COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür

Cəmiyyət

Hər bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkan və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi də çıxış edir. Ölkəmizdə beynəlxalq təşkilatların çoxsaylı siyasi, iqtisadi və humanitar mövzulara həsr olunmuş tədbirləri keçirilir. Bu baxımdan ölkəmizdə keçiriləcək COP29 Azərbaycanın bu nümunəvi təcrübəsinə, potensialına və perspektivlərinə nəzər salmaq imkanı yaradacaq.

Hər kəsə məlum olduğu kimi hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı (COP)” noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Bundan əvvəlki tədbir – COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.

“Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində bildirib. Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlərimiz, eyni zamanda, Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi qeyd edən dövlət başçısı deyib: “Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır”.

Postmüharibə dövründən sonra Azərbaycanın yaratdığı reallıqları ehtiva edən məsələlərin geniş şəkildə müzakirə edidiyi belə bir mötəbər forumun COP29 ərəfəsində keçirilməsi Azərbaycana diqqətin artmasına vəsilə olacaq. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Dinamik inkişafa nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik və təhlükəsizlik baxımından sabit ölkə olması bütün dünya ictimaiyyəti tərəfindən təqdir edilir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ekoloji fəaliyyəti daha da aktivləşdirib. Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi uzunmüddətli və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Hər iki mühüm hadisə ətraf mühitin mühafizəsi sahəsində görüləcək işlərin daha da sürətləndirilməsinə stimul verəcək.

Ümumilikdə, ölkəmizin müstəqillik tarixinə  diqqət etsək, birmənalı şəkildə və əminliklə deyə bilərik ki, Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini verib. Bu təşəbbüslər ölkəmizin prosesdə israrlı olduğunu bir daha təsdiq edir. Tarixi Zəfərimizdən sonra regionda yaranan yeni reallıqlar fonunda Azərbaycanın sosial-iqtisadi və siyasi uğurları qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Azərbaycan Prezidentinin qənaətinə görə, inkişafın bütün sahələri əhatə etməsi üçün sağlam insan konsepsiyasına sadiqlik, bu məqsədlə gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və davamlı inkişaf zərurətdir.

Azərbaycan bəşəriyyəti narahat edən aktual qlobal problemlərin həllində fəal iştirak etməyi vacib hesab edir. Çünki ölkəmiz 30 il ərzində işğalçı Ermənistanın yürütdüyü ekosid siyasətindən əziyyət çəkib, onun flora və faunası, su hövzələri, çayları həmin dövrdə sözün əsl mənasında barbar münasibətə məruz qalıb. Azərbaycan ekoloji terrorla üzləşmiş ölkədir. Bu mənada, ekoloji fəsadlar və iqlim dəyişmələri ölkəmiz üçün də əsas qlobal problemdir. Qlobal istiləşmə prosesini ləngitmək üçün atmosferə buraxılan istixana qazı tullantılarının miqdarını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır. Məhz buna görə indi bir çox ölkələr “sıfır emissiya”ya nail olmaq niyyətində olduqlarını bəyan edirlər. Ona görə də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında ekoloji problemlərə və iqlim dəyişmələrinə daha çox diqqət ayıran, bu istiqamətdə beynəlxalq təşəbbbüsləri fəal surətdə dəstəkləyən ölkə də məhz Azərbaycandır. Elə BMT-nin məhz bu amili əsas götürərək COP29-un ölkəmizdə keçirilməsi qərarı həqiqətən də əlamətdar hadisədir.

Ümumiyyətlə COP29, Azərbaycan üçün sadəcə bir konfrans deyil, həm də ölkənin yaşıl enerji və iqtisadiyyat sahəsindəki iradəsini, potensialını dünya ictimaiyyətinə nümayiş etdirmək imkanıdır. Bu konfrans, Azərbaycanın Qlobal Cənub ölkələri ilə münasibətlərini gücləndirmək, Avropa ölkələri ilə daha sıx əlaqələr qurmaq və ölkənin iqtisadiyyatını neft və qaz hasilatçısı yönümündən azaltmaq istiqamətində əhəmiyyətli addımlar atmaq üçün bir fürsət yaradır.

Azərbaycan, COP29-a ev sahibliyi etməklə yaşıl enerji sahəsindəki fəaliyyətlərinin tanınması və ölkənin bu sahədəki potensialının vurğulanması üçün böyük imkan qazanır. Son illərdə, Azərbaycan enerji strukturlarını çeşidləndirməklə yenilənən enerji mənbələrinə, məsələn, külək və günəş enerjisinə keçid etməkdə ciddi addımlar atmaqdadır. Bu addımlar, Azərbaycanın yaşıl enerji istiqamətindəki iradəsini və potensialını dünya ictimaiyyətinə nümayiş etdirir.

Yalçın Abdullazadə,

YAP Salyan rayon təşkilatının məsləhətçisi,

“Vətən Müharibəsi” iştirakçısı   

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir