Zəlzələdən 10 gün sonra ortaya çıxdı: Kənd ortadan bölündü – FOTO/VİDEO

Dünya

Türkiyədə  fevralın 6-da baş verən dağıdıcı zəlzələ bir çox yerlərdə qırılma xəttinin peyda olmasına səbəb olub. Bu xətlərdən biri də Qaziantepin Nurdağı rayonunda Gökçedere kəndində qeydə alınıb.

Kəndi iki yerə bölən çat barədə bu gün məlum olub.

“Zəlzələ başlayanda elə bildik ki, Qiyamət qopdu. Uşaqlarla çölə çıxmağa çalışdıq. Qonşuluğumda yaşayan qardaşımı çıxardıq. Qayıdanda gördük ki, dayımın oğlunun evi dağılıb. Bir tərəfdən də yağış yağırdı. Nə baş verdiyini anlamağa çalışırdıq. Zəlzələ olduğunu anlayanda dağıntılar altında qalanları çıxarmağa çalışdıq. 3-4 saatdan sonra hamı özünə gələndə birlikdə dağıntılar altında qalanların cəsədlərini çıxardıq”, – deyə sakinlərdən biri olanları danışıb.

Onun sözlərinə görə, çatlar zəlzələ baş verən günün səhəri yaranıb. Kənd sakini həmçinin bildirib ki, əvvəlki günlər qırıq daha böyük imiş, ancaq zaman keçdikcə afterşoklar səbəbindən qismən bağlanmağa başlayıb.

Sakinlər özləri də öz imkanları ilə – traktor və kürəklərlə bu çatları bağlamağa çalışıblar.

Mənbə: Haber Global