Korsikalıları “fransız” saydığı halda, ermənilərdən daha çox erməni olmağa cəhd edən Fransa…

Dünya

“Bu, tarixin sonu deyil. Əksinə, öz fəaliyyətimizlə biz müstəqillik hərəkatımızda yeni perspektivlər açmağa çalışırıq. Yeni mərhələyə başlamaq və Korsikanı müstəqilliyə çatdıracaq siyasi güc yaratmaq vaxtıdır”.

1976-cı ildə mübarizəyə başlayan Korsikanın Milli Azadlıq Cəbhəsi 2014-cü ildə silahı yerə qoyarkən məhz bu açıqlaması ilə gündəmə gəlmişdi. Bu andan sonra əsrlərdir davam edən mübarizənin aparılmasında demokratik qaydaların rəhbər tutulması ön plana çıxdı. Yəni korsikalılar qanuni yollarla “fransız” deyil, korsikalı olmaq istədiklərini bildirir, öz dillərinin fransız dili ilə eyni statusa sahib olmasını istəyir, muxtariyyət tələb edirdilər.

Lakin yekunda Fransa dövləti üçün korsikalıların demokratik tələblərinin heç bir anlam daşımadığı ortaya çıxdı.

Belə ki, son günlər Korsikada davam edən etirazlar Fransanın özünəməxsus demokratiyasının öz vətəndaşlarının qanuni tələblərinə qətiyyən məhəl qoymadığını göstərir. Korsikalılar isə müstəqillik bir yana qalsın, muxtariyyətə belə razı olduqlarını bildirirlər. Təbii ki, Fransa demokratiyası üçün bu da qəbuledilməz hesab olunur.

Yəni Fransa Avropada demokratiya uğrunda mübarizə öncüllərindən biri kimi təqdim olunsa da, həmin demokratiyanın bütün tələblərini açıq-aşkar tapdalamağa çalışır. Onun üçün Korsika məsələsi heç zaman açılmayacaq, heç bir müstəvidə qəbul olunmayan bir anlayışdır.

Halbuki Fransa heç də həmişə “demokratiya”nı boğmağa çalışmır. Məsələn, söhbət ermənilərdən gedəndə hətta separatçılığı belə demokratiyanın başlıca şərtinə çevirə bilər, bir qədər dərinə getsək, utanmadan separatizmlə demokratiyanı eyniləşdirə də bilər. Yetər ki, Parisin maraqları təmin olunsun.

Əgər Fransa istəyirsə, “separatizm” “demokratiya”ya, “demokratiya” isə “separatizm”ə çevrilə bilir. Burada əsas meyar Fransa dövlətinin siyasi maraqlarına cavab vermək, Fransanın yürütdüyü kampaniyanın siyasi elitanın istədiyi tərzdə inkişaf etdirilməsidir.

Fransa üçün demokratiya – separatizmdir

Korsikalıların onsuz da maliyyə baxımından asılı olduqları Fransadan tam müstəqillik əldə etmək fikirləri yoxdur. Hərçənd buna tarixi baxımdan da tam hüquqları çatır. Çünki bu xalq 1755-ci ildə Korsika Respublikasını yaradıb. Həmin respublika 1768-ci ildə Fransa tərəfindən zəbt olunub. Lakin buna baxmayaraq, yenə də korsikalılar muxtariyyət tələbləri ilə kifayətlənməyi məqsədəuyğun hesab edirlər. Millətçilərin kiçik bir qismini çıxmaq şərtilə əksər hissəsi sözügedən ideyanı dəstəkləyir.

Ancaq Fransa nə edir? Korsikada demokratik tələb irəli sürənləri separatçı hesab edir, onların qanuni çərçivədəki tələblərini belə geri çevirir. Bu məsələnin gündəmə gəlməsindən narahatlıq keçirir. Bununla Fransa Korsika əhalisinin demokratik fikirlərini bloklayır, həmin demokratik haqq və tələbləri separatizm adlandırır.

Deməli, fransızsayağı demokratiyada məhz belə olur…

Həmin Fransa və “separatizm – demokratiyadır” riyakarlığı

Nə qədər qəribə görünsə də, Fransa yuxarıda qeyd olunan vəziyyətin tam əksini də iddia etməyi bacarır. Bütün dünyanın gözü qarşısında, riyakarlıqla diqqəti daxili problemlərdən beynəlxalq məsələlərə yönəltmək cəhdi fonunda Azərbaycanın Qarabağ bölgəsindəki separatçı ermənilərə dəstək verir. Bu halda Fransa üçün “separatizm” nədənsə “demokratiya”ya çevrilir, ancaq kiçik bir düzəliş edək, həmin o mənşəyi bəlli olmayan, bir qrup şəxs və qüvvələrin maraqlarına xidmət edən fransızsayağı demokratiyaya…

Üstəlik ermənilərin korsikalılar kimi tarixi əsasları da yoxdur. Mövcud olan tarixi faktlar, sənədlər onların bu bölgədə gəlmə olduğunu birmənalı şəkildə ortaya qoyur. Ancaq bu məsələdə Fransanın standartı haradadır? Korsikanın yerli əhalisi separatçıdırsa, rəsmi Paris Qarabağa köçürülmüş ermənilərə hansı əsasla dəstək verə bilir?

Siyasi elitanın əsl mahiyyəti

Bunun cavabı Fransanın dövlət siyasəti və onun icraçıları olan siyasi elitanın əsl mahiyyətindədir. Fransanın siyasət meydanı əsl riyakarlıq səhnəsinə çevrilib. “Gözəllik adası” (Korsika adası belə adlandırılır – red.) gözə görünməsə də, ermənilər üçün “can yandıracaq” fransız siyasətçi tapmaq çox asan məsələyə çevrilir.

Hazırkı dövlət başçısı Emmanuel Makron, onun apreldə yekunlaşacaq seçki yarışında əsas rəqibləri Valeri Pekres, Erik Zemmur kimi siyasətçilər də öz ölkələrinin “demokratiya” anlayışına və maraqlarına tam bələd bir görüntü ortaya qoyur. E.Makron ermənilərə açıq dəstəyini büruzə verir, Valeri Pekres və Erik Zemmur isə Fransadakı ermənilərin səsləri üçün Ermənistana qədər gedib çıxırlar. Burada Fransa siyasətinin iç üzünü sözün əsl mənasında bütün çılpaqlığı ilə ortaya qoyan isə sözsüz ki, Valeri Pekresdir. Xanım Pekres öz ölkəsində Korsikaya məhəl qoymasa da, ermənilərin səsləri üçün bütün beynəlxalq prinsipləri, hüquqları, qanunları tapdalamağı yaxşı bacarır. Onun Qarabağa səfəri iç üzü çoxdan ifşa olunmuş Fransa siyasi elitasının iyrənc siyasi maraqlarının əsirinə çevrildiyini növbəti dəfə sübuta yetirir.

Yuxarıda qeyd olunan məqamlar Fransanın ikili standartlarının nə qədər ikrah doğuran bir həddə gəlib çatdığını göstərir. Paris üçün mənfəəti, maraqları varsa, məsələlərə hətta daban-dabana zidd reaksiyalar vermək də mümkündür. Utanmadan, çəkinmədən…

Fransa özünə sərf etdiyi üçün korsikalıları “fransız” saydığı halda, eyni zamanda öz maraqlarını təmin etmək üçün ermənilərdən daha çox erməni olmağa cəhd göstərir. Hər iki halda isə öz siyasətinin qaranlıq üzünü gün işığına çıxarır…

Sonda qeyd edək ki, Fransanın korsikalıları separatçı adlandırması bu ölkənin daxili məsələsi ola bilər, ancaq belə olan halda sözügedən düşüncədə olan dövlətin erməni separatçılara açıq dəstək verməsi ikiüzlülükdən başqa bir şey deyil.

Xatırladaq ki, Fransanın qərəzli, ermənipərəst mövqeyinə Azərbaycan dövləti müxtəlif səviyyələrdə ən düzgün və tutarlı cavabları hər zaman verib. Bunlardan ən yaddaqalan və önəmlisi isə dövlət başçısı İlham Əliyevin dilindən Fransa Senatı tərəfindən 2020-ci ilin noyabrın 25-də qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin qəbul olunması ilə bağlı səsləndirilib. Prezident İlham Əliyevin sözləri Azərbaycanın haqlı mövqeyinin təsdiqi və Fransanın ikiüzlü siyasətinin ifşası baxmından tarixi əhəmiyyətə malikdir:

“Əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə, versin, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir hissəsini onlara versinlər. Amma gəlib bizdən tələb etmək ki, tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu, hansı məntiqə sığır? Heç bir məntiqə, heç bir ədalətə sığmır. Sizin bizim torpağımızda nə işiniz var? Min kilometrlərlə məsafədə yerləşən ölkələr indi qanunlar qəbul edirlər, parlamentlər bu məsələni müzakirə edirlər. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz”.

Orxan Tağıyev

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir