“Azovstal”dakı Ukrayna dəniz piyadalarının komandiri təslim olmaqdan imtina edib

Dünya

Mariupoldakı “Azovstal” metallurgiya zavodunda blokadaya alınan Ukrayna dəniz piyadalarının komandiri özünün və əsgərlərinin təslim olmayacağını bəyan edib. O, videomüraciətində silahı yerə qoymaqdan imtina etdiyini açıqlayıb.

36-cı Dəniz Piyada Briqadasının komandiri, mayor Sergey Volın qeyd edib ki, onun əsgərləri “bu məsələləri həll edənə qədər döyüş əməliyyatlarını aparmağa və döyüş tapşırıqlarını yerinə yetirməyə” davam edəcəklər.

Volın dünya liderlərinə, xüsusən də ABŞ prezidenti Co Baydenə müraciət edərək üçüncü ölkələrə təxliyənin həyata keçirilməsinə və Ukrayna Silahlı Qüvvələri əsgərlərinin, həmçinin də Mariupolu tərk edən mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsinə çağırıb. Onun sözlərinə görə, çətin vəziyyət yaranıb, zavodda 500-dən çox yaralı ukraynalı, yüzlərlə mülki şəxs var, dərman preparatları isə yoxdur.

“Biz çox ümid edirik ki, prezident Bayden bizi eşidəcək və vəziyyətin həllinə köməklik göstərəcək. İnanırıq ki, o, həqiqətən də qısa zamanda bu vəziyyətə təsir göstərə biləcək və həllinə nail ola biləcək nadir insanlardan biridir”, – deyə Volın qeyd edib.

Mənbə: Rambler.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir