Ərdoğan: “Can Azərbaycanda həqiqətən qürurverici bir gün keçirdik”

Dünya

Türkkyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verib.

O, səfərini “qürurlu bir gün” kimi qiymətləndirib.

“Dəyərli qardaşım Prezident İlham Əliyevin dəvəti ilə etdiyimiz səfəri uğurla başa vurduq. Can Azərbaycanda həqiqətən qürurlu bir gün keçirdik. Azərbaycanlı gənclərimizin həyəcanı, həvəsi, orada gördüyümüz mənzərə bizi çox, çox sevindirdi.

“Bir millət, iki dövlət” şüarı ilə Bakıda yeni bir festival ənənəsinə başlamaq bizi həyəcanlandırdı. Biz Azərbaycanın 28 May Müstəqillik Gününü möhtəşəm bir hadisə ilə qeyd etdik.

Türkiyə xaricində ilk dəfə Can Azərbaycanda təşkil edilən TEKNOFEST-in təqdim etdiyi texnologiya ziyafətinin bütün iştirakçıların könlünü fəth etdiyini gördük. Gələcəyimizin təminatı olan gənclərimizin festivala olan böyük marağı bizi xüsusilə sevindirdi. Professorumuz Doktor Aziz Sancarın orada olması TEKNOFEST-ə fərqli bir rəng qatdı.

Azərbaycanlı gənclərimizin çalışdıqları elm və texnologiya layihələri ilə komanda ruhunda yarışlarda iştirak etmələri bizi hədsiz qürurlandırır. “Türk Ulduzları”, “Solotürk”, “Hürkuş”, “Akıncı”, TB2 Bakı səmasında əyani şou təqdim etdilər.

Sənaye və Texnologiya nazirliklərimiz arasında rəqəmsal transformasiya və texnopolis sahələrində əməkdaşlığı təkmilləşdirəcək iki mühüm saziş imzalanıb. Festivalda ölkəmizin öz sahələri üzrə 50-yə yaxın aparıcı şirkəti iştirak edib. Müdafiə sənayesi şirkətlərinin sərgilədiyi milli və yerli məhsullarımız böyük maraqla qarşılanıb.

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin nümayəndə heyətlərinin bu festivalda iştirak etməsi bizi çox sevindirdi. Biz də TEKNOFEST-in bütün türk dünyasını elm və texnologiyada bir araya gətirən bir platforma olmasını istəyirik. Qarşıdakı müddətdə festivalımızı digər dost və müttəfiq ölkələrdə də təşkil etməyi qarşıya məqsəd qoymuşuq.

Layihələri ilə TEKNOFEST-ə qatılan gənclərimiz sabahın pilotsuz uçuş aparatlarını, süni intellekt və rəqəmsal texnologiyaların dizaynını və istehsalını həyata keçirən alimlər olacaqlar. Müdafiə sənayesində ən qabaqcıl milli texnologiya və proqram sistemlərini birlikdə istehsal edən tərəfdaşlıqlar qurmağı hədəfləyirik. Şuşa Bəyannaməsi ilə münasibətlərini müttəfiqlik səviyyəsinə çatdıran iki qardaş ölkə olaraq ümid edirəm ki, biz birlikdə daha çox layihələrə imza atacağıq.

Bu il biz də Türkiyə-Özbəkistan münasibətlərini “hərtərəfli strateji tərəfdaşlıq”, Türkiyə-Qazaxıstan münasibətlərini isə “gücləndirilmiş strateji tərəfdaşlıq” səviyyəsinə yüksəltdik. Bildiyiniz kimi, mən hal-hazırda Türk Dövlətləri Təşkilatının müddətli sədriyəm. Bu kontekstdə elm və texnologiya iqtisadi əməkdaşlıq, təhsil, ətraf mühit və enerji kimi üstünlük verdiyim mövzulardır.

Səfərim zamanı biz cənab Əliyevlə əla ikitərəfli münasibətlərimizi və Qarabağ zəfərindən sonra regionumuzdakı vəziyyəti nəzərdən keçirdik. Nümayəndə heyətimdəki nazir həmkarlarım da həmsöhbətləri ilə məhsuldar görüşlər keçirdilər ki, bu da gələcək dövr üçün əməkdaşlığımızı gücləndirəcək.

Nəqliyyat əlaqələrinin qurulması, urbanizasiya və Qarabağın istehsal dünyası ilə reinteqrasiyasına dəstəyimiz davam edəcək. Müvafiq qurumlarımız şirkətlərimizlə birlikdə kənd təsərrüfatı torpaqlarının bərpası üçün azərbaycanlı həmkarları ilə birgə fəaliyyətlərini davam etdirəcəklər. Bununla da azərbaycanlı qardaşlarımızın illərdir həsrətində olduqları ata-baba torpaqlarına qovuşmasına öz töhfəmizi vermiş olacağıq.

Digər tərəfdən, Qarabağ zəfəri ilə Qafqazda yeni dövr başlayıb. Bu qələbə bizim ümumi coğrafiyamızda davamlı sülhün və hərtərəfli normallaşmanın qarşısında duran maneələri aradan qaldırdı. Hesab edirik ki, bu tarixi fürsəti əldən vermək olmaz. Azərbaycan və Ermənistanın öz aralarında olan məsələlərin birbaşa həlli istiqamətində atdığı addımlardan məmnunuq.

Türkiyə olaraq biz tərəflərin sərhəd məsələlərinin həlli, sülh müqaviləsinin bağlanması, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərini dəstəkləyirik. Bu səylərin uğuru bizim hamımızın, bütün regionumuzun xeyrinədir. Sərhəd komissiyalarının mayın 24-də ilk iclasını keçirməsi və Zəngəzur dəhlizində irəliləyişin əldə olunması xüsusilə sevindirici haldır. Biz də Ermənistanla münasibətlərimizin normallaşması prosesini səmimiyyətlə aparırıq.

Biz regionun təhlükəsizliyi və rifahı naminə Azərbaycanla həmrəyliyimizi artırmağa davam edəcəyik. Qardaşımla birlikdə inşallah iki ölkənin dostluğunu, əməkdaşlığını hər sahədə zirvələrə daşıyacağıq. Rəbbim yolumuzu açıq eləsin, qismətimizi.

Mən qardaşımın simasında bizi hərarətlə qucaqlayan Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. TEKNOFEST Azərbaycan-ın uğurla həyata keçirilməsinə dəstək verən Azərbaycan hakimiyyətini, nazirliklərimizi, şirkətlərimizi, rəsmi qurumlarımızı və T3 Fondunu səmimi qəlbdən təbrik edirəm”, – deyə Ərdoğan bildirib.

Mənbə: “Haber Global”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir