Aİ Suriyaya qarşı sanksiyaları müvəqqəti olaraq yumşaldır

Dünya

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaları müvəqqəti yumşaltmaq qərarına gəlib. Bu yolla siyasətçilər ayın əvvəlində 5,8 mindən çox adamın ölümü ilə nəticələnən zəlzələdən sonra ölkəyə yardım çatdırılmasını asanlaşdırmaq istəyirlər.

“Altı ay müddətinə nəzərdə tutulan tədbir Suriyada zəlzələ ilə daha da dərinləşən humanitar böhranın şiddəti ilə əlaqədar qəbul edilib”, – deyə məlumatda qeyd olunur.

Sanksiyaların yumşaldılmasından sonra humanitar təşkilatlar Aİ-nin sanksiyalarına məruz qalan təşkilatlara mal göndərmək və ya xidmət göstərmək üçün Avropadan qabaqcadan icazə almağa məcbur olmayacaqlar.

Suriya hökuməti və əlaqəli şirkətlər Dəməşqin müxaliflərə qarşı repressiyasına görə Aİ-nin sanksiyalarına məruz qalırlar. Aİ-nin 2011-ci ildə tətbiq etdiyi sanksiyalar 291 fiziki şəxsi və 70 qurumu əhatə edir, buraya aktivlərin dondurulması və səyahət qadağası da daxildir.

Mənbə: Le Figaro