Taksi sürücüsü döyüldüyünü iddia edir: “Polis niyə izahat almır?” – AÇIQLAMA + FOTO

Cəmiyyət

Bakı şəhər sakini, taksi fəaliyyəti ilə məşğul olan Əziz Adgözəlov döyüldüyünü bildirib.

O bu barədə Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıb.

Ə.Adgözəlov bildirib ki, Azadlıq prospektində maşınla hərəkətdə olarkən sürücülərdən biri onu sıxışdırmağa başlayıb:

“Ona niyə belə etdiyini söyləyəndə cavab verdi ki, “əcəb edirəm”. Daha sonra metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında mənə hücum çəkdi və döydü. Mən onun maşınının şəklini çəkmək istədikdə yenidən məni döyməyə cəhd etdi”.

Vətəndaş iddia edib ki, məsələ barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edib: 

“Məni Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə yönləndirdilər. Artıq dörd gündür polis şöbəsinə getsəm də, polis izahatımı almamaq üçün vaxtının olmadığını deyir”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Əziz Adgözəlov və qarşı tərəf Binəqədi RPİ 4-cü Polis Bölməsinə dəvət olunublar, izahatları alınıb:

“Araşdırmalarla məlum olub ki, Ə.Adgözəlov döyülməsi ilə bağlı “102” Xidməti Zəng Mərkəzinə yalan məlumat verib. Bununla əlaqədar İXM-in 564-cü (Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma) maddəsilə protokol tərtib olunub”.

Qeyd edək ki, İXM-in 564-cü maddəsinə (bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa) görə yüz manat məbləğində cərimə tətbiq olunur.

İlhamə Əbülfət

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir