Azərbaycan Respublikasının müasir inkişaf modeli möhkəm dövlətçilik ənənələrinə, hüquqi prinsiplərə və sosial məsuliyyətə əsaslanır. Dayanıqlı inkişaf anlayışı ölkəmiz üçün təkcə iqtisadi göstəricilərlə ölçülmür, eyni zamanda güclü dövlət–vətəndaş münasibətləri, ictimai sabitlik, hüquqi dövlət quruculuğu və insan amilinə verilən dəyər ilə səciyyələnir. Bu baxımdan müstəqil Azərbaycanın keçdiyi yol Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi fundamental dövlətçilik strategiyası üzərində formalaşıb.
Ümummilli Lider Heydər Əliyev üçün dayanıqlı inkişafın əsas şərti güclü və işlək dövlət institutlarının yaradılması, Konstitusiyaya söykənən idarəetmə mexanizmlərinin formalaşdırılması və cəmiyyətin bütün təbəqələrini əhatə edən sosial ədalət prinsiplərinin təmin edilməsi idi. Məhz onun rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlət quruculuğunun hüquqi əsasını yaratmaqla yanaşı, uzunmüddətli və sabit inkişafın yol xəritəsini müəyyən etdi. Ulu Öndər tərəfindən formalaşdırılan bu siyasi irs Azərbaycan dövlətçiliyinin ideoloji dayağına çevrildi.
Bu strateji xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə daha da zənginləşdirilərək davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar göstərir ki, dayanıqlı inkişaf yalnız iqtisadi artımla deyil, eyni zamanda hüququn aliliyi, sosial rifah, insan hüquqlarının qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi ilə mümkündür. Prezident İlham Əliyevin siyasətində suverenlik anlayışı yalnız ərazi bütövlüyü ilə məhdudlaşmır, həm də dövlətin öz vətəndaşı qarşısında məsuliyyəti kimi dərk olunur.
2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi də məhz bu dövlətçilik fəlsəfəsinin bariz ifadəsidir. Bu qərar göstərir ki, Azərbaycan dövləti əldə etdiyi siyasi, iqtisadi və hərbi gücü konstitusion dəyərlərin möhkəmləndirilməsinə, hüquqi dövlətin daha da inkişaf etdirilməsinə yönəldir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən təşəbbüslər, hüquqi maarifləndirmə tədbirləri və institusional addımlar dövlətçilik ənənələrinin cəmiyyətin bütün sahələrində möhkəmləndirilməsinə xidmət edir.
Bu kontekstdə Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə son amnistiya təşəbbüsü ilə çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir. Müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiya aktlarından biri kimi qiymətləndirilən bu təşəbbüsün on minlərlə insana şamil olunacağı gözlənilir. Bu qərar dövlətin hüquqi gücü ilə humanist dəyərləri vəhdətdə tətbiq etdiyini, sosial məsuliyyəti və vətəndaş amilini daim ön planda saxladığını nümayiş etdirir.
Amnistiya institutu ümumilikdə Azərbaycan dövlətçilik ənənələrinin mühüm tərkib hissəsi kimi çıxış edir. Bu institut cəmiyyətin sağlamlaşdırılmasına, sosial gərginliyin azaldılmasına və insanların yenidən cəmiyyətə qazandırılmasına xidmət edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları sübut edir ki, Azərbaycan dövləti cəza siyasətini yalnız məhdudlaşdırıcı mexanizm kimi deyil, islah, bağışlama və sosial reinteqrasiya vasitəsi kimi dəyərləndirir. Bu yanaşma dayanıqlı inkişafın sosial əsaslarını daha da möhkəmləndirir.
Eyni zamanda, son amnistiya təşəbbüsü minlərlə ailə üçün yeni ümid, sosial rifah və psixoloji sabitlik deməkdir. Bu addım cəmiyyətdə inam mühitini gücləndirir, vətəndaşların dövlətə bağlılığını artırır və milli həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Dövlətin gücünü humanizm üzərində qurması Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsinin əsas prinsiplərindən biri kimi özünü göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, müstəqil Azərbaycanda formalaşmış dövlətçilik ənənələri yalnız keçmişin mirası deyil, eyni zamanda gələcəyə hesablanmış strateji inkişaf modelidir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və Prezident İlham Əliyevin ardıcıl fəaliyyəti nəticəsində Azərbaycan güclü suverenliyə malik, hüquqi və humanist dövlət kimi dayanıqlı inkişaf yolunda inamla irəliləyir.
Bir sözlə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən təşəbbüslər, o cümlədən Prezident İlham Əliyevin irəli sürdüyü son amnistiya təşəbbüsü, Azərbaycan dövlətinin dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələrinə sadiqliyinin və bu ənənələri yeni mərhələyə daşımaq əzminin parlaq nümunəsidir. Bu siyasət ölkəmizin gələcək inkişafının möhkəm hüquqi, ideoloji və mənəvi əsaslar üzərində qurulduğunu bir daha təsdiqləyir.
Validə Həsənova,
YAP Salyan rayon təşkilatının GEM ərazi partiya təşkilatının sədri
