Atom bombasını birinci kim atacaq, Rusiya, yoxsa Qərb?

Dünya

Kubra Məhərrəmova yazır…

Son aylar Rusiya tərəfindən səslənən nüvə ritorikası get-gedə daha böyük vüsət almağa başlayır. Hər dəfə bu təhdid daha dəqiq və əminliklə səslənir. Bu isə tələb olunan zaman Rusiyanın əlinin tətiyə, daha doğrusu “qırmızı düyməyə” basmaqda titrəməyəci anlamını da verə bilər. Putinin “Orada Rusiya olmayacaqsa, belə bir dünya nəyimizə lazımdır?” sitatı məcranın istənilən an, istənilən yerə dəyişməsindən xəbər verir desək yanılmarıq.

Hətta bir neçə gün əvvəl müasir dünyanın ən böyük avantüristi və milyardlarla sərvətə malik olan İlon Maskın da bu barədə “tweet” yazması baş verə biləcək bəşəri faciənin yaxın zamanda yaşana bilməsi ehtimallarını daha da dərinləşdirir. İlon Mask “tweet”ində qeyd edib ki, “Rusiya 30 dəqiqədən az müddətdə ABŞ və Avropanı nüvə raketləri ilə tamamilə məhv etmək imkanına malikdir və əksinə”. 

Təbii ki, milyardları olan adamların bu halda itirəcəkləri, mənim kimi heç nəyi olmayan adamla eyni olmasa da,  hamımız sonunda yaşamaq və özümüzdən sonra gələn nəslin daha sağlam və xoşbəxt yaşamasını arzu edirik. Düşünürəm ki, dünyanın bu başında yaşayan Kubranın arzuları, dünyanın o başında yaşayan İlon üçün də keçərlidir. 

Amma və lakin baş verənlər və verəcəklər hamımızı narahat edir.

Əvvəla ondan başlayım ki, tarixdə ilk dəfə nüvə silahından elə ABŞ özü istifadə edib. 1945-ci il 6 avqustda ABŞ hərbi hava qüvvələri tərəfindən “Balaca oğlan” (13-18 kiloton trotilə bərabər) adlı atom bombası Yaponiyanın Xirosima şəhərinə, həmin ilin 9 avqustunda isə “Gonbul” (21 kiloton trotilə ekvivalent olan) adlanan atom bombası Naqasaki şəhərinə atılıb. Xirosimada həlak olanların sayı 90-166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olmuşdur. İnsanlıq qarşısında edilən bu amansız hərbi addıma görə ABŞ hələ də Yaponiyadan üzr istəməyib, sivil insanların xüsusi amansızlıqla məhvinə görə məsuliyyətə cəlb olunmayıb. Bu iki atom bombasının Yaponiyaya atılması isə Yaponiyanın kapitulyasiyası ilə nəticələnmişdi. 

Qeyd edim ki, bu nüvə silahının hərbi məqsədlə tətbiq olunmasının hələ ki, yeganə nümunəsidir. Ümid edirəm ki, sonuncu olacaq. 

Bu gün rəsmi olaraq nüvə silahına malik olan 8 ölkə mövcuddur. Buna hətta “nüvə klubu” adı da verilib. 

ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya rəsmi olaraq nüvə silahına malik olduqları barədə məlumat veriblər. İsrailin isə hələ ki, nüvə silahına malik olub-olmaması ilə bağlı məlumat verilmir.

İran İslam Respublikasının da nüvə silahına malik olması barədə bir sıra ölkələrin kəşfiyyat məlumatı olsa da, bu barədə də dəqiq heç nə demək mümkün deyil. 

Əsas səkkizlikdən başqa CAR, (Cənubi Afrika Respublikası), Qazaxıstan, Ukrayna və Belorus da nüvə silahına malik olublar. CAR 1989-cu ildə könüllü olaraq nüvə arsenalından imtina edib. Qazaxıstan, Ukrayna və Belorus isə nüvə silahını 1991, 1992, 1994-cü illərdə Rusiyaya təhvil veriblər. 

Və burada maraqlı nüanslar üzə çıxır. 

Belə ki, SSRİ dağılanda Qərbi bir məsələ çox narahat etməyə başladı. Keçmiş bir nüvə dövlətinin yerinə, bir neçə nüvə dövləti meydana gəlirdi. Bu isə nüvə balansı üçün təhdid hesab olunurdu. Beləliklə də, Qərb nüvə silahının yenə də bir əldə toplanması üçün hərəkətə keçirdi. 

Bu barədə Ukraynanın ilk prezidenti Leonid Kravçukun mediaya maraqlı açıqlaması var. O qeyd edir ki,  1994-cü ildə Ukrayna ABŞ-nin təzyiqi ilə nüvə silahından imtina edib. Budapeşt Memorandumunun imzalanması qərarı da, ölkədəki ağır iqtisadi vəziyyət də təsir edib. 

Kravçuk bildirir ki, o vaxt ABŞ Ukraynanı nüvə silahından imtina etmədiyi halda ölkəyə iqtisadi sanksiyalar tətbiq edəcəkləri barədə hədələyib. 

O zaman Ukraynanın nüvə arsenalı bir sıra nüvə ölkələrinin arsenalından qat-qat çox idi. SSRİ-nin dağılmasından sonra Kiyev 1700 nüvə başlığına , 176 qitələrarası raket və 44 taktiki bombardmançı təyyarəyə malik idi. 

1994-cü ildə isə Kiyev, Moskva, London və Vaşinqton Budapeşt Memorandumunu imzalayırlar. Bununla da Ukrayna tərəfi öz ərazisində yerləşdirilmiş sovet nüvə silahlarından imtina edir. 

Ukraynanın keçmiş rəhbəri nüvə silahından imtinanı həm də, nüvə başlıqlarının təmin edilməsi üçün Ukraynada kifayət qədər vəsaitin və peşəkarların olmaması ilə əlaqələndirir. Amma bu gün geriyə baxanda aydın olur ki, Ukraynanın nüvə silahından imtina etməsi birbaşa Qərbin və ABŞ-nin təzyiqi ilə baş verməsinə şübhə qalmır.  

2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra Kiyev 1994-cü il dekabrın 5-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sammitində imzalanmış qondarma Budapeşt Memorandumunu yəqin ki, heç də yaxşı təəssüratlarla xatırlamır. 
Bu sənədin mətnində ABŞ, Böyük Britaniya və Rusiya Ukraynanın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmasını alqışlayıb, eyni zamanda onun müstəqilliyinə və “mövcud sərhədlərinə” hörmətlə yanaşmağa söz verib. Eyni memorandumlar eyni gündə Belarus və Qazaxıstan arasında da imzalanıb. 

Yəni bu o demək idi ki, Ukrayna heç nədən qorxmasın. Onun ərazi bütövlüyü və suveren sərhədlərinə heç bir xələl gəlməyəcək. Düşünürəm ki, bu gün rəsmi Kiyev aldadıldığının fərqinə vardı. Çünki 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaq edilməsi dünya birliyi tərəfindən, dünya gücləri tərəfindən heç bir əks-addım atılmadı. Rusiya ilə iqtisadi əlaqələr olduğu kimi qalmasa da, müəyyən qaydada davam etdi. 

Bu gün Ukraynaya milyardlarla hərbi məqsədlər üçün maliyyə ayıran Qərbin “uzaqgörənliyi” bəzən mənim kimi çox adi insanı təəccübləndirir. O zaman Ukraynaya “Əlində qranat olan meymun” deyən Qərb bu gün Rusiyanın nə hərbi, nə də nüvə təhdidindən qaça bilmir. 

Bir neçə gün əvvəl Fransa prezidenti Makronun “Rusiya Ukraynaya qarşı nüvə silahı tətbiq etsə, Fransa ona qarşı nüvə silahından istifadə etməyəcək. Bu, Fransanın nüvə doktrinasının müddəalarına uyğun gəlmir” deməsi, Fransanın riyakar mövqeyini açıq şəkildə ortaya qoyması Böyük Britaniyanın qəzəbinə tuş gəldi. 

Çünki Fransandan fərqli olaraq Böyük Britaniyanın siyasəti Rusiyanı nüvə silahından istifadəsindən çəkindirmək məqsədi daşıyıb. Böyük Britaniyanın müdafiə naziri Ben Ualles bildirib ki, “Bizim mövqeyimiz belədir ki, Rusiya nüvə silahından istifadə edərsə, bunun Rusiya üçün ağır nəticələri olacaq”. Bu ifadənin Rusiyanın küncə sıxıldığı halda nüvə silahından istifadənin çəkindirəcəyi isə sual altındadır. 

Putinin anons etdiyi nüvə silahları isə taktiki adlanır. ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı var. Taktiki nüvə başlıqları qanadlı və ya taktiki raketlər, habelə artilleriya mərmiləri kimi adi döyüş vasitələrinə yerləşdirilə bilər.

Lakin Rusiyanın daha qorxulu nüvə silahı da var ki, bu, resurslarda açıq olan “Çar bomba”sıdır (rus. Царь-бомба).  

Bu, sınaqdan keçirilmiş ən güclü nüvə silahı hesab olunur. Onun gücü 50-58 meqatona bərabərdir. Bu silahın Naqasaki və Xirosima şəhərlərinə atılan nüvə silahlarından 1350-1570 dəfə güclü olduğu deyilir. 1961-ci ildə sınaqdan keçirilən bu nüvə silahı SSRİ-nin ABŞ-yə güc nümayişi hesab olunur.  

Üstündən yarım əsr keçdiyi dövrdə ümid edək ki, Rusiyanın nüvə silahları paslanıb və əvvəlki gücə malik deyil. Ya da onlar rütubət və nəm çəkib. 

Əks halda kimin düyməni birinci basmasından asılı olmayaraq dünyanı hansı fəlakətin gözlədiyini təsəvvür etmək belə kədərlidir. 

Bu yerdə dahi Albert Eynşteyn dünyanın ən tanınmış fiziki və Nobel mükafatının sahibinin dediyi sözlər yada düşür, “Üçüncü dünya müharibəsinin hansı silahlarla aparılacağını bilmirəm, amma dördüncüsü dəyənək və daşla aparılacaq”.