Brüsseldəki qərarlar: NATO-nun Rusiya ilə açıq müharibəyə girməməsinin səbəbləri – TƏHLİL

Dünya

Brüsseldə NATO ölkələri liderlərinin sammitində Rusiya – Ukrayna müharibəsinə dair qəbul edilən qərarlar münaqişənin miqyasını daha da genişləndirəcək.

Əslində NATO-nun münaqişəyə girmədən Ukraynaya hərbi dəstəyi ağıllı və soyuq qərardır, çünki NATO-nun birbaşa münaqişə tərəfi olması əzəli qüdrətlərin baş-başa gəlməsi deməkdir ki, bunun da sonunu xaraba mənzərələrsiz təsəvvür etmək çətindir.

NATO dövlətləri baş bilənlərinin bugünkü qərarı da ehtiyatlı, ancaq Ukrayna ordusuna əhəmiyyətli dəstək baxımından önəmlidir.

Qərarda 3 ana xətt gözə çarpır:

1. NATO Ukraynanı silahlandırmağa davam edəcək

2. NATO Ukraynaya kiber təhlükəsizlik dəstəyi verəcək

3. Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiqi reallaşacaq.

Təbii ki, Avropa teatrında istər siyasi, istərsə də coğrafi mənada tektonik çatlar yaratmaq Rusiyanın planlarına daxildir, bu planın isə konkretliyinə dair hələ kəşfiyyat məlumatları mövcud deyil.

İqtisadi sferada süni manipulyasiyalar yaratmaq qabiliyyətindən məhrum olan Rusiyanın adekvat cavabı yalnız hərbi tədbirlər olacaq ki, bu da NATO-nu başqa cür sınağa çəkəcək. Yəni Ukraynadakı alovların üzərinə benzin tökülməsi Rusiyanı da, NATO-nu da imtahana çəkir, bu imtahanın ağırlığı altında isə Ukrayna əzilir.

Qərb-Rusiya hibrid müharibəsinin Ukraynaya vurduğu dözülməz ağrıları təsəvvürə gətirmək özü belə adamı dəhşətə salır, ancaq böyük strategiyalar öz mövcudiyyət və hegemonluğunu sübut edərkən belə sentimental hisslərə qapılmırlar.

NATO bu dəfə də Ukrayna səmasını Rusiya üçün qapalı elan etmədi, çünki bu, NATO-nun strateji mövqelərini legitim hədəfə gətirir. Ağıllı davranan Şimali Atlantik Müqaviləsi Təşkilatı ehtiyatını əldən vermir. Bu strateji qamət NATO-nun strateji vicdanından irəli gəlir, çünki Alyans üzv ölkələri təhlükə altına qoymaq niyyətindən xeyli uzaqdır.

Bu məsələni daha geniş şərh etmək lazımdır ki, beyinlərdəki sual işarələri götürülsün.

Fərz edək ki, NATO Ukrayna hava məkanını Rusiya üçün qapatdı, bu, o deməkdir ki, Rusiyanın reaktiv qırıcıları və hava hücumundan müdafiə sistemlərinin məhvinə fitva verilir. Bu ssenaridə qarşılıq da var, Rusiya da analoji addımlara gedər.

İkinci, bu ssenari Avropanın NATO-nun həsrətini çəkən ölkələri üçün də təhlükədir, söhbət İsveç və Finlandiyadan gedir. Nə İsveç, nə də Finlandiya NATO-nun Rusiya ilə müharibəyə girişməsini istəyir, çünki bu hal Rusiyadan onlara qarşı aqressiv addımları şərtləndirə bilər.

Üçüncü, NATO-nun Moskva ilə kəllə-kəlləyə gəlməsi digər regionlar üçün də təhlükə vəd edir, çünki Ukraynada tərəflərdən biri kozırı itirirsə, bu, digər regionlardakı “bombalar” partlaması üçün düymənin basılmasıdır.

Dördüncü, NATO-ya üzv olan ölkələrin xalqları müharibə ovqatında deyil, onlar 10 minlərlə hərbçinin ölümünü həzm edə bilməyəcəklər və Qərbə qarşı etirazlar dalğası başlayacaq.

Beşinci, NATO hələ Çinin Ukrayna müharibəsinə münasibətdə dəqiqliklə hansı nöqtədə dayandığını dəqiq bilmir, çünki Pekin sürüşkən siyasət yürüdür. Rusiya ilə müharibə həm də bu baxımdan təhlükəlidir.

Altıncı, Rusiyanın hansı halda nüvə silahından istifadə edəcəyi də NATO üçün qeyri-müəyyən olaraq qalır, çünki Rusiya ilə NATO-nun təhlükəsizlik anlayışları fərqlidir. 

NATO-nun hazırdakı qlobal missiyası Ukraynanı silahlandırmaqla Rusiyanın gücünü tükəndirmək, itkilərini çoxaltmaq və Rusiyanın mövcud hakimiyyətinin devrilməsinə daxili zəmin hazırlamaqdan ibarətdir. Ancaq hələ ki, NATO-nun bu strateji xəttinin inkişafı döl halındadır, həmin dölün hansı formada inkişaf edəcəyi isə gedişatlardan asılıdır.

Qlobal sabitlik və təhlükəsiziliyə dair nəzəri baxışlarla reallıq arasındakı dərin uçurum Qərb strateqlərini cilovlanmış siyasətə vadar edir, amma Rusiyanın məsələyə baxışı həmin çərçivələri aşır.

Ukraynadakı müharibənin nəticələrindən asılı olmayaraq Rusiyanın ərazi ekspansiyalarına marağını azaltmayacaq.

Ona görə də, Qərb elə bir xətt tutur ki, Rusiya ictimaiyyətində tarixdən süzülüb gələn imperiya düşüncələrini zəiflətsin, Qərbin planlarında Rusiyanı parçalamaq yox, onu hərbi cəhətdən sarsıdıb öz orbitinə sıxmaq dayanır.

NƏTİCƏ: NATO üzvlərindən birinə hücum olmayacağı təqdirdə, münaqişəyə qoşulmayacaq.

Aqşin Kərimov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir