildirib ki, guya onu narahat edirəm”.

A.Kəsəmənli isə oğlanı uşaq vaxtından tanıdığını, onu sevmədiyini, başqa şəxslə ailə həyatı qurmaq istədiyini deyib:

“Rayonda yaşayanda qonşu olmuşuq. Daha sonra Bakıya köçdük. Hazırda bankda işləyirəm, mütəmadi olaraq iş yerimə gələrək məni narahat edir, sosial şəbəkələrdə yazır. Mənim, qardaşımın, valideynlərimin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, narahat etməkdə davam edir. Bu hərəkətlərinə görə “102” xidmətinə də zəng etmişdim. İşə gedəndə, işdən çıxanda mənə yaxınlaşır, ailə qurmaq istədiyini bildirir. Bir neçə dəfə bizə elçi göndərsə də, qəti şəkildə etirazımızı bildirmişik. Lakin buna baxmayaraq, yenə də məndən əl çəkmir. Hazırda başqa şəxslə ailə həyatı qurmağa hazırlaşıram, lakin onun arxamca gəlməsi məni çox narahat edir, məndən uzaq durmasını istəyirəm. Buna görə də iyulun 26-da məni yenidən narahat etməsi ilə bağlı polisə şikayət etmişəm”.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Həsənov xuliqanlıqda təqsirli bilinib, ona 30 sutkalıq həbs cəzası verilib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir