Ermənistan polisi sərt müdaxiləyə başladı: Saqatelyan itaətsizlik aksiyasının dayandırıldığını açıqladı

Dünya

Ermənistanda hakimiyyətin müxalifətin aksiyalarına müdaxiləsi daha sərt xarakter almağa başlayıb.

Belə ki, hətta erməni mətbuatında bunun səbəbləri də araşdırılıb. “Past” qəzeti aksiyaların hakimiyyətdə ciddi narahatlıq yaratdığını bildirib.

Hakim partiyanın bir sıra üzvləri aksiyalarla güc yolu ilə “mübarizə” aparmağı təklif ediblər. Digərləri isə bu cür yanaşmanın əhalini müxalifət ətrafında birləşdirəcəyini qeyd ediblər. Hakimiyyətdə hətta hadisələrin “qan tökülmədən” sakitləşməyəcəyi fikrini dəstəkləyənlər də az deyil.

Qəzetin iddialarını təsdiqləyən addımlar isə artıq bu gündən etibarən özünü göstərməyə başlayıb. Belə ki, bu gün yayımlanan kadrlarda polisin müxaliflərə qarşı ötən günlərlə müqayisədə olduqca sərt rəftarı diqqət çəkib. Hətta etirazçılardan birinin saxlanılarkən qolunun sındırılmasına dair informasiya da mövcuddur.

Üstəlik, Ermənistan hakimiyyətinin artıq bu cür rəftarın faydasını gördüyünü də söyləmək olar. Çünki müxalif, “Müqavimət” hərəkatının liderlərindən biri olan İşxan Saqatelyan bu gün itaətsizlik aksiyalarının dayandırıldığını açıqlayıb. O, müxalifətin axşam mitinqlərinə hazırlaşdığını qeyd edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir