Dilimiz – kimliyimizin ifadəsi, milli varlığımızın əsasıdır

Baş səhifə

Ana dili xalqın ruhunun aynası, mənəviyyatının təcəssümü, milli varlığının əsasıdır. Hər bir xalq öz varlığını və tarixini ilk növbədə ana dili ilə qoruyur və gələcək nəsillərə ötürür. Ana dilimiz bizim təkcə ünsiyyət vasitəmiz deyil, həm də milli düşüncə tərzimizin, milli yaddaşımızın və mədəniyyətimizin ifadəsidir. Azərbaycan xalqı əsrlər boyu çoxsaylı tarixi sınaqlardan keçsə də, dilini qorumağı, onu yaşatmağı və inkişaf etdirməyi bacarmışdır. Bu baxımdan 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımız üçün dərin rəmzi və mənəvi məna daşıyan mühüm gündür.Azərbaycan dilinin keçdiyi tarixi yol çox zəngin və mürəkkəb olmuşdur. Əsrlər boyu müxtəlif siyasi rejimlər və ideoloji təsirlər altında yaşamasına baxmayaraq, dilimiz daim xalqımızın mənəvi dayağı kimi qalmağı bacarmışdır. Xüsusilə XX əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dilimiz də bu müstəqilliyin rəmzinə çevrildi. Bu nailiyyətin əldə olunmasında isə Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna və əvəzsizdir.Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə – Azərbaycanın müstəqil olmadığı illərdə belə ana dilimizə olan sevgisini açıq şəkildə ifadə edir, onun qorunması və inkişafı üçün ciddi addımlar atırdı. 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi məhz onun prinsipial mövqeyinin nəticəsi idi. Bu, o dövr üçün son dərəcə cəsarətli və tarixi bir qərar idi. Çünki SSRİ-də rus dili əsas dil kimi təbliğ olunurdu və digər dillərə ikinci dərəcəli münasibət vardı. Belə bir şəraitdə Azərbaycan dilinin dövlət dili kimi konstitusiyaya salınması milli kimliyimizin qorunması baxımından əhəmiyyətli hadisə idi.Heydər Əliyev ana dilinə daim böyük hörmətlə yanaşırdı. Onun “Azərbaycan dili bizim milli sərvətimizdir. Hər bir xalq öz dili ilə fəxr etdiyi kimi, biz də öz dilimizlə fəxr edirik” sözləri ana dilimizin yalnız dil kimi deyil, həm də milli dəyər kimi qiymətləndirildiyini göstərir. Ulu öndər hesab edirdi ki, bir xalqın mənəvi bütövlüyünü təmin edən əsas amillərdən biri də məhz onun dilidir. Onun siyasi iradəsi ilə 2001-ci ildə imzalanan sərəncamla 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis olundu. Bu gün təkcə dilə deyil, həm də milli-mənəvi dəyərlərə hörmətin təcəssümüdür.Azərbaycan əlifbasının latın qrafikasına keçidi də məhz ulu öndərin təşəbbüsü və siyasi uzaqgörənliyi nəticəsində baş tutdu. Bu addım Azərbaycan xalqının türk dünyasına inteqrasiyası baxımından mühüm mərhələ idi. Yeni əlifba həm də müasir dünyaya açılmaq, informasiya texnologiyalarına çıxış, qloballaşan dünyada milli kimliyi qorumaq üçün vacib vasitədir.Bu gün Azərbaycan dili dövlət dilidir və bu statusu yalnız konstitusiyada deyil, həm də cəmiyyətin bütün sahələrində real şəkildə özünü göstərir. Məktəblərdə, universitetlərdə, mətbuatda, televiziyada, dövlət idarələrində Azərbaycan dili əsas ünsiyyət vasitəsidir. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirərək Azərbaycan dilinin saflığının qorunmasına, inkişaf etdirilməsinə və dünya miqyasında tanıdılmasına xüsusi diqqət yetirir. Onun sözləri ilə desək, “Azərbaycan dili bu gün inkişaf edir, zənginləşir və dünya miqyasında tanınır.”Bu uğurların davamlı olması üçün hər bir Azərbaycan vətəndaşı üzərinə düşən məsuliyyəti dərk etməlidir. Ana dilimizə sahib çıxmaq, onu sevmək, öyrənmək və təbliğ etmək təkcə filoloqların və müəllimlərin işi deyil – bu, hər birimizin milli borcudur. Xüsusilə gənc nəslin milli dildə tərbiyə alması, bu dildə düşünməsi, bu dildə yazıb-yaratması gələcəyimiz üçün həyati əhəmiyyət daşıyır. Unutmayaq ki, dilini qoruyan xalq tarixdə qalır, dilini itirən xalq isə yaddaşlardan silinir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Ana dilini sevən hər bir insan öz xalqını sevir, öz vətənini sevir.” Ona görə də, gəlin bu əziz gündə dilimizə sahib çıxmağın, onu sevərək öyrənməyin və yaşatmağın vacibliyini bir daha dərk edək.Allahverdi Piriyev Salyan rayon Ziyalılar birliyinin sədri, Əməkdar müəllim, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir