Yasamalda ucuz qiymətə satılan mənzillər necə tikilir? – FOTO

Cəmiyyət

Paytaxtın Yasamal rayonunda, Yeni Yasamal yaşayış massivində son zamanlar bazardakı digər mənzillərlə müqayisədə ucuz olan mənzillər satışa çıxarılıb. Sosial şəbəkələrdə və elan saytlarında satışa çıxarılan bu mənzillərin ortaq cəhəti isə sonuncu, 18-ci və ya 19-cu mərtəbədə yerləşməsidir. Mənzillər mansard mərtəbədə yerləşsələr də, adi mansardlardan hündürlük və genişliyinə görə xeyli dərəcədə fərqlənir.

Mənzillərin ucuz olması isə insanlarda bəzi suallar doğurur.

Trend-in əməkdaşının apardığı araşdırma zamanı məlum olub ki, bu mansard tipli mənzillər sonradan tikilib. Yəni bu binalar bir neçə əvvəl tikilib təhvil verilsə də, məhz hazırda satışda olan mansard mərtəbə yaxın zamanlarda tikilərək artırılıb. Bina tikilən zaman bu mansard mərtəbələr olmayıb.

Bəs hazır tikilib təhvil verilmiş binaya sonradan yeni mansard mərtəbənin artırılması nə qədər təhlükəsizdir?

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, həmin binada aparılan tikinti qanunidir, layihə təsdiqlənən zaman nəzərdə tutulub.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə bildirib ki, tikintilərə rəsmi icazə verilibsə, bu, qanuni hesab olunur.

“Lakin bu tipli tikililərin nə dərəcədə düzgün olduğunu aydınlaşdırsaq, hüquqi baxımdan qanuni olsa da, texniki baxımdan düzgün deyil.

Bu tipli tikililər vətəndaşlar üçün sonradan texniki problemlər yaradır. Digər bir tərəfdən, bina istismara qəbul olunubsa, orada yaşayış varsa, sonradan tikintinin aparılması doğru yanaşma deyil. Təbii ki, rəsmi qurumların icazələri varsa, bu halda mənzillər qanuni hesab olunur”.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir