Rusiya əsirliyindən xilas olan azərbaycanlı tələbə: “Elektrik cərəyanından daha çox qorxurdum” – MÜSAHİBƏ

Dünya

“Ən pisi odur ki, vücudunuzdan elektrik cərəyanı keçərkən, huşunuzu itirirsiniz, onlar isə üstünüzə soyuq su töküb yenidən işgəncə verirlər…”

Hüseyn Abdullayevlə müsahibəmiz məhz bu dəhşətli sözlərlə başladı.

20 yaşlı azərbaycanlı Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsidir. Martın 17-də evakuasiya zamanı rusiyalı hərbçilər tərəfindən əsir götürülüb. Aprelin 12-də uzun danışıqlardan sonra və Ukraynadakı Azərbaycan diasporunun səyi nəticəsində gənc xilas edilib.

O, Media.Az-a müsahibəsində yaşadığı dəhşətdən danışıb.

– Nə vaxtdan Ukraynada yaşayırsınız?

– Mən Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsiyəm. Ukraynaya ilk dəfə 2019-cu ildə gəldim, elə o vaxt universitetə ​​daxil oldum. İlk iki ili qiyabi oxudum.

– Niyə qiyabi?

– Pandemiyaya görə. Vəziyyət bir az stabilləşəndən sonra təhsilimi əyani davam etdirmək qərarına gəldim. 21 avqust 2021-ci ildə Mariupola qayıtdım.

– Mariupol Rusiya işğalından ən çox əziyyət çəkən şəhərlərdən biridir…

– Haqlısınız… Bütün çətinliklərə baxmayaraq, bir-birimizə kömək etməyə çalışırdıq. Mariupol yardım mərkəzində könüllülərə dəstək verirdim: yemək daşıyırdım, bomba sığınacaqları hazırlığında kömək edirdim… Martın 17-də vəziyyət pisləşəndə ​​aydın oldu ki, təxliyə lazımdır. İnsanlar öz maşınlarında gedirdilər, mənim maşınım olmadığı üçün yerli sakinlərdən biri məni də özləri ilə çağırdı. Berdyanskdan bir qədər aralıda bir neçə keçid məntəqəsini keçdikdən sonra rusiyalı hərbçilər tərəfindən saxlanıldıq.

Sənədləri yoxlamağa başladılar. Sonra hərbçilərin başqa bir maşını yaxınlaşdı, hamımızı çıxartdılar və alt paltarlarımıza qədər soyunmağı əmr etdilər.

– Nə səbəbə?

– Tatuirovkalara baxırdılar. Bizim maşının sürücüsünün qolunda xərçəng döyməsi var idi. Bu, hətta nə hərbi, nə də vətənpərvərlik döyməsi deyildi, amma onların xoşlarına gəlmədi. Geyinməyimizə imkan verməyərək bizi avtomatın qundağı ilə döyməyə başladılar. Şaxtalı havaya baxmayaraq, başımıza nə gələcəyini anlamadan tamamilə çılpaq dayanmışdıq. Bir müddət sonra bizdən geyinməmizi istədilər, sonra hərbçilərlə KamAZ maşını gəldi, hamı formada, qara maskada idi. Əllərimizi burdular, qandalladılar və maşına mindirdilər.

– Hara aparıldınız?

– Həmin vaxt bilmirdik, naməlum istiqamətə… Yalnız gələndə anladıq ki, istintaq təcridxanasındayıq.

– Azərbaycan vətəndaşı olduğunuzu dediniz?

– Dərhal. Hətta bunu təsdiq edən bütün sənədlər əlimdə idi. Amma buna baxmayaraq, məni də əsir götürdülər.

– Onlarla hansı dildə ünsiyyət qururduz?

– Qırıq rus dilində, bir sözlə, bacardığım qədər danışırdım…

– Valideynləriniz əsirlikdə olduğunuzu haradan bildilər?

– Yanımda mobil telefon var idi. Əvvəlcə mənə dostlarım – Ukraynadakı diasporumuzun nümayəndələri zəng vurdu. Amma bizi əsir saxlayan kadırovçular zəngə özləri cavab verdilər. Dedilər ki, mən əsirlikdəyəm. Bundan sonra mətbuatda məlumat sürətlə yayıldı, müvafiq olaraq valideynlərim də xəbər tutdu.

– Sizə telefonla danışmağa icazə verildi?

– Cəmi iki dəfə valideynlərimlə danışa bildim.

– Neçə gün əsirlikdə olduz?

– Ümumilikdə 25 gün orada qaldım.

– İstintaq təcridxanasına aparılandan sonra nə baş verdi?

– Çeçen komandir mənə yaxınlaşdı.

– Çeçen olduğunu necə bildiniz?

– Zahiri görünüşünə görə, üstəlik, formasında Çeçenistan bayrağı vardı. Əllərimə baxdı və hərbçi olduğumu bildirdi. Əvvəlcə onun niyə belə qənaətə gəldiyini başa düşmədim, Mariupolda su olmadığından gigiyenanı qorumaq üçün şəraitin olmaması səbəbindən dırnaqlarımın altında kir olduğunu izah etməyə başladım. O, heç məni dinləmədi və kameraya yolladı…

– Sonra nə oldu?

– Ardımca gəldi, yenə məcbur etdi alt paltarıma qədər soyundum, yenə döymə axtarırdı… 15-20 dəqiqə çılpaq dayandım. Çox soyuq idi… Sonra geyinməyimə icazə verdi və getdi. Bir saatdan sonra qayıdıb məni işgəncə kamerasına apardılar.

– İşgəncə?

– Bu dəmir stul və elektrik cərəyanı ilə işgəncə aparatı olan kiçik otaq idi. Məni otuzdurub əllərimi bağladılar. Suallar verməyə başladılar, əvvəlcə mənəvi təzyiq göstərdilər, məni “Azov” alayının əsgəri olduğumu etiraf etməyimə çalışdılar. Tələbə olduğumu təkidlə deyirdim. Onlara heç nə sübut edə bilməyəcəyimi və rus dilini zəif bildiyim üçün onları çox zəif başa düşdüyümü anlayandan sonra tərcüməçi gətirməyi xahiş etdim. Bir azərbaycanlıya zəng etdilər, ona hər şeyi dedim, amma yenə də mənə inanmadılar.

– Onların arasında azərbaycanlılar da var idi?

– Bəli, Dərbənddən olan azərbaycanlılar.

– Niyə sizə işgəncə verdilər? Axı sadəcə tələbəsiniz…

– Məni hədələməyə başladılar ki, yaxşı mənada danışmaq istəməsəm, pis olacaq. Əl və ayağımda baş barmaqlarıma aparatı qoşdular və ağrılı elektrik şokları verməyə başladılar. Məndən hərbçi olduğumu etiraf etməyimi istəyirdilər. Ancaq deyəcək bir şeyim yox idi, onlara yalan danışmadım, axı sadəcə tələbəyəm…

– Sizə nə qədər tez-tez işgəncə verilirdi?

– Hər gün. Martın 21-i mənim ad günüm idi və bütün günü mənə işgəncə verdilər. Razılıq əldə olunandan və azad olunmağımdan cəmi 5-6 gün əvvəl işgəncə dayandırıldı. Artıq elektroşok vermirdilər, amma döyməyə davam etdilər… Bir qayda olaraq, 10-15 nəfəri birdən döydülər. Amma bu, ən pisi deyil, mən elektrik cərəyanından daha çox qorxurdum.

Bir qayda olaraq, elektrik cərəyanı ilə işgəncə 20-30 dəqiqə, döyülmə isə bir saat davam etdi. İşgəncə gündə üç dəfə təkrarlanırdı. Elə oldu ki, huşumu itirirdim, üstümə soyuq su töküb, işgəncəyə davam edirdilər.

– Kamerada neçə nəfər idiniz?

– Mənimlə birlikdə Mariupol Fövqəladə Hallar Nazirliyinin mayoru Serqey Nazarov, zavodlardan birinin işçisi Edik Rostov və könüllü Aleksey Lustov əsir götürülmüşdü.

– Onlarla necə davrandılar?

– Onları daha da pis incidirdilər. Xüsusilə könüllünü. Gənçin ayağında döymə olduğuna görə onu o qədər vurdular ki, ayağı çox şişdi. Onun ürəyində problemlər var idi, tutması tutdu, ona kömək etməyə çalışdım, bundan sonra məni daha pis döydülər. Bir qayda olaraq, üzə vurmurdular, amma nədənsə bu, Edik Rostova aid deyildi. Biz onu görəndə üzərində salamat yer yox idi. Sergey Nazarovun bədənindən davamlı olaraq cərəyan keçirdi və bu lentə alınırdı.

– Təkcə Kadırovçular işgəncə verirdi?

– Yox, Dağıstandan da ruslar var idi. Dediyim kimi, onların arasında Dərbənddən olan azərbaycanlılar da var idi. Bilirsiniz, elə oldu ki, mən artıq sağ çıxa biləcəyimə ümidimi itirdim. Bir dəfə pulemyotu üstümə tuşlayıb məni hədələməyə başladılar, əvvəlcə başıma, sonra dizimə qoydular və ömrümün sonuna qədər əlil olacağımla hədələdilər. Qışqırdılar ki, etiraf etməsəm, məni vuracaqlar…

– Sizinlə bir kamerada olanların taleyindən xəbəriniz varmı?

– Edik Rostov məndən əvvəl buraxıldı, onu Krıma göndərdilər. Bizə belə dedilər. Bunun doğru olub-olmadığını dəqiq bilmirəm. Ola bilsin ki, öldürülüb. İnanmıram ki, onları sağ qoyalar… Bilirsiniz, başqa kameralardan insanlara necə işgəncə verdiklərini eşidirdim, yazıqlar ağrıdan qışqırırdılar, sonra sadəcə güllələnirdilər və sükut çökürdü…

– Nə vaxt bildiniz ki, sizi azad edirlər?

– Aprelin 12-də səhər mühafizəçi gəldi, məni müdirin yanına apardı, dedi ki, Ramazan ayı münasibəti ilə buraxılıram.

– Zaporojyedə diasporumuzun nümayəndələri sizi gözləyirdilər. Oraya necə çatdınız?

– Hərbçilər məni martın 17-də saxlandığım məntəqəyə apardılar. Sonra maşın saxladılar, orada ukraynalı ailə var idi. Məni də onların yanına əyləşdirdilər, çünki Zaporojyeyə gedirdilər. Məni buraxmazdan əvvəl rəis nömrəsini verdi və yanına “V” hərfini yazdı. Dedi ki, əgər məni saxlasalar, hərbçilərə bu kağızı verim. Bunu eşitmək təəccüblü idi, çünki mənə işgəncə vermək üçün hər gün əmr verən o idi və özü də iştirak edirdi.

Keçid məntəqələrinin birində məni yenidən rusiyalı hərbçilər saxladılar, maşına mindirdilər, amma həmin çeçenin nömrəsini verdim və onunla danışdıqdan sonra yenidən buraxıldım. Daha sonra bəxtimdən Gürcüstan azərbaycanlılarının idarə etdiyi yük maşını saxlandı. Onlar məni Tokmaya qədər apardılar. Komendant saatı gəldiyi üçün yerli sakinlər bizə bir gün sığınacaq verdilər. Onlara minnətdaram, bizi yedizdirdilər, içizdirdilər. Səhər Zaporojyeyə yola düşdüm, orada məni diasporumuzun nümayəndələri qarşıladı. Sonra xəstəxanaya düşdüm. Siz soruşmazdan əvvəl deyim ki, özümü daha yaxşı hiss edirəm.

– Azərbaycana qayıtmaq fikriniz varmı?

– Yaxın gələcəkdə vətənimə getməyi planlaşdırıram.

– Təhsilinizi Azərbaycanda davam etdirəcəksiniz?

– Mən Ukraynanın müharibədə qalib gəlməsini istəyirəm. Belə olsa, qayıdıb Mariupolda təhsilimi davam etdirəcəyəm.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.