Fransanın separatçı məntiqi özünə qarşı çevrilir – MÖVQE

Dünya

Fransanın Korsika adasında bir həftədən artıqdır ki, etiraz aksiyaları və iğtişaşlar davam edir.

Fransa bu iğtişaşları separatizm meyilləri kimi qiymətləndirir.

Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov Oxu.Az-a deyib ki, bu ilin aprel ayında Fransada prezident seçkiləri keçiriləcək.

“Bu cür hadisələr isə Fransa hakimiyyəti üçün seçkiqabağı narahatlıq yaradan mənbəyə çevrilir. Rəsmi Paris adada yaşayanlara muxtariyyət vermək fikrində deyil. Fransa deyir ki, muxtariyyət anlayışı dəqiqləşdirilməlidir”, – deyə deputat əlavə edib.

Fransa uzun illər Azərbaycan ərazilərindəki erməni separatçılara dəstək verən xətt yürüdüb – istər münaqişə, istərsə də postmünaqişə dövründə.

Eyni zamanda Fransa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə prezidentliyə namizədin – Valeri Pekresin – səfərinə yaşıl işıq yandırıb.

“Qarabağda separatçıları dəstəkləyən Fransa indi özü separatçı təhdidi ilə üz-üzə qalıb. Nəzərə alaq ki, ermənilər Qarabağa 19-cu əsrdə Çar Rusiyası tərəfindən köçürülüblər. Korsikada yaşayanların isə demək olar ki, hamısı adanın yerli xalqıdır. Fransa 18-ci əsrin axırlarında həmin ərazini işğal edərək öz ərazisinə qatıb”, – deyə Kamran Bayramov bildirib.

Millət vəkilinin sözlərinə əsasən, Fransa Korsikanı öz ərazisinə birləşdirdikdən sonra həmin ada xalqına bir çox vəd verib və yerinə yetirməyib.

“Fransa Korsikada təqiblər aparır, müstəqillik tərəfdarlarına qarşı həbslər həyata keçirir. Separatizmə dəstək verən Fransa özü bunun girovuna çevrilib. Fransa dünya separatizminə göstərdiyi dəstəyi öz ölkəsinə münasibətdə sərgiləmir. Nəticədə, Fransa ikili standartını ortaya qoyur”.

Deputat qeyd edib ki, Fransada kimin prezident olacağından asılı olmayaraq rəsmi Paris ikili standartlı siyasətini davam etdirəcək.

“Fransa erməni millətçilərinin beşiyi olan bir coğrafiyaya çevrilib. Bununla da dünya üzrə beynəlxalq hüququ pozan dövlət kimi tanınır”, – deyə deputat fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.