Rusiya-Ukrayna müharibəsi: ABŞ-ın 800 milyon dollarlıq yardımı, Çinin ehtiyatı – TƏHLİL

Dünya

Rusiya-Ukrayna müharibəsinin 22-ci günündə rus ordusunun açdığı atəşlər Moskva üçün əsaslı dönüş yarada bilməyib, söhbət martın 17-nə olan vəziyyətin təsvirindən gedir.

Hazırda Ukraynada real mənzərənin sadə izahını belə verə bilərik:

– Şiddətli döyüşlər Mariupol və Xersonda gedir. Mariupol ətrafında Rusiya yeni ərazilər işğal edir və mülki obyektləri intensiv atəşə tutur. Xersonun da bəzi əraziləri Rusiyanın əlinə keçib;  

– Rusiya Mariupolda özünün təcavüz planlarına əlavə dəstək qazandırmaq üçün Qara dəniz sahili boyunca amfibiya əməliyyatı keçirə biləcək ehtiyat qüvvələrini cəmləməyi hədəfləyə bilər;

– Ukrayna ordusu Xarkov istiqamətində əks-hücum əməliyyatları icra edir;

– Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərində Ukrayna ordusunu dar bir əraziyə sıxışdırıb;

– Ukrayna qüvvələri Kiyevin şimal-qərbində bir neçə əks-hücuma keçərək Rusiya qüvvələrinin böyük hissəsinin məhvinə nail olub. Rusiya qüvvələri Kiyevin şimal-şərqinə doğru hücum əməliyyatları keçirmək üçün Kiyevi xaotik atəşə tutur. Ancaq Rusiya əvvəlki günlərin döyüş nəticələrinə əsasən, Kiyevə bir neçə istiqamətdən yaxınlaşa bilib;

– Sumıda isə vəziyyət Rusiyanın xeyrinə dəyişib – hazırkı durumda.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin gedişatı Moskvada müasir müharibə haqqındakı anlayışların zəif olduğuna dəlalət edir.

Rusiyanın müharibəyə cəlb etdiyi qoşunlar və texnikalar daha çox köhnə müharibə konsepsiyalarını göz önünə sərir, Rusiyanın əlində pilotsuz zərbə aparatları, tank əleyhinə təkmilləşdirilmiş silahlar və innovativ texnologiyalar yoxdur. Düzü, başqa, daha təhlükəliləri də var, məsələn, qitələrarası ballistik raketlər, kütləvi qırğın silahları, nüvə silahları, ən müasir hipersəs raketlər, amma bu tip müharibələrdə onların istifadəsi mümkünsüz kimi görünür.

Ukraynada isə müasir silahlar mövcuddur – pilotsuz zərbə aparatından tutmuş, tank və hava hədəflərinə qarşı ən müasir silahlara qədər.

Rusiya tankları və qırıcı təyyarələri sürpriz atəşlərlə qarşılaşır və Ukraynadakı silahların dəqiqliyi onların məhvini sürətləndirir. Bu temp Ukrayna qüvvələrinə fövqəladə möhkəmlik və döyüş gücü nümayiş etdirməyə imkan verir.

Ancaq Rusiya texnikalarının və sursatlarının hədsiz çoxluğunu da unutmaq olmaz ki, bu da Ukraynadakı qüvvələri tükəndirir və əlavə dəstəyə ehtiyac yaranır. Ağır iqtisadi təzyiqlər Rusiya, hərbi güc qarşısında müqaviməti davam etdirə bilməyəcəyi riski isə Ukrayna üçün sülh danışıqlarını aktual edir.  

Bununla belə, tərəflər arasında şiddətli döyüşlər davam edir, çünki Kiyev və Moskva danışıqlara daha güclü getməyi hədəfləyirlər.

NATO-nun hərbi cəhətdən məhək daşı olan ABŞ-ın Ukraynaya 800 milyon dollarlıq silah yardımı qərarı verməsi isə Qərbin danışıqlarda Rusiya üzərində diktəedici təsir yaratmaq imkanlarına hesablanıb. Bunun üçün təbii ki, strateji beyinlər düşünürlər ki, müharibə davam etməlidir – elə danışıqlar üçün.

ABŞ-ın Ukraynanı bu səviyyədə silahlandırması qlobal güc məkanında özünəməxsus strateji dəst-xətti ilə seçilən Çini də narahat edir. Bu mənada, Çin nə qədər təkzib etməyə çalışsa da, onun Rusiyaya silah ötürməsi haqda məlumatların həqiqiliyinə olan şübhələr aradan qalxır. Görünür ki, Çin özünü Rusiya ilə müttəfiqlik çərçivəsindən çıxarmaq niyyətində deyil, çünki ABŞ-ın bölgədə möhkəmlənməsi Çinin iqtisadi və hərbi qüdrəti üçün yeni təhdidlər deməkdir.

Aqşin Kərimov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir