Diplomatik qələbəmizin yeni mərhələsi

Siyasət

 

Müasir dövrdə geosiyasət xalqların, dövlətlərin və regionların inkişafında əsas faktorlardan birinə çevrilib. Çünki istənilən dövlətin, xalqın taleyi, müxtəlif coğrafi amillər və geosiyasi güc mərkəzlərinin bu məkanda tutduğu mövqe, atdığı addımlar və yeritdiyi siyasətdən asılıdır. Azərbaycanın yerləşdiyi region dünya düzümünün formalaşmasına təsir göstərmək gücündə olan geosiyasi məkandır. Bu baxımdan, dünyanın ən həssas regionlarından sayılan Qafqaz və Xəzər hövzəsində cərəyan edən hadisələri yalnız dünyada gedən proseslər və regionda mənafeyi olan mərkəzlərin marağı çərçivəsində deyil, həm də əsrlər boyu burada gedən geosiyasi proseslər prizmasından təhlil etmək doğru olardı. 

Azərbaycanın xarici siyasət istiqamətləri və prioritetləri sırasında Avropa ilə Asiyanın qovşağında yerləşən və şərti olaraq Avrasiya adlandırılan subregion ölkələri ilə münasibətlər həmişə xüsusi yer tutub. Azərbaycanın özü də bu bölgə ölkələri sırasına daxil olduğundan onun həm daxili, həm də xarici vəziyyəti daim bu regionda baş verən hadisələrdən, region dövlətləri arasındakı münasibətlərdən, onların üst-üstə düşən və kəsişən maraqlarından, eyni zamanda dünyanın aparıcı dövlətlərinin bu subregionda həyata keçirdiyi transmilli siyasətdən asılı olaraq dəyişmişdir. Avrasiya geostrateji və geosiyasi əhəmiyyətinə görə dünyanın bütün aparıcı dövlətlərinin, qloballaşma və inteqrasiya mərkəzlərinin, beynəlxalq və regional təşkilatların diqqətini daim özünə cəlb etmişdir. Avrasiya beynəlxalq əhəmiyyəti ilə yanaşı, həm də region xalqlarının yaşadığı, region ölkələrinin mövcud olduğu konkret bir məkandır. Hər bir Avrasiya ölkəsi böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, bölgədə öz milli marağını təmin etmək məqsədilə məxsusi xarici siyasət yürüdür, dünya və region dövlətləri ilə münasibət qurur, iqtisadi, siyasi, hərbi, mədəni bloklar yaradır, transmilli və regional inteqrasiya və b. proseslərdə iştirak edir.

Avrasiya məkanından Azəraycanın xarici siyasətinin əsas vektorlarından biri də Rusiya Federasiyası təşkil edir. İki tərəfli əlaqələrin dərin tarixi köklərə sahib olması əlbəttə, müasir günümüzdə iki tərəfli əlaqələrimizin inkişafına öz müsbət təsirini göstərir. Qeyd edək ki, əlaqələrin əsasının qoyulması və inkişafı müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün isə iki tərəfli əlaqələrin dinamik inkişafı Cənab Prezident İlham Əliyevin fəal xarici siyasət strategiyası ilə bağlıdır. Bu gün əlaqələrimizin inkişafında yeni mərəhələ heç şübhəsiz 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimiz və regionda Azərbaycanın diktə etdiyi yeni reallıqların yaranmasıdır. Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi regionda yeni siyasi-iqtisadi reallıqlar yaradıb. Bu reallıqlar sırasında regional əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi də mühüm yer tutur. Vurğulamaq lazımdır ki, Azərbaycan yeni dönəmdə Cənubi Qafqaz regionunun mühüm əməkdaşlıq platformasına çevrilməsi istiqamətində səylərini davam etdirir.

Tarixi Zəfərimizdən sonra Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında Rusiyanın bilavasitə iştirakı ilə sülh gündəliyi ətrafında aparılan müzakirələr və görüşlər şimal qonşumuzun regionun sülh və sabitlik əldə etməsini, kommunikasiyalarına açılması məsələlərində fəallıq göstərməsini, ən əsası isə bu məsələlərə Azərbaycan prizmasından baxaraq regionun reallıqlarını qəbul etməsi Cənab Prezident İlham Əliyevin hər görüşdən sonra masa arxasından diplomatik qalibiyyətlə ayrılması nəticəsində olmuşdur.

Qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin oktyabrın 31-də Prezident Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə səfəri zamanı regional sülhün və təhlükəsizliyin qorunması, iqtisadi əməkdaşlıqların genişləndirilməsi kimi, məsələlər müzakirə olunub və sülh sazişi istiqamətində keçirilən Azərbaycan,Rusiya və Ermənistan-üç tərəfli görüş keçirilib. Qeyd etmək lazımdır ki, iki dövlət arasında əməkdaşlıq əlaqələrinin səviyyəsi, regional, təhlükəsizlik və digər məsələlər üzrə mövqelər üst-üstə düşür. Bununla yanaşı, ölkələrimiz arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi iradə mövcuddur. Hər iki ölkə başçısının Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirməsi, bu razılaşmanın yerinə yetirilməsi, həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat dəhlizinin – Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirləri regionun gələcək inkişafı üçün mühüm amildir.

Qeyd edək ki, Rusiya Azərbaycanın mövqeyini müsbət dəyərləndirir, regionda sülhün qorunub saxlanılması, Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir. Rusiya Prezidentinin Azərbaycanın postmünaqişə dövründə daimi sülhün əldə olunmasında maraqlı olduğuna görə cənab Prezident İlham Əliyevə təşəkkür etməsi də əsas məqamlardan biri kimi dəyərləndirilməlidir. İstənilən halda, Azərbaycan münaqişəni öz gücü hesabına həll edib. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və bölgədə kommunikasiya xətlərinin açılması üçün çox münbit şərait var. 10 noyabr üçtərəfli Bəyanatda da göstərildiyi kimi, həm Rusiya, həm Ermənistan, həm də Azərbaycan bu kommunikasiya xətlərinin fəaliyyət göstərməsi razılığına gəliblər.

Son Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğuru oldu. Cənubi Qafqazda sülhün əldə edilməsinə dair vahid yanaşma bir daha təsdiq edildi, istənilən anlaşma ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Bunu Ermənistan bir daha qəbul etdi. Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxlayır. Bu Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının gücüdür. Azərbaycan daha bir uğura imza atdı. Bu uğurlar isə bizi ərazi bütövlüyümüz çərçivəsində və 5 baza prinspi əsasında imzalanacaq sülh anlaşmasına yaxınlaşdırır. Sülhdən isə bütün region faydalanmış olacaq.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir