Yalan ifadə verən şəxs məhkəmə zalında həbs edildi

Cəmiyyət

Şəkidə məhkəməyə şahid qismində cəlb edilmiş şəxs yalan ifadə verdiyi üçün həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən il rayon ərazisində Timur Məmmədov adlı şəxs saxlanılıb və onun barəsində cinayət işi açılıb. Bu işlə əlaqədar T.Məmmədovun dostu, 1988-ci il təvəllüdlü Tural Məmmədov şahid qismində istintaqa cəlb edilib.

O, ifadəsində T.Məmmədovla əlaqələri və digər məqamlar barədə ifadələr verib. Daha sonra Timur Məmmədovun məhkəməsi keçirilərkən Turalın ifadələri təsdiqini tapmayıb. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 297.1-ci (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) maddəsi ilə iş açılıb.

İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Bir neçə gün əvvəl isə Şəki Şəhər Məhkəməsində Tural barəsində açılmış işə baxılıb. Məhkəmə Tural Məmmədova 4 ay müddətinə həbs cəzası təyin edib və o, məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir