Azərbaycanda tələbələrin yataqxana problemi: Yük valideynlərin çiyninə düşür – ARAŞDIRMA + FOTO

Cəmiyyət

Sentyabrın 15-də ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayır. Builki bakalavr səviyyəsi üzrə universitetə qəbul olan tələbələrin qeydiyyatı isə bu gün yekunlaşır. Yeni tələbələrin həll etməli olduqları əsas məsələ isə yaşayış yeri ilə bağlıdır. Çünki uzun illərdir Azərbaycanda ali məktəbdə oxuyanların yataqxana problemi həllini tapmır. Bunun bəzi obyektiv səbəbləri də var. Çünki yataqxanaların xeyli hissəsində məcburi köçkünlər məskunlaşıblar. Eyni zamanda son illərdə ali məktəblər yataqxanaların tikintisinə ciddi önəm verməyiblər.

“Report” yeni tədris ilində tələbələrin yataqxana problemi ilə bağlı araşdırma aparıb.

Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, ali təhsil müəssisəsinin Tələbə Evi 220 nəfərlikdir:

“Burada hər bir şərait var. Camaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Tələbə Evi düz universitetin yanındadır. Yataqxanadan universitetə qədər məsafə bir-iki dəqiqəlik yoldur. Yataqxananın qiyməti bir nəfər üçün 75 manatdır. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilirlər. Yeni yataqxanaların tikilməsi də planda var”.

Bakı Mühəndislik Universitetindən (BMU) qeyd olunub ki, ali məktəbin oğlan və qızlar üçün 300 nəfərlik iki böyük və müasir tələblərə uyğun yataqxanası fəaliyyət göstərir:

“Yataqxanalarda bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları, əlavə olaraq hər iki yataqxanada yaxınlarını görmək məqsədilə gələn valideynlər üçün qonaq otaqları mövcuddur. Binalarda zəngin kitabxana, ayrıca dərs çalışma otaqları, akt və fitnes zalları, iaşə və məişət xidməti fəaliyyət göstərir. Tədbirlər və seminarlar keçirmək üçün yataqxanada 120 nəfərlik akt zalı yaradılıb. Tələbələrin idmanla məşğul olmaları üçün müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, stolüstü tennis zalı və şəhərcik daxilində yerləşən basketbol, voleybol və futbol stadionları var. Yataqxanaya yerləşdirmə zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü (hər iki valideynini itirmiş, hər hansı valideyn himayəsindən məhrum, şəhid ailəsi, Qarabağ əlili ailəsi və s.) olan tələbələrə üstünlük verilir. Tələbələr üçün yataqxanaya görə kirayə ödənişləri isə dəyişməyib, sabit saxlanılıb – bir ay üçün 50 manat”.

Sumqayıt Dövlət Universitetinin Ağa Quliyev küçəsində yerləşən 1 saylı tələbə yataqxanasında da müasir standartlara uyğun layihələndirilmə işləri aparılıb və tələbələrin rahatlığını təmin etmək üçün burada hər cür şərait yaradılıb:

“Beşmərtəbəli binanın birinci mərtəbəsində əsasən inzibati hissə yerləşir. Ümumilikdə bina 250 tələbə üçün nəzərdə tutulub. Hər mərtəbədə 60 otaq yerləşir. Hər otaqda isə üç tələbənin qalmaq imkanı olacaq. Otaqlar çarpayı, dolab və şkaflarla da təmin olunub. Binada təhlükəsizlik sistemi, vahid internet və server otağı da inşa olunub. Tələbə yataqxanasında kitabxana, camaşırxana, yeməkxana, qonaqlar üçün otaqlar və tələbələrin asudə vaxtlarını keçirmələri üçün istirahət guşəsi də yaradılıb. Binada müasir istilik və su sistemləri, eləcə də yanğın təhlükəsizliyi sistemi quraşdırılıb, yaşayış və məişət otaqları zəruri avadanlıqlarla təchiz edilib. Yataqxana binasına bir neçə istiqamətdən giriş mümkün olacaq. Binada oğlan tələbələrlə yanaşı, qız tələbələrin də qalmaq imkanı olacaq. Belə ki, 2-3-cü mərtəbələr oğlan tələbələr üçün, 4-5-ci mərtəbələr isə tələbə qızlar üçün nəzərdə tutulub. Bundan sonra isə yataqxana “Tələbə Evi” adlanacaq. SDU tələbələrinin “Tələbə Evi”ndə yaşayacaq tələbələrin müəyyənləşdirilməsində əsas meyar kimi ən çox ehtiyacı olan, rayonlardan gələn və digər amillər nəzərə alınmaqla müəyyənləşdirilməsi fakültə dekanlarına tapşırılıb”.

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş beşmərtəbəli, daş konstruksiyalı altı binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik iki ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Universitetdən bildirilib ki, bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb:

“Hazırda binalarda 100-dən çox ailə yaşayır. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək”.

Memarlıq və İnşaat Universitetindən qeyd olunub ki, təhsil müəssisəsinin beş yataqxanasının cəmi birində tələbələr yerləşə bilirlər:

“Yataqxana 250 nəfərlikdir və tələbələr üçün bütün lazımi şərait yaradılıb. Qiymətdə heç bir dəyişiklik yoxdur və 40 manat təşkil edir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin bir yataqxanası var və 240 yerlikdir. Universitetdən bildirilib ki, qiymətlərdə cüzi artım olub və bu il bir nəfərlik qiymət 85 manat müəyyən edilib.

Lənkəran Dövlət Universitetindən verilən məlumata görə, 153 yerlik qızlar yataqxanası yeni tədris ilinə tam hazırdır:

“Yataqxana qiymətində heç bir artım olmayıb və 50 manatdır. Buna bütün kommunal xərclər və internet daxildir. Yataqxanada uzaq rayonlardan gələnlər yerləşdiriləcəklər. Ən çox ehtiyacı olanlara üstünlük veriləcək”.

Azərbaycan Dillər Universitetinin 205 yerlik yataqxanası var, tələbələrə yaşamaq və oxumaqla bağlı bütün imkanlar yaradılıb:

“Ödənişdə artım nəzərdə tutulmayıb. Yenə də aylıq qiymət 20 manatdır”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetindən isə yataqxanalarında uzun müddətdir məcburi köçkünlərin yaşadıqları bildirilib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir