Ukrayna Baş Qərargahı: “Dnestryanıdan Rusiyanın hücum təhlükəsi var”

Dünya

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Cənubi Buq istiqamətində hücum üçün Dnestryanı ərazidən istifadəsini istisna etmir.

Bu barədə Baş Qərargahın operativ məlumatında bildirilib.

Qeyd olunur ki, Rusiya əsgərlərinin əsas səyləri hücum əməliyyatına hazırlığa yönəlib, məqsədi Donetsk və Luqansk vilayətləri ərazisinə tam nəzarəti bərqərar etməkdir.

“Düşmən tərəfindən dəniz, hava və qurudan raketlərdən istifadə təhlükəsi hələ də davam edir. İşğalçılar şəhərlərin müdafiə kompleksinin obyektlərində, maddi-texniki infrastrukturda və yaşayış massivlərində yanğınlar törədirlər.

Eyni zamanda, düşmən Cənubi Buq istiqamətində taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır. Bu istiqamətdə hücum əməliyyatını dəstəkləmək üçün Dnestryanı-Moldova Respublikasının ərazisindən istifadə etməsi istisna edilmir. Təyyarələrin Tiraspol aerodromunda qəbul etmək üçün hazırlıq işləri aparılır”, – deyə məlumatda qeyd olunub.

Bildirilir ki, Donetsk istiqamətində düşmən öz bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa çalışır.

Həmçinin əlavə edilir ki, Rusiya işğalçıları beynəlxalq humanitar hüquqla qadağan olunmuş sursatlardan fəal şəkildə istifadə etməkdə davam edirlər.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması ötən gün ərzində 8 qanadlı raketi məhv edib. Hərbi Hava Qüvvələrinin aviasiyası Müdafiə Qüvvələrinin quru qoşunlarının hərəkətlərinə dəstək verməyə davam edib və işğalçı qoşunlara qarşı hava zərbələri endirib.

Mənbə: UNİAN

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir