Ermənilərin Azərbaycana sərsəm nüvə təhdidi: Bu cürətin arxasında nə dayanır? – FOTO

Cəmiyyət

Azərbaycanın “Qisas” əməliyyatı fonunda Ermənistan tərəfindən “Metsamor” AES-lə bağlı yenidən təhdidlər səsləndirilir. Bədnam qonşunun bu stansiya ilə əlaqədar vaxtaşırı verdiyi bəyanatlar region ölkələrində də narahatlıqla qarşılanır. Bəs “Metsamor”da nüvə silahı hazırlana bilərmi? 

Mövzu barədə Oxu.Az-a açıqlama verən Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev bildirib ki, “Metsamor” AES-də köhnəlmiş iki nüvə reaktoru var, hansı ki, 1970-ci illərdə tikilib, 1980-ci illərdə istifadəyə verilib: 

“Burada nüvə silahının hazırlanması üçün gərəkli potensialın olduğuna inanmıram. Çünki “Metsamor” sadə, köhnə və klassik stildə tikilmiş təhlükəli reaktorlardandır. Onlardan birinin istismar vaxtı bitib, digərinin divarında isə vaxtilə yarıq əmələ gəlib. İndi isə söhbət yeni reaktorun tikilməsindən gedir və yeni reaktorun tikilməsinin müzakirələrində mən də iştirak etmişəm.

Əgər qonşu dövlətlər icazə verməsələr, onlar yeni reaktoru tikə bilməzlər. Azərbaycan da buna müsbət rəy verməyib. Lakin ermənilər məsələ ilə bağlı müəyyən işlər görməyə davam edirlər. Həmin reaktorun potensialının nə olduğu, yəni gələcəkdə burada nüvə silahının düzəldilə biləcəyi mənim üçün bəlli deyil. Lakin bu cür reaktorlar bir qayda olaraq elektrik enerjisi istehsal etmək üçündür”. 

İ.Mustafayev vurğulayıb ki, amma tikinti əsnasında üçüncü dövlətlərin köməyi ilə edə biləcəkləri insanı düşünməyə vadar edir:

“Metsamor”la bağlı törədilə biləcək təxribat elə bizdən əvvəl onların özünə zərər verəcək. Lakin Türkiyə və Gürcüstana da xeyli təsirləri ola bilər. Burada qəsdən hər hansı hadisə törədilməsi onu deməyə əsas verir ki, artıq ermənilər Ermənistanda da yaşamağa qadir deyillər. Çünki qonşulara bu cür aqressiv münasibət göstərməklə bu regionda yaşaya bilməzlər”. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qeyd edib ki, ataların belə bir misalı var – “Arxalı köpək qurd basar”:

“Lakin hesab edirəm ki, bu hal ermənilərin aqoniya, yəni ölümqabağı vəziyyətini göstərir. Görün bu ermənilər nə günə qalıblar ki, ağlasığmaz, absurd bəyanatlar verirlər. Perspektivi çürüməkdə olan bir dövlətin rəhbərliyinin verdiyi bəyanatlar da məhz bu aqoniya vəziyyətindən irəli gəlir. Sual yaranır ki, bunlar bu cürəti haradan alırlar?! Əslində, ermənilərin güclü bir dəstəyi də yoxdur, sadəcə, bəzi məsələləri həddindən artıq şişirtməyi sevirlər.

Sözsüz ki, erməniləri müəyyən mənada qızışdıranlar da var, lakin bu əməli etməyə onların cəsarəti çatmaz. Qeyd edim ki, “Metsamor” AES-lə bağlı məsələ Avropa Şurası Parlament Assambleyasında bir neçə dəfə müzakirə olunub və tələb qoyulub ki, bu stansiya bağlanmalıdır. Çünki “Metsamor” istismar müddətini artıq bitirib və bölgə üçün çox böyük bir fəlakət mənbəyidir”. 

Z.Əsgərov vurğulayıb ki, ermənilər 44 günlük müharibədən öncə Tovuzda təxribat törətdilər:

“Bizim boru kəmərlərinə yaxınlaşaraq, guya nəzarətə götürmək istəyirdilər. O zaman da ermənilərin başları necə var əzildi, dərslərini aldılar. Onlar sonlarına yaxın bu cür gicbəsər, absurd bəyanatlar verirlər. Hesab edirəm ki, parlament bu məsələ ilə əlaqədar yenidən beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıra bilər. Lakin yenə də deyirəm ki, bu problemdən Avropanın da, digər beynəlxalq təşkilatların da xəbərləri var”.
 
Aysel Aslanqızı

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir