Svyatoslav Vakarçuk: “Sizin vasitənizlə bütün Azərbaycan xalqına müraciət etmək istərdim” – EKSKLÜZİV MÜSAHİBƏ

Dünya

Təkcə Ukraynada deyil, bütün dünyada tanınan, sevilən və dinlənilən “Okean Elzı” qrupunun lideri Svyatoslav Vakarçuk Rusiyanın Ukraynaya təcavüzündən sonra Ukraynanın bir çox bölgələrində olub.

O, Lvovdakı vağzalda məcburi köçkünlər üçün konsert təşkil edib, “Sənin müharibən deyil” mahnısını oxuyanda isə onun və müharibədən qaçan insanların gözlərindən yaşlar axıb.

Elə dünən Svyatoslav Vakarçuk Zaporojyedə həkimlərin hərbi əməliyyatlardan zərər çəkmiş uşaqların həyatını xilas etməyə çalışdığı uşaq reanimasiya şöbəsindən kadrlar nümayiş etdirib.

Svyatoslav Vakarçuk Oxu.Az-a müsahibəsində qeyd edib ki, hazırda Ukraynada tammiqyaslı müharibə gedir:

– Bu, İkinci Dünya müharibəsi kimidir, bombardman edirlər, yaşayış məntəqələri dağıdılır. Mariupol bir şəhər olaraq artıq mövcud deyil. Xarkovun mərkəzi artıq yoxdur, Çerniqov dağıdılır, bir çox kiçik şəhərlər məhv edilib. Rusiya ordusu məqsədyönlü şəkildə şəhərlərimizi dağıdır, torpaqlarımızı viran qoyur. Qadınlarımızı, uşaqlarımızı, qocalarımızı öldürürlər.

Onlar doğum evlərini, xəstəxanaları hədəf alırlar, orada hansısa mövcud olmayan yaraqlılardan bəhs edirlər. Ancaq bizə hücum etdilər! İnsanlar əlində silah torpaqlarını müdafiə edirlərsə, burada hansı yaraqlılardan söhbət gedə bilər?! Biz öz evimizdəyik, bizə hücum edirlər, raket, bombalar atırlar. Eyni zamanda Ukraynadan “denazifikasiya” istədiklərini deyirlər.

Beləliklə, demək istəyirəm ki, Rusiyada bugünkü nasizm İkinci Dünya müharibəsi nasizminin reinkarnasiyasıdır. Çoxları üçün bu çox güclü alleqoriya kimi səslənəcək, lakin Ukraynada əhalinin 95, bəlkə də 99 %-i belə hesab edir.

– Məşhur mahnılarınızı, o cümlədən “Sənin müharibən deyil” kimi təsirli mahnılarınızı yazanda təsəvvür edə bilirdinizmi ki, Rusiya ilə Ukrayna arasında belə genişmiqyaslı müharibə baş verəcək?

– Tam səmimi olacağam. Rusiyanın Ukraynaya hücum edə biləcəyi faktını xeyli əvvəl, onlar Gürcüstana hücum edəndə hiss etmişdim. Ancaq Rusiya rəhbərliyinin, Rusiya Prezidenti Vladimir Putinin indi bu böyüklükdə dəhşətli avantüraya qərar verəcəyi gözləmirdim. Görünür, mən dəlilik səviyyəsini düzgün qiymətləndirməmişəm. Amma bu mənim üçün şok olmadı.

Məncə, Putin strateji səhvə yol verdi. Rusiya bu müharibədən heç vaxt güclü ölkə kimi çıxmayacaq. Amma bu onların seçimidir, qoy cavab versinlər.

– Həmkarlarınızdan, deyək ki, başqa ölkələrin yaradıcı ziyalılarından dəstək hiss edirsinizmi?

– Sizdən bir qədər əvvəl Gürcüstandan yaxın dostum Nino Katamadze mənə zəng etdi. Gürcülər bizə çox dəstək olurlar. “Massive Attack” qrupunun solisti Robert Del Naja kimi britaniyalı musiqiçilər və bir çox başqaları yazıb zəng edirlər və təbii ki, bizi dəstəkləyirlər.

Bizim üçün hər bir ölkədən, istənilən yaradıcı insandan istənilən mənəvi dəstək vacibdir. Rusiya istisnadır.

Açıq deyəcəyəm, ruslardan bizə mənəvi dəstək azdır. “Facebook”da yazılar yazmaq, müharibə əleyhinə videolar dərc etmək üçün artıq gecdir. Milyonların qorxuya qalib gələrək küçələrə çıxması, müharibəyə etiraz etməsi lazımdır. Bu vəziyyətə yol verən ruslardır, təkcə Rusiya Federasiyası rəhbərliyinin deyil, onların məsuliyyətidir. Müstəqil sosioloji araşdırmalara görə, Rusiya vətəndaşlarının 70 %-i bu müharibəni dəstəkləyir, bu da onların məsuliyyət daşıması deməkdir.

Azərbaycan və azərbaycanlılar haqqında danışmaq istəyirəm. Mənim bir neçə azərbaycanlı dostum var və mən onların etdiklərini çox yüksək qiymətləndirirəm. Ukraynada Azərbaycan əsilli bir neçə böyük iş adamı çox kömək göstərir, külli miqdarda pul ayırır, humanitar yardımlar edir.

Biz sizin Ukraynada geniş şəkildə təmsil olunan SOCAR şirkətinə fövqəladə hallar və xilasetmə xidmətlərinin avtomobillərinin yanacağı ilə bağlı göstərdiyi köməyə görə çox minnətdarıq.

Çoxdandır ki, Bakıda olmamışam, amma büyün ukraynalılar kimi hiss edirəm ki, azərbaycanlılar bizim mövqeyimizi başa düşürlər. Bu, təkcə halına yanmaq deyil, xüsusilə qeyd edirəm ki, bu, başa düşməkdir və çox vacibdir. Sizin vasitənizlə bütün Azərbaycan xalqına müraciət etmək istəyirəm: Biz bunu yüksək qiymətləndiririk!

Maksimum dəstəyə ehtiyacımız var. Bizdəki müharibə, onun nəticəsi hamıya təsir edəcək. Əgər Rusiya Ukraynanın müqavimətini qıra bilsə (şəxsən mən buna inanmıram), o zaman Rusiya Federasiyası hamının üzərinə gedəcək.

Hisslərimi də sizinlə bölüşmək istəyirəm. Mən Azərbaycanı, Bakını, həqiqətən, çox sevirəm, sizin mədəniyyətinizi sevirəm. Ümid edirəm ki, müharibə bitəndə biz mütləq sizin ölkənizə gəlib mahnılarımızı səsləndirəcəyik.

Nair Əliyev

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir