Azərbaycanın kubik-rubiklə portret hazırlayan 24 yaşlı istedadlı gənci Həzrət Məmmədrzayev Qazaxıstanda keçirilən “Central Asia’s Got Talent” şousunun ilk və tək azərbaycanlı finalçısıdır.
Bu barədə Həzrət Məmmədrzayev Oxu.Az-ın əməkdaşı ilə söhbəti zamanı məlumat verib.
O bildirib ki, artıq üç çətin və gərgin turu geridə qoyub:
“Üç dəfə Qazaxıstana gedib-gəlmişəm. Hazırda “Kazakhstan Got Talent”də ilk və tək azərbaycanlı finalçıyam. Final, inşallah, iyunun 18-də keçiriləcək. Yarışın finalına çıxdığım üçün çox sevinirəm. Müsabiqənin ilk çəkilişində hədəfimin qalibiyyəti Azərbaycana aparmaq olduğunu dedim. Buna çoxlu hazırlıqlar oldu. Məşqlərimi daha da intensivləşdirdim və rekord dəqiqələrimi sürətləndirməyə çalışdım.
İkinci turda şoularımla münsifləri heyrətləndirdiyimi düşünürəm. Açığı, narahat idim ki, mənə dəstək gələcəkmi, amma gözlədiyimdən də yaxşı oldu. Nailiyyətlərimə tamaşaçılar da dəstək oldular və artıq finaldayam. Daha da önəmlisi – finalda olan ilk azərbaycanlı mənəm. Finalda 10 iştirakçı yarışacaq və qalibiyyət yalnız birimizin olacaq. Ən güclü olan qazansın”.
H.Məmmədrzayev final şousu üçün nəzərdə tutduğu kompozisiyanı da ilk dəfə bizimlə bölüşdü:
“Finalda “Ginnesin Rekordlar Kitabı”nı yeniləməyi düşünürəm. Belə ki, suyun altında altı ədəd kubik-rubiki düzəltməyi düşünürəm. Bununla bağlı müraciət də ünvanlamışam. Paralel olaraq başqa şoular da hazırlayıram və düşünürəm ki, bu kompozisiyalar məni qalib edəcək”.
Könül Cəfərli
www.102info.az
