Axır ki, bir məsələdə lider olduq

Cəmiyyət

Aysel Aslanqızı yazır…

Qədim Misirdə eradan əvvəl, yəni hələ fironların hakimiyyəti zamanı hökmdarların sırasında qadın fironların sayı dövrün şərtlərinə görə kifayət qədər idi. Adları saymaq niyyətim yoxdur, çünki burada diqqətə çatdırmaq istədiyim əsas məqam fərqlidir. 

Hər il selektiv abortlara (cinsə görə abort) görə dünya ölkələri arasında ön sıralarda olan Azərbaycan, nəhayət ki, bu il birinci yerdə qərarlaşmağı bacardı. Bəli, dünyada bu qədər sahələr var ikən biz sadəcə selektiv aborta görə lider olduq. Biz 21-ci əsrdə eramızdan əvvəl misirlilərin mənəvi olaraq çatdığı nirvananın hələ yan-yörəsindən ötə bilmirik. Yəni mənəvi şüurun hələ tam olaraq formalaşmadığını iddia etdiyimiz qədim dövrdə idarəçilik, nəsli davam etdirmək kimi anlayışların ardınca gedib, doğulmamış qızları qətliama məruz qoymayıblar. 

İyirmi il sonra hansı problemlərlə qarşı-qarşıya qalacağıq deyə düşünürəm. Cavabların yaratdığı mənzərə isə təkcə narahatlıq doğurmur, həm də qəzəbləndirir. Hər problemə sosial şəbəkələrdə sadəcə kiçik “qınama”larla cavab verən cəmiyyətimizin müəyyən bir qismi bu məsələni də bu qədər rahatlıqla həzm edib, ötüşdürə biləcək?! Əsas odur, qınadıq, iş bitdi. Bəs hansısa tələb və ya problemin həlli üçün hər hansı bir fikir irəli sürüldümü? Əsla! Vəzifəmiz təkcə qınamaqdan ibarət olmamalıdır. 

Dünyada ən ədalətli paylanan şey ağıldır. Çünki heç kim öz ağlından narazı deyil. Ağlı bazara satışa çıxarsan, hər kəs gedib yenə öz ağlını satın alacaq. Ona görə bu cəmiyyətdə hansısa problemi göstərməyə çalışıb danışanda bəziləri şəxsi prizmasından yanaşıb sənə barmaq silkələmək həddini də özündə görə bilir. Lakin bu gün söz açdığım məsələ ümumi problemdir və bu mövzudakı fikirlərimizi tərbiyələndirə bilməsək, qısa bir müddət sonra genofondumuzun bizə verəcəyi dərsdən hər birimiz sinifdə qalacağıq. 

Maraqlıdır, soyunun davamını düşünən bir şəxs qızları soyqırımına məruz qoyaraq saf genlərini davam etdirə biləcəyi fikrinə haradan düşüb?! Saf qan nə deməkdir, görünür, çoxdan unutmuşuq. İnsan təbiətlə olduğu kimi, elə özü ilə də müharibədədir və bu mübarizəni qazansaq, məğlub olacağıq. İlahi ədalətin olduğunu düşünməyimə səbəb ola biləcək kifayət qədər hadisələr görüb, eşitmişəm. Deyir, “qorx o məhkəmədən ki, hakimin özü şahiddir”. Etdiyimiz bu böyüklükdə səhvin cəzasız qalacağını düşünmək isə ən böyük cahillikdir.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir