Bu gün Azərbaycan dünya miqyasında güclü, nüfuzlu və müasir bir dövlət kimi tanınır. Bu uğurların əsasında isə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və uzaqgörən daxili və xarici siyasəti dayanır. Cənab Prezidentin rəhbərliyi ilə son illərdə əldə olunan nailiyyətlər ölkəmizin həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən nə qədər inkişaf etdiyini açıq şəkildə göstərir.
Xüsusilə qeyd olunmalıdır ki, Vətən müharibəsində əldə olunan şanlı Qələbədən sonra işğaldan azad edilən torpaqlarda aparılan yenidənqurma və bərpa işləri bu gün yeni bir tarixin yazıldığını sübut edir. Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır, müasir şəhərlər, kəndlər, məktəblər, xəstəxanalar, yollar və kommunikasiya xətləri inşa olunur. Məcburi köçkünlər doğma torpaqlarına qayıdır, ata-baba yurdlarında yenidən həyat başlayır. Bu proseslər, təkcə ölkəmizin iqtisadi imkanlarının deyil, eyni zamanda siyasi iradənin və liderlik qabiliyyətinin də göstəricisidir.
Bütün bu uğurların mərkəzində Prezident İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörənliyi və xalqına olan sonsuz sevgisi dayanır. Cənab Prezident dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan ölkəmizdə dayanıqlı sülh mümkün deyil. Bu gün biz həmin strateji baxışın gerçəkləşdiyinin şahidiyik.
Azərbaycan gəncliyi olaraq biz bu dəyişiklikləri qürurla izləyirik. Bir gənc kimi fəxr edirəm ki, mənim prezidentim İlham Əliyevdir. Onun siyasəti bizə gələcəyə daha böyük inam verir. Bu gün Azərbaycan gəncliyi dövlətin yanında, Prezidentin ətrafında sıx birləşmişdir və bu birliyin sayəsində ölkəmiz daha da güclənir, müstəqilliyini möhkəmləndirir.
Son günlərdə Prezident İlham Əliyevin həyata keçirdiyi xarici səfərlər, beynəlxalq görüşlər və yüksək səviyyəli danışıqlar Azərbaycanın artan nüfuzunun bariz nümunəsidir. Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında cənab Prezidentin keçirdiyi görüşlər, apardığı müzakirələr bir daha göstərdi ki, Azərbaycan regionda və dünya səviyyəsində söz sahibi olan bir dövlətdir. Bu uğurlar diplomatik sahədə də ölkəmizin mövqelərini daha da möhkəmləndirir.
Azərbaycan bu gün yalnız iqtisadi və hərbi gücü ilə deyil, eyni zamanda prinsipial mövqeyi, ədalətli siyasəti və etibarlı tərəfdaş imici ilə beynəlxalq aləmdə layiqli yer tutur. Bu reallığın əsas memarı isə məhz Prezident İlham Əliyevdir.
Biz, Azərbaycan vətəndaşları olaraq, xüsusilə də gənclər olaraq, dövlət başçımızın ətrafında sıx birləşmək, onun yürütdüyü uğurlu siyasəti dəstəkləməliyik.Çünki bu gün yazılan tarix, sabahın parlaq gələcəyini formalaşdırır.
Səmil Şahlaroğlu
