Dünya nizamı artıq mövcud deyil

Siyasət

Prezident İlham Əliyevin martın 14-də “Euronews” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər, verdiyi mesajlar regionumuzda, ətraf coğrafiyalarda, eyni zamanda, qitə ölkələrində baş verən siyasi proseslərin və münaqişələrin düzgün təhlili və beynəlxalq birlik üçün ciddi nəticələr çıxarılması baxımından konseptual əhəmiyyəti ilə diqqəti cəlb etdi.

Azərbaycan Prezidenti ilk növbədə ölkəmizdə keçirilən XII Qlobal Bakı Forumunun bəşəriyyəti narahat edən düşündürücü məsələlər, qlobal proseslər barədə obyektiv qiymət verilməsində mötəbər kürsüyə çevrildiyini xatırlatdı. Bildirdi ki, dünyanın ictimai-siyasi elitasını, beynəlxalq təşkilatların rəhbərlərini, aparıcı beyin mərkəzlərini bir araya toplayan bu mötəbər platformada ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə müxtəlif fikir və mövqelər, fərqli yanaşmalar diqqətə çatdırılır. Bu da Forumun demokratik və azad fikir tribunası kimi əhəmiyyətini artırır.

Dövlətimizin başçısı dünyanın aparıcı media resursuna bu müsahibəsində bütövlükdə qlobal geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda baş verən humanitar defoltla bağlı özünün fərqli və müstəqil baxış bucağını, analitik strateji düşüncəsini və yanaşmasını ifadə etməklə beynəlxalq ictimaiyyətin yaddaşını təzələyir. O, dünya nizamının artıq mövcud olmadığı bir zamanda dövlətlərin hansı istiqamətdə hərəkət etməli olduğu ilə bağlı müdrik ideyalarını bölüşür. “Dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil”.

Dövlətimizin başçısı, həmçinin milli maraqlarımız məsələsində ölkəmizin heç kəsə və ya heç bir təsisata arxalanmadığını “Euronews” televiziyası vasitəsilə dünya ictimaiyyətinə bir daha çatdırıb. Bu xüsusda o, digər dövlətlərə belə bir mesaj da verib: “Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir. Onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək”.

Bu kimi məsələlərə Azərbaycan formatından yanaşan Prezident bildirib ki, ölkəmiz öz siyasətini bu şəkildə qurub və təcrübəmizin də uğurlu olması sübuta yetirilib: “Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir”. Şübhəsiz, bütün bunlar ölkəmizin inkişafının düşünülmüş şəkildə aparıldığını bir daha təsdiq edir.

Cənab İlham Əliyev “Euronews”a müsahibədə Azərbaycanın sülh quruculuğunda özünün təşəbbüskar iradəsinə diqqət çəkərək hər zaman olduğu kimi dinc yaşayış layihəsinə sadiqliyini bəyan etdi. O, Cənubi Qafqaz regionunun sabitliyi və rifahı, gələcəyi üçün narahatlığını ifadə edərək dayanıqlı sülh təminatında yorulmadan çalışdığını, təcavüzkar Ermənistanın özünün gələcəyinin zəmanəti olacaq barış xəritəsini hazırladığını vurğuladı. “Növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Bu regionla əlaqədar geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik”.

Azərbaycan Prezidenti İrəvana mesaj verir ki, sülh sazişi imzalanmayana qədər Ermənistan regional inteqrasiyadan, inkişafdan geri qalmaqda davam edəcək və geosiyasi qarşıdurmanın qurbanına çevriləcək.

Bir sözlə, Azərbaycan Prezidentinin müsahibədə önə çəkdiyi ciddi nüansların hər biri dünyanın nəhəng media resurslarının, nüfuzlu araşdırma və beyin mərkəzlərinin qlobal proseslərlə bağlı dərin təhlil və proqnozlaşdırılma aparmaq baxımından zəngin mənbə hesab edilə bilər.

Validə Həsənova,

YAP Salyan rayon təşkilatının GEM ərazi partiya təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir