Bakıda əvvəlcə keçmiş həyat yoldaşını daha sonra özünü qətlə yetirən 44 yaşlı Rasim Xəlilovun hadisəni hansı şəkildə törətdiyi məlum olub.
“Qafqazinfo”nun əməkdaşları hadisə yerinə gedərək ərazidə olan şahidlərdən məlumat almağa çalışıblar.
Adının açıqlanmasını istəməyən şahidlərdən biri saytımıza bildirib ki, hadisəni 20-30 metr kənardan görüb:
“Uşaqların məktəbdən çıxan vaxtı idi. Ətrafda valideynlər, uşaqlar var idi. İlk silah səsini eşidəndə dərhal həmin tərəfə baxdım. Gördüm ki, yerdə meyit var. Kişi birinci qadını vurub. Daha sonra gördüm ki, kişi silahı “zaryajat” edir. Elə bildim, yanındakı uşağı vurmaq istəyir. Amma gördüm ki, özünü çənəsindən vurub öldürdü. Səhv etmirəmsə, onların uşaqları idi. Qara rəngdə, tüfəngdən bir az balaca silahla vurmuşdu”.
Qeyd edək ki, hadisə bu gün Sabunçu rayonunda, Xəlil bəy Xasməmmədov küçəsində baş verib. R.Xəlilov özündən 19 yaş kiçik keçmiş həyat yoldaşını “Vinçester” tipli silahla vurub. Daha sonra özünü qətlə yetirib.
13:53
Prokurorluq Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Sabunçu Rayon Prokurorluğundan Oxu.Az-a daxil olan məlumatda deyilir:
“Aprelin 6-sı Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misli Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı odlu silahla atəş açaraq Misli Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir”.
13:44
Bakıda küçədə kişi arvadını və özünü güllələyərək öldürüb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, paytaxt sakini Rasim Xəlilov özünə məxsus qanuni ov tüfəngi ilə küçədə əvvəl həyat yoldaşı Misli Xəlilovanı güllələyərək qətlə yetirib. Daha sonra o, həmin silahla özünü vuraraq öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
www.102info.az
