Dalğalan, Qürur Mənbəyim – Azərbaycan Bayrağı!

Baş səhifə

Azərbaycanın üçrəngli bayrağı xalqımızın mübariz ruhunun, milli qürurunun və müstəqil dövlətçilik düşüncəsinin ən ali rəmzidir. Hər bir rəngi ilə xalqımızın kimliyini, tarixini və gələcəyə inamını özündə daşıyan bu bayraq bu gün azad, güclü və qalib Azərbaycanın simvoluna çevrilib. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir.” Bu sözlər yalnız bir dövlət başçısının fikirləri deyil, bütün Azərbaycan xalqının duyğularının ifadəsidir. Çünki bu bayraq hər birimizin qəlbində yaşayan vətən sevgisinin, milli birliyin və azadlıq duyğusunun təcəssümüdür.
Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra bayrağımız milli suverenliyin, dövlət müstəqilliyinin və milli kimliyimizin ən müqəddəs simvollarından biri kimi qəbul olundu. Prezident İlham Əliyev bu ideyanı daim ön planda saxlayaraq qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizin, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizin bariz göstəricisidir. O, təkcə bir parça deyil — tarixi yaddaşımızı, mübarizə yolumuzu və azad yaşamaq iradəmizi özündə birləşdirən müqəddəs bir varlıqdır.
Bu gün bayrağımızın ucalığı Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gücü və qüdrəti ilə birbaşa bağlıdır. Onun təşəbbüsü və siyasi iradəsi ilə 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanı ucaldıldı. 162 metr hündürlüyündə dalğalanan üçrəngli bayrağımız o gün təkcə paytaxt səmasında deyil, bütün xalqın qəlbində ucaldı. Bu tarixi açılış mərasimində Prezident İlham Əliyev bayrağın mənəvi əhəmiyyətini vurğulayaraq dedi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət Bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır.”
Bu sözlər bir xalqın arzusu, bir liderin əzmi və bir dövlətin gələcək hədəfi idi. İllər sonra həmin hədəf reallığa çevrildi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı. O müharibə həm torpaqlarımızın azadlığı, həm də üçrəngli bayrağımızın ucalığı uğrunda bir mübarizə idi. Azərbaycan Ordusunun igid əsgərləri bayrağımızı əllərində qaldıraraq irəli atıldılar. Hər bir döyüşçü üçün o bayraq həm məqsəd, həm güc, həm də qələbə simvolu idi. Hər bir azad edilən kənddə, şəhərdə, yüksəklikdə ilk sancılan məhz Azərbaycan bayrağı oldu. Hər bir qalibiyyət anında əsgərlərimiz o bayrağı ucaldaraq Ali Baş Komandan İlham Əliyevə raport verdilər. Həmin anlar həm müasir tariximizin, həm də milli şüurumuzun qürur səhifələrinə yazıldı.
Şuşada, Xocavənddə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında dalğalanan bayraq bir xalqın möhtəşəm dirçəlişini, illərlə içində daşıdığı arzunun gerçəkliyə çevrilməsini ifadə edir. Prezident İlham Əliyevin “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır” sözləri artıq tarixi həqiqətə çevrilib. O bayraq indi Qarabağın səmasında azadlıq kimi dalğalanır. Bu, həm Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin təntənəsi, həm də Prezident İlham Əliyevin qətiyyəti və xalqın birliyinin nəticəsidir.
Bayrağımız artıq təkcə müstəqilliyimizin deyil, həm də Zəfərimizin rəmzidir. Onun dalğalandığı hər bir yer azadlığın, ədalətin və əzmin simvoluna çevrilib. O bayraq bu gün hər bir azərbaycanlının qürurudur, şəhidlərimizin müqəddəs xatirəsidir, qazilərimizin hünər dastanıdır. Hər bir məktəbdə, hər bir dövlət qurumunda, hər bir ailədə bu bayraq uca bir dəyər kimi qorunur.
Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü, qalib və müstəqil dövlətdir. Antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olunub, bayrağımız artıq bütün bölgələrdə qürurla dalğalanır. Bu bayraq yalnız bir dövlətin deyil, həm də bir xalqın şərəfinin, birliyinin, iradəsinin və gələcəyinin simvoludur.
Azərbaycan Bayrağı bu gün hər birimizin qəlbində dalğalanır. O bayraq minlərlə şəhidin qanı ilə müqəddəsləşib, xalqın sevgisi ilə ucalıb, dövlətin gücü ilə əbədiləşib. O, bizim tariximizin, kimliyimizin, dövlətçiliyimizin və Zəfərimizin ən möhtəşəm nişanəsidir.
Eşq olsun, Azərbaycan Bayrağına! Eşq olsun, Qalib Azərbaycana!

Xidmət Orucov,
Salyan rayon Yolüstü bələdiyyəsinin sədri, YAP veteranı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir