Donetsk vilayətinin rəhbəri: “Düşmənin məqsədi iyunadək Kramatorsk və Slavyanskı ələ keçirmək idi” – FOTO

Dünya

“Son bir ayda Donetsk vilayətində Liman şəhəri istiqamətində dəyişikliklər var. Həmin istiqamətdə düşmən Slavyanska daha da yaxınlaşıb. Bununla belə, bütün əsas mövqelərdə ciddi dəyişikliklər baş verməyib”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Donetsk vilayəti hərbi dövlət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

O qeyd edib ki, Rusiya silahlı qüvvələri Donetsk vilayəti istiqamətində hücumlar həyata keçirsə də, demək olar ki, heç bir uğur əldə etməyib:

“Taktiki baxımdan Ukrayna Silahlı Qüvvələri mühasirəyə düşməmək, canlı qüvvəni qoruyub saxlamaq və Donetsk vilayətini müdafiə etmək məqsədilə yenidən qruplaşdırmaq üçün qonşu Luqansk vilayətinin Lisiçansk şəhərindən geri çəkilib. Biz hazırda Donetsk vilayətinin müvəqqəti mərkəzi olan Kramotosk şəhərindəyik. Halbuki, düşmənin strateji məqsədi iyun ayınadək Slavyansk və Kramatorsku ələ keçirmək idi. Bu səbəbdən, hazırkı vəziyyət Ukrayna Silahlı Qüvvələrinin nizam-intizamından və peşəkarlığından xəbər verir”.

P.Kirilenko vurğulayıb ki, humanitar vəziyyət nəzarət altındadır:

“Vilayətdə əsas problem qaz təminatının tamamilə olmaması ilə bağlıdır. Buna səbəb, aktiv hərbi əməliyyatlar zonasında qaz xəttinin vurulmasıdır. Təmir işləri yalnız cəbhə xətti geri çəkildikdən və qaz xəttinin keçdiyi ərazi qismən azad edildikdən sonra mümkün olacaq. Qida məhsullarına və humanitar yüklərin daşınmasına gəlincə, bu baxımdan vəziyyət nəzarət altındadır. Su təchizatı olmayan şəhərlərdə, kəndlərdə və hətta ən kiçik yaşayış məntəqələrində yaşayan sakinlər üçün maşınlarla su daşınır. Qısamüddətli fasilələrlə olsa belə, elektrik enerjisinin təminatı həyata keçirilir. Vəziyyət, ümumilikdə, nəzarət altındadır. Lakin vilayəti əldə saxlamaq və düşmənin qarşısını almaq üçün əhalinin əsas yardımı təxliyə olmasıdır. Bu, ilk növbədə, dinc sakinlər arasında itki sayını minimuma endirməyə və əsas diqqəti müdafiənin təmin edilməsinə yönəltməyə imkan verəcək”.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir