Azərbaycan dövlətçiliyinin müasir mərhələsinin təməlində dayanan mühüm tarixi hadisələrdən biri, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasıdır. Bu Cümhuriyyət təkcə xalqımızın istiqlal iradəsinin təzahürü deyil, eyni zamanda bütün Şərq və müsəlman aləmi üçün bənzərsiz siyasi model idi. O dövrdə dünyanın böyük bir hissəsi müstəmləkə asılılığında yaşadığı halda, Azərbaycan xalqı ilk dəfə olaraq milli azadlıq ideyasını hüquqi və siyasi reallığa çevirməyi bacardı. Demokratik idarəetmə prinsipləri, insan hüquq və azadlıqlarının tanınması, qadınlara seçki hüququnun verilməsi, parlamentin çoxmillətli tərkibi və dövlət idarəetməsində müasir dünya təcrübəsinə əsaslanmaq kimi addımlar sübut edirdi ki, Cümhuriyyət qısaömürlü olsa da, zəngin dövlətçilik ənənələrinin bünövrəsini qoymuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun ideyaları xalqın yaddaşından heç vaxt silinmədi. Bu ideyaları yaşadan və onları gələcək nəsillərə ötürən ən böyük tarixi şəxsiyyətlərdən biri məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Ulu Öndər XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini qorumaqla kifayətlənmədi, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin milli irs kimi tanıdılması, tədqiqi və təbliği üçün genişmiqyaslı tədbirlər həyata keçirdi. Onun təşəbbüsü ilə Cümhuriyyətin ildönümləri rəsmi səviyyədə qeyd edilməyə başlandı, gənc nəsildə tarixi yaddaşın formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətini azadlıq tariximizin rəmzi kimi qiymətləndirərək, onun varisi olan müstəqil Azərbaycan dövlətinin məhz bu ideyaların davamçısı olduğunu dəfələrlə vurğulayırdı.
Ulu Öndərin başladığı bu ideoloji və tarixi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cümhuriyyətin yadigarı olan atributlar – bayrağımız, gerbimiz, himnimiz – dövlət rəmzləri kimi qəbul olunub, müstəqillik konsepsiyasının ayrılmaz tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyev daim bu tarixi irsə yüksək qiymət verərək Azərbaycan xalqının öz suverenliyinə daim sahib çıxmaq əzmini xüsusi vurğulayır. Onun rəhbərliyi ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Bu qərar sadəcə yubiley xarakterli tədbirlərin keçirilməsi deyil, eyni zamanda milli kimlik və dövlətçilik təfəkkürünün dərinləşdirilməsi məqsədi daşıyırdı. Həmin il ərzində ölkə daxilində və beynəlxalq platformalarda keçirilən konfranslar, sərgilər, elmi simpoziumlar və digər tədbirlər bir daha göstərdi ki, Azərbaycan dövləti tarixə yalnız xatirə kimi yox, gələcək üçün dərs və istiqamət kimi yanaşır.
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı səsləndirdiyi fikirlər bu məsələyə verilən siyasi və mənəvi qiymətin bariz ifadəsidir. Dövlət başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur” sözləri tariximizin bu mühüm mərhələsinin nə qədər qürurverici olduğunu, onun çağdaş dövr üçün nə qədər aktual qaldığını bir daha göstərir.
Bu gün Azərbaycan öz dövlət müstəqilliyini qorumaqla yanaşı, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını siyasi praktikaya çevirən nümunəvi bir ölkəyə çevrilmişdir. Dövlət idarəçiliyində şəffaflıq və məsuliyyət, insan kapitalına yönəlmiş islahatlar, milli maraqlara əsaslanan xarici siyasət və regionda sabitlik yaradan təşəbbüslər, bütün bunlar bir əsr əvvəl təməli qoyulmuş dəyərlərin bu gün də yaşadığını sübut edir. 28 May – Müstəqillik Günü bu mənada yalnız tarixə hörmət deyil, həm də gələcəyə inamın, milli iradənin və əbədi müstəqillik idealının təntənəsidir.
Aynur Hüseynova,
Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi,
YAP fəalı
