C.Naxçıvanski adına Hərbi Liseydə Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirildi

Siyasət

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış C.Naxçıvanski adına Hərbi Liseydə Müdafiə Nazirliyi və Bakı Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ulu Öndərimizin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbirdə mən də iştirak etdim.
Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsini icra edən polkovnik Saday Balayev, Liseyin İdeoloji İş Mənəvi Psixoloji şöbəsinin rəisi polkovnik Müslüm Nəsirov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru professor Məmməd Əliyev, Hərbi Liseyin müəllim-zabit heyəti və gənc kursantların iştirak etdiyi tədbirdə Ulu Öndərimiz Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıldı. Sovetlər dövründə məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində yaradılmış C.Naxçıvanski adına Hərbi Məktəbin Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında müstəsna dərəcədə rol oynaması vurğulandı.
Tədbirdə, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbaninin müəllifi olduğu “Böyük gələcəyə baxış” kitab-albomu da təqdim olundu. Hər bir kəlamı dillər əzbəri olan Ulu Öndərimiz Heydər Əliyevin C.Naxçıvanski adına Hərbi Liseyin açılması ilə bağlı söylədiyi “Biz bu işi başlayanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi” kəlamı “Böyük gələcəyə baxış” kitab-albomu ilə yaşayacaq və seviləcək!

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir