Əfsanə qayıdır: İsrailin perspektiv xarici siyasəti, İrana qarşı sərt tətbiqlər, Azərbaycan mövzusu – TƏHLİL

Dünya

Tez-tez hökumət dəyişikliklərinin baş verdiyi İsraildə “Likud” partiyasının lideri, Binyamin Netanyahunun yenidən baş nazir postunda əyləşəcəyi gözlənilir.

Ölkədə keçirilən növbədənkənar parlament seçkisinin nəticələri cənab Netanyahu üçün düşərli oldu, belə ki, “Likud”, “Dini Sionist” Partiyası, Birləşmiş Tövrat Yəhudiliyi və “Şas”ın daxil olduğu Netanyahu bloku 61 yerlik həddi keçib və növbəti koalisiyanı qura bilmək hüququnu qazanıb.

Netanyahuya etimad İsrail daxilindəki ictimai-siyasi mövqe dəyişikliyinin indikatorudur, belə ki, nəticələr qarışıq sağçı mərkəz-solçu ərəb koalisiyasının bir il davam edən fəaliyyətindən sonra daxili auditoriyanın sağa doğru dəyişdiyinə işarə edir.

Netanyahunun əvvəlki baş nazirlik təcrübəsinin xarici siyasət istiqamətinin ümumi təhlili göstərir ki, o, İsrailin rəqiblərinə qarşı sərt xətt tərəfdarıdır. Bundan sonra da Netanyahunun baş nazirliyi təsdiqlənsə, İsrailin xarici güclərə və regional tərəfdaşlara münasibətlərindəki tarazlıq qabiliyyətini necə saxlayacağı maraq doğurur.

Çünki Netanyahu beynəlxalq nizamın üçüncü dünya müharibəsinə “hamilə” olduğu bir zamanda hakimiyyətə qayıdır, İsrail kimi güclü dövlətin təhdidlərin bərq vurduğu səmada hansı koordinatda dayanacağını Nentanyahunun şəxsi və siyasi iradəsi də müəyyən edəcək.

İsrail deyərkən birinci növbədə ona əks qütbdə dayanan İran göz önünə gəldiyindən bundan sonra düşmənçiliklə səciyyələnən Təl-Əviv-Tehran münasibətlərindəki təzyiqin hansı səviyyəyə qalxacağı sualı aktuallıq qazanır.

Təbii ki, İsrail-İran əlaqələrinin normallaşma mərhələsinə qədəm qoyacağı gözlənilmədiyindən bir-birinə düşmən kəsilən iki dövlətin maraq toqquşması kəskinləşəcək. Ancaq qənaət güclənir ki, vəziyyət İran üçün daha çətindir, son iki ildə İsrailin molla rejiminin kəşfiyyat fəaliyyətini ifşa etməsi və iranlı alimlərin öldürülməsi prosesi elə vüsət alıb ki, Tehran bunun öhdəsindən gəlməkdə acizdir.

Üstəgəl İranın daxilindəki qarışıqlıqlar, molla rejiminin taleyinin ipdən asılı qalması Netanyahu üçün dəyərli fürsətlərdir və mümkündür ki, Təl-Əviv Vaşinqtonla Tehran arasında imzalanması gözlənilən nüvə sazişini də sabotaj edəcək addım səslərini gücləndirəcək.

İsrail üçün həssas mövzu Ukraynadakı müharibəyə yanaşma tərzinin qalıcılığını təmin etməkdir, hərçənd ki, son zamanlar İranın kamikadze dronlarla Rusiyanı təchiz etməsi Təl-Əvivi narahatlıqlar içərisinə salır.

İsrail elə etməlidir ki, Rusiya ilə əlaqələrə xələl gətirmədən İranın Ukrayna müharibəsindəki hibrid iştirakını heçə endirsin.

Proqnoz vermək olar ki, Netanyahu Moskva ilə isti münasibətlərin mühafizə edilməsini prioritetləri siyahısında saxlayacaq və Kreml də jest olaraq İsrailə Suriya mövzusu ilə bağlı İranı hədəf alan bəzi güzəştlərə gedəcək.

Rusiya ilə İsrail Suriyada əks-cəbhədə olmalarına baxmayaraq, bir-birlərinə qarşı çıxan xəttə getmirlər, hətta düşünmək olar ki, İsrailin İran və “Hizbullah” mövqelərini vurmasına Moskva göz yumur və etiraz səsini ucaltmır. Hərçənd ki, Kreml də, Tehran da Bəşər Əsəd hakimiyyətinin qoruyucusudur.

Ona görə də Rusiya İsrailə “İranın mənə yardımçı olmasına maneə yaratma” deyə və əvəzində Təl-Əvivi Tehranın Suriyadakı kəşfiyyat fəaliyyətləri ilə əlaqədar məlumatlarla təmin edə bilər.

Rusiya-Ukrayna müharibəsinin İsrail üçün digər dilemması ABŞ ilə müttəfiqlik əlaqələrinin zədələnməməsidir. Netanyahu bunu nəzərə alaraq Rusiya ilə əvvəlkindən daha yaxşı işgüzar münasibətlər quracaq, bununla da Vaşinqton və Moskva arasında uğurlu manevrlər edəcək.

İsrailin “xarici pəncərəsi”ndə digər istiqamət ərəb ölkələri ilə münasibətlərin yenilənməsidir, Netanyahunun blokunda yer alan sağçı “Dini Sionist” partiyası ərəb dünyası ilə əlaqələrin genişləndirilməsinə üstünlük vermir.

Lakin İsrail artıq Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeşlə münasibətlərdəki buzları əritməyə nail olduğundan bu ölkələrə münasibətdə kəskin dəyişilmə müşahidə olunması gözlənilmir.

İsrail kimi Türkiyə də ərəb dünyası ilə əlaqələri dinamikləşdirir və bu nöqtə iki ölkənin maraqlarını kəsişmədən çıxararaq ortaq maraqlar platformasına doğru itələyir.

Bundan əlavə, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq və regional aktual proseslərdəki “İran izi”nə qarşı koordinasiya güclənib.

Həmin meyillər İsraillə Ankaranın əlaqələrinin dərinləşməsini stimullaşdırır, ona görə də Netanyahu baş nazir olacaqsa, Türkiyə-Təl-Əviv münasibətləri xoşagəlməz hallarla üzləşməyəcək.

Netanyahu obrazının siyasi təcəssümündən danışarkən Azərbaycan amilini kənarda saxlaya bilmərik. Nəzərə alınmalıdır ki, Netanyahu da Azərbaycanla əməkdaşlığa böyük önəm verir və onun əvvəlki baş nazirliyi dövründə Bakı ilə Təl-Əviv münasibətləri özünün yüksək səviyyəsinə çatıb.

Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlar da İsrail üçün cəlbedicidir, regiondakı Türkiyənin aktiv hərbi-siyasi iştirakı isə Bakı-Ankara-Təl-Əviv üçtərəfli əməkdaşlığını yaradacaq, İran isə bundan qıcıqlanan siyasətinə sadiqlik nümayiş etdirəcək.

Aqşin Kərimov