“Cəmiyyətimizdə Fransanın regionda vasitəçi ola bilməyəcəyi ilə bağlı qəti mövqe formalaşıb” – RƏY + FOTO

Dünya

“Azərbaycan cəmiyyətində Fransanın heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməyəcəyi ilə bağlı qəti mövqe formalaşıb və Avropa İttifaqı, həmçinin bu müzakirələri dəstəkləyən digər ölkələr də bu mövqeyi nəzərə almalıdırlar”.

Bu sözləri “Report”a açıqlamasında siyasi ekspert Zaur İbrahimli deyib.

Ekspert bildirib ki, son vaxtlar Fransanın Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə Ermənistanın maraqlarını müdafiə edən tərəf kimi qoşulmağa cəhd etməsi Azərbaycan cəmiyyətində haqlı narahatlıq yaradır, çünki Paris faktiki olaraq Ermənistanın vəkili kimi çıxış edir.

Onun sözlərinə görə, oktyabrın 6-da Praqada dördtərəfli danışıqlar Azərbaycanın sülh gündəliyinin həm rəsmi İrəvan, həm də Brüssel tərəfindən qəbul edilməsi ilə əlamətdar oldu:

“Xüsusən, Azərbaycanın irəli sürdüyü beş prinsipin Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməli olması ilə bağlı yanaşma əsas götürüldü və rəsmi İrəvanla rəsmi Bakının bir-birinin ərazi bütövlüyünü tanıması barədə bəyanat verildi. Bu prinsiplər Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, ölkələrin bir-birinə münasibətdə suverenliyinə, ərazi bütövlüyünə qarşı hər hansı təhdiddən istifadə etməyəcəyi, ermənilərin heç bir ərazi iddialarının olmayacağı ilə əlaqədar hüquqi öhdəlik götürməsini nəzərdə tutur”.

Azərbaycanın irəli sürdüyü bu prinsiplərin Qafqazda dayanıqlı sülhün əldə olunması üçün möhkəm əsaslar yaradacağını vurğulayan siyasi icmalçı bildirib ki, bu, ölkələr arasında münasibətlərin beynəlxalq hüququn əsas götürülməsilə normallaşmasını ehtiva edir:

“Praqa danışıqlarının nəticələrinə görə deyə bilərik ki, əsas vasitəçi kimi çıxış edən Avropa İttifaqı, həmçinin prosesə dəstək verən ABŞ və Rusiya rəsmi Bakının bu sülh gündəliyi ilə razılaşıblar. Praqa görüşü 2021-ci il dekabrın 14-dən start götürən və Avropa İttifaqının vasitəçiliyi ilə həyata keçirilən müzakirələr prosesinin müsbət nəticələr verdiyini də nümayiş etdirdi.

Bununla belə son vaxtlar Fransanın Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə Ermənistanın maraqlarını müdafiə edən tərəf kimi qoşulmağa cəhd etməsi Azərbaycan cəmiyyətində haqlı narahatlıq yaradır, çünki Paris faktiki olaraq Ermənistanın vəkili kimi çıxış edir. Vasitəçilik mühüm beynəlxalq-hüquqi alət kimi ilk dəfə olaraq 1899-cu və 1907-ci il tarixli “Beynəlxalq toqquşmaların dinc həlli barədə” Haaqa konvensiyalarında təsbit edilərək, sonradan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VI fəslinin 33-cü maddəsində öz əksini tapıb.

Belə bir missiyanı öz üzərinə götürən beynəlxalq təşkilat, dövlətlər qrupu və ya konkret ölkə ilk növbədə beynəlxalq hüquqdan irəli gələn dövlət suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqillik prinsiplərini rəhbər tutmalıdır. Silahlı münaqişələrin həllini ehtiva edən fəaliyyətdə vasitəçi-dövlət danışıqlar və nizamlanma prosesində heç bir tərəfə üstünlük verməməli, onun obyektivliyini və qərəzsizliyini şübhə altına alan bəyanatlarla, çağırışlarla çıxış etməməlidir”.

Fransa rəhbərliyinin son otuz ildə və ATƏT-in Minsk qrupunda təcavüzkar Ermənistana açıq-aşkar dəstək verdiyini xatırladan ekspert bildirib ki, bu ölkə eyni zamanda 44 günlük Vətən müharibəsində İrəvanı bütün mümkün vasitələrlə müdafiə edib, BMT müstəvisində Azərbaycana qarşı təzyiq göstərməyə çalışıb:

“Bu davranış və siyasət beynəlxalq münasibətlərdə formalaşan vasitəçilik missiyası ilə tam ziddiyyət təşkil edir. Həmçinin, Ermənistanın erməni lobbisinin güclü təsiri altında olması da Parisin obyektiv mövqe tutacağı və qərəzsiz vasitəçilik missiyası yerinə yetirəcəyinə zəmanət vermir. Fransanın Türkiyəyə qarşı təşəbbüsləri dəstəkləməsi, Ankaranın əleyhinə iş aparması Azərbaycanla münasibətlərə təsirsiz qalmır və fransız diplomatiyası Azərbaycan və Türkiyəyə münasibətdə vahid mövqedən çıxış edir və hər iki ölkənin mövqelərinin zəifləməsi əsas hədəf kimi müəyyən edilib.

Bütün bunlar Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradır və Fransanın müdaxiləsi Aİ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqlarına da inamsızlıq yarada bilər. Azərbaycan cəmiyyətində Fransanın heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməyəcəyi ilə bağlı qəti mövqe formalaşıb və Avropa İttifaqı, həmçinin bu müzakirələri dəstəkləyən digər ölkələr də bu mövqeyi nəzərə almalıdırlar”.